
Millət vəkili: Media Forumu müasir çağırışlara cavabdır
Cənubi Qafqazda sülhə gedən yol Xankəndidən keçir
Azərbaycan dialoq və əməkdaşlıq strategiyasının xəritəsini hazırlayır
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir. Artıq 3-cü ildir keçirilən Şuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilib. Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatılıb. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunan 3-cü Forumun iştirakçıları Xankəndidə süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələr aparırlar. Beləliklə, tarixi Azərbaycan şəhəri Şuşa kimi Xankəndi də qlobal media məsələlərinin müzakirə olunduğu məkana çevrilib. Bu Forum, eyni zamanda, Xankəndi başda olmaqla bütövlükdə Qarabağın zəngin mədəni irsinin dünyaya təqdimatıdır. Budəfəki Forumda da Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandırdı. Sualların xarakterindən aydın oldu ki, beynəlxalq media mənsublarını həm Cənubi Qafqazda gedən geosiyasi proseslər, eyni zamanda, qlobal dünya gündəmini əhatə edən mövzular maraqlandırır. Habelə 30 illik işğala öz iradəsi və qətiyyəti ilə son qoyan qalib Azərbaycanın təcrübəsi xüsusi maraqla qarşılanır. Azərbaycan Prezidentinin qlobal siyasi lider kimi təcrübəsi də beynəlxalq medianın diqqət yetirdiyi əsas məsələlərdən biridir. Bu gün işğaldan əziyyət çəkən ölkələrin jurnalistləri Azərbaycan Prezidentindən uğur formulunu, siyasətin təməl prinsiplərini soruşurlar. Bu formul isə milli maraqların müdafiəsi, xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etməkdən ibarətdir. Bu, dövlətimizin başçısının qlobal siyasi Lider kimi nüfuzundan, Azərbaycanın bütün məsələlərə beynəlxalq hüquq və ədalət prinsiplərindən yanaşdığını bir daha təsdiqləyir. Prezident İlham Əliyev Qlobal Media Forumda çıxışı zamanı vurğulayıb ki, Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Dövlət başçısı bu ənənənin davam edəcəyinə ümid etdiyini bildirib: "Vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq, görərik ki, nə qədər çox dəyişikliklər baş verib".
Millət vəkili Azər Badamov Sherg.az-a açıqlamasında deyib ki, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi artıq ənənə halına çevrilən və sayca üçüncüsü baş tutan Şuşa Qlobal Media Forumunun budəfəki özəlliyi onun Xankəndidə keçirilməsidir. Deputatın sözlərinə görə, bu, olduqca qürurverici məqamdır:

"Vaxtilə bu torpaqlarda separatizmin kök salmasına baxmayaraq, Xankəndi indi dünyada müasir çağırışların carçısına, sülh mesajlarının yuvasına çevrilir. Qarabağ xalqları işğalla barışmazlığa, qətiyyətə və mətin olmağa səsləyir. Azərbaycana qarşı cəhd edilən mövcud kampaniyalar, bəzi dövlətlərin palatalarında əleyhimizə atılan addımlar fonunda məkanın da, zamanın da xüsusi önəmi var. Hadisələrin indiki axarında bu cür forumların keçirilməsi bir daha indiki mövqeyimizin və gələcək vizyonumuzun nədən ibarət olduğu haqqında aydın təsəvvür yaradır. Axı dövlət başçısı İlham Əliyev Forumda həm də lider olaraq başlıca prinsiplərini “obyektivlik, dürüstlük, xalqına və beynəlxalq tərəfdaşlarına yalan danışmamaq, güvən və inam” üzərində qurduğunu çatdırdı. Düşünürəm ki, Forumu xüsusi, tarixi, dünyəvi edən ən başlıca məsələ müzəffər liderimizin "Heç vaxt işğalla barışmamaq" deyərək verdiyi tövsiyəsi, tarixi mesajı, dünyaya səs salan bu fikri idi. Bir daha sübut olunur ki, xalqımız əzmkar xalqdır. Zəfərimiz dünya xalqlarına nümunədir. Qürurverici məqamdır ki, Liderimiz siyasi proseslərin hansı yönə əsdirildiyindən asılı olmayaraq qətidir, qorxmazdır, mərddir. Burada bir daha sübut olunur ki, böyük xalq, dahi lider amili bütün mənalarda harmoniya təşkil edir".
Parlament üzvü vurğulayıb ki, müasir dövrün tələbləri də, çağırışları da olduqca sürətli və ətaləti qəti sevməyəndir:
"Rəqəmsal olduğu qədər istənilən növ keçid xüsusilə də süni intellekt dövründə olduqca sürətli formada baş tutur. Bu baxımdan, həm də bu tələb və çağırışların bir hissəsi kimi siyasi düzən də, formalaşdırılan fikirlər də məhz beyin mərkəzlərində, bu cür forumlarda müzakirəyə çıxarılır. Suallara cavablar, həll variantları tapılmasında açıq müzakirələrə ehtiyac duyulur. Müasir dövrün çağırışları, dialoqdan, şəffaflıqdan əməkdaşlıqdan ibarətdir. Bu konstruktiv, əksi isə destruktiv yanaşmadır. Azərbaycanın da yanaşması məhz bu cürdür. Dövlət başçımızın daha bir ifadəsi xüsusilə diqqətimi çəkdi ki, bu da "Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq" fikri idi. Bu fikir bir daha ondan xəbər verir ki, Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı Forumda verilən mesaj o oldu idi ki, mövqeyimiz regionun iqtisadi baxımından dirçəlməsindən, siyasi baxımdan isə konfliktlərdən tamamilə uzaq olmasından ibarətdir. Cənubi Qafqaza sülh gəlməlidir, sülhü gətirən isə xalqımız, onun müzəffər lideridir".