Sahibkarlıq subyektlərinə satış üçün yeni imkanlar yaradılır

Satış yerlərinə görə icarə haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

  İqtisadiyyatın güclü halqalarından biri olan liberal iqtisadiyyatın möhkəmlənməsi sahibkarlığın inkişafına bağlıdır və Azərbaycan dövləti bu sahədə daha yüksək nəticələrə nail olunması məqsədilə mühüm addımlar atır. Bu addımlar sırasında sahibkarlara dövlət dəstəyinin təmin edilməsi xüsusi yer tutur. Sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu günlərdə daha bir anlaşma memorandumunun imzalanmasına nail olub. Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Agentliyin məlumatında bildirilir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin direktorunun müavini Muxtor Şonazarov imzalayıblar. 

Memorandumda kiçik və orta biznes, qadın sahibkarlığı, dövlət-özəl tərəfdaşlığı, sahibkarlığın təşviqi və biznes subyektlərinin qanuni mənafelərinin müdafiəsi istiqamətlərində məlumat və təcrübə mübadiləsi, birgə təlim, seminar və konfransların təşkili və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Forum çərçivəsində keçirilmiş Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd edərək bunun biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkan yaratdığını vurğulayıb. 

KOBİA sədri KOB-ların dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, biznes əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı biznes-missiyaların və digər birgə tədbirlərin təşkilinə, eləcə də Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlərə dair məlumat verib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclasında hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər. Azərbaycanda kiçik və orta biznesin rəqəmsallaşma imkanlarının artmasına da önəm verilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hesab edir ki, bunun üçün ölkəmiz lazımi potensiala malikdir.   "2020-ci ildə "COVID-19-dan sonra: Şərq Tərəfdaşlığı ölkələrində biznesin rəqəmsal transformasiyasının sürətləndirilməsi" regional hesabatına əsasən, İƏİT Azərbaycanda şirkətlərin rəqəmsallaşmasına dəstəyin qiymətləndirilməsi aparılıb. 

"Azərbaycanda şirkətlərin rəqəmsallaşmasına dəstək" hesabatında Azərbaycanın son onillikdə hüquqi-normativ mühitdə islahatlar və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaradılması ilə KOB-un inkişafına institusional dəstəyin gücləndirilməsi yolu ilə KOB üçün biznes mühitinin yaxşılaşdırılmasında mühüm tərəqqiyə nail olduğu qeyd edilir. Lakin təşkilatın fikrincə, Azərbaycan məsələn, lazımi səviyyədə uzlaşdırılmış milli rəqəmsallaşma strategiyası həyata keçirməklə və ünvanlı maliyyə dəstəyi və konsultasiya xidməti vasitəsilə rəqəmsal KOB vasitələrinin tətbiqinə imkan yaratmaqla KOB-un rəqəmsallaşmasını daha da sürətləndirə və gücləndirə bilər. Qeyd edilir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı nümayəndəli demokratiya və sərbəst bazar iqtisadiyyatının prinsiplərini tanıyan inkişaf etmiş ölkələrin beynəlxalq iqtisadi təşkilatı olmaqla hökumətlərlə və vətəndaşlarla birlikdə faktiki məlumatlara əsaslanmış beynəlxalq standartların müəyyən edilməsi, bir sıra sosial, iqtisadi və ekoloji problemlərin həllinin axtarışı istiqamətində çalışır. 

  Kiçik və orta biznesin inkişafının təmin edilməsi məqsədilə bu günlərdə daha bir dəstək aksiyası keçirilib. Daha bir ticarət şəbəkəsinə daxil olan üç marketdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışına dəstək göstərilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, “Bravo” supermarketlər şəbəkəsinə daxil olan üç hipermarketdə bu məqsədlə daimi satış yerləri yaradılıb. Hazırda bu satış yerlərində 10-a yaxın mikro və kiçik sahibkarlıq subyektinin istehsal etdiyi çay, soyuq sıxım yağlar, sular və limonadlar, un, ədviyyat, bal, kofe, sirkə, quru meyvələr, konservləşdirilmiş turşular və sair məhsullar satılır. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Bravo”ya daxil olan hipermarketdə mikro və kiçik sahibkarların məhsullarının satışı üçün yaradılmış satış yeri ilə tanış olub. Bildirilib ki, KOBİA-ya daxil olmuş müraciətlərə uyğun olaraq sahibkarlıq subyektlərinin məhsullarının iri ticarət şəbəkələrində yerləşdirilməsi istiqamətində işlər davam etdirilir.

  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, ticarət şəbəkələrində sahibkarlıq subyektlərinə məhsullarının satışı üçün yer ayrılması təqdirəlayiq haldır: 

- Əvvəla bunu vurğulamalıyıq ki, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən, dövlət dəstəyi KOBİA tərəfindən təmin edilməlidir. 2022-ci ilin yanvar ayından etibarən KOBİA bu dəstəkdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlara şərait yaradır. Müraciət edənlərə ticarət şəbəkələrinin satış məntəqələrində - supermarketlərdə satış yeri ayrılır, sahibkarlıq subyektləri də istehsal olunan mal və məhsulları satışa çıxarırlar. Bu dəstək mexanizmi çərçivəsində müxtəlif ticarət şəbəkələrində 7 daimi satış yeri yaradılıb ki, burada 25-dən çox mikro və kiçik sahibkarın məhsulları satılır. İri ticarət şəbəkələrində məhsullarının satışını təşkil etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya elektron qaydada müraciət edə bilər. Bu dəstək çərçivəsində ticarət şəbəkəsində bir sahibkarın istifadəsinə verilən satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. KOBİA-dan bildirilib ki, müraciət edənlərin sayı və məhsula olan maraq nəzərə alınaraq satış sahəsindən istifadə müddəti daha 3 ay uzadıla bilər. Mikro və kiçik sahibkarlıq subyektlərinin istifadəsinə verilən satış yerlərinə görə icarə haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu, sahibkarlıq subyektlərinə ciddi bir dəstəkdir, istehsalın artırılmasına, keyfiyyət göstəricilərini yüksəltməyə təşviq edir. 

Biz daim bu fikri önə çəkirik ki, istehsalçının öz məhsulunu, ikinci, üçüncü tərəf – vasitəçi olmadan birbaşa bazara çıxarması vacibdir. Bu, istehsalçıya stimul verir. KOBİA-nın müəyyən ticarət şəbəkələrində sahibkarlıq subyektlərinə məhsullarını satışa çıxarmaq imkanı yaratması bu mənada müsbət addımdır və nəticə etibarilə liberal iqtisadiyyatın inkişafına xidmət edir.