Sensasion iddia: "Putin nüvə silahından istifadə etmək istəyib" - Psixoloji problemləri var

Rusiya ilə Ukrayna arasında davam edən müharibə planetin ən aktual mövzularındandır. Mütəxəssislər savaşı təkcə hərbi və siyasi cəhətdən təhlil etmirlər. Eyni zamanda hər iki dövlətin prezidentlərinin davranışları, atdıqları addımlar müzakirə olunur. Bir çoxlarının fikrincə Rusiya Prezidenti Vladimir Putinin "beli daşa dəyib". Əksəriyyət düşünür ki, Moskva indiyədək hərbi əməliyyatlardan qalib ayrıla bilməyibsə, bundan sonrakı proseslər onun əleyhinədir. Bunu dövlət başçılarının, həmçinin digər rəsmilərin ritorikaları ilə izah edənlər də var. Həqiqətən də, liderlerin çıxışlarındakı tezislər, bədən hərəkətləri və verdikləri sublimal mesajlar fərqlidir. Bəs bunlar nəyə işarədir?

Bu barədə tanınmış psixoloq, hərbi ekspert Azad İsazadə ilə həmsöhbət olduq:

- Hazırda Rusiya Prezidenti Vladimir Putinin müəyyən psixoloji problemləri olduğu deyilir. Sizcə, buna əsas var, yoxsa deyilənlər dezinformasiyadır?

- Fikrimcə, onun ciddi psixoloji problemləri var. Putin pandemiya dövründə kovidfobiya formasında psixoloji pozuntu qazanıb.  Mətbuatda yazılanlara inanıb Putinin onkoloji xəstə olduğunu da nəzərə alsaq onun ciddi psixoloji problemi olduğunu deyə bilərik. Çünki onkoloji xəstəlikləri steroidlə müalicə olunur. Steroid özü ilə aqressiyaya səbəb olur.

- Kovidfobiya nələrə səbəb olur?

- İnsanlar bu zaman yoluxmadan qorxduqları üçün təmasları dayandırırlar. Onlar özləri də bunun gülməli olduğunu anlayırlar, amma nəsə edə bilmirlər. Bu cür insanlar fobiyalarından yaxa qurtara bilmədikləri üçün hətta gülməli görünməyə də hazır olurlar. Onlar hətta ən yaxınları ilə təmasda da narahatlıq keçirdiklərinə görə mümkün qədər tək qalmağa üstünlük verirlər. Putinin həmkarları ilə uzun masa arxasında söhbət etməsi də onun psixoloji pozuntusundan xəbər verir. Belə adamlar bəzən günlərlə tək qalırlar. Ünsiyyətsiz qalmaq isə insana çox ciddi mənfi təsir edir.

- Müharibə bir az da davam etsə, Kreml hakimiyyəti aqressivləsib nüvə silahından istifadə edə bilərmi?

- Moskva istənilən vaxt buna əl ata bilər. Amma əvvəlcə Kreml bundan təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq. İkinci bir tərəfdən, bəlkə də, Putin indiyədək nüvə silahından istifadə etmək istəyib. Sadəcə işi icra edənlər əmrə tabe olmayıblar. Vaxt keçdikcə nüvə silahından istifadə riski azala bilər. Hələlik isə bu təhlükə kifayət qədər ciddidir. 

- Rusiya tanklarının üzərindəki "Z" işarəsi fərqli cür yozulur. Bəziləri bunu Zelinskiyə psixoloji təsir vasitəsi olduğunu iddia edirlər. Bir çoxları isə düşünür ki, bu, gələcək qələbəni simvollaşdırır. Sizin fikriniz necədir?

- Bu, ilkin mərhələdə sadəcə fərqləndirici işarə kimi qəbul edilirdi. Çünki ruslar bir neçə günlük qələbəyə ümid edirdilər. Lakin müharibə uzandı. İndi həmin işarələr əhəmiyyətsizdir. Ukraynalılar da öz tanklarına "Z" işarəsi vuraraq rusların arxasına keçə bilərlər. Odur ki, bu işarə indi daha çox təbliğat kimi qəbul edilir. Maraqlıdır ki, İkinci dünya müharibəsində Almaniyadakı bəzi diviziyalar da bu simvoldan istifadə edirdi. Rusların indi bu simvolu tanklarına vurmaları gülməlidir. Yəqin ki, gələcəkdə "Z" bütün dünyada elə rus faşizminin simvolu kimi qəbul ediləcək. 

- Müdafiə naziri Sergey Şoyqu ilə bağlı da müxtəlif iddialar səslənir. Fikrinizcə, hərbçilərlə hakimiyyət arasında müəyyən uçurum varmı, ya da bu, yaxın gələcək üçün gözlənilirmi?

- Bu barədə müzakirələr qismən azalıb. Çünki nazir yenidən görünməyə başlayıb. Şoyqunun vəzifədə olduğu müddət ərzindəki fəaliyyətinin "bəhrəsi" müharibədə göründü. Məlum oldu ki, Rusiya silahlı qüvvələrində müasir silahlar yoxdur. Bəzi texnikaların, ümumiyyətlə, döyüşə yararsız olduğu üzə çıxdı.  Nəticədə  Ukraynadakı rus ordusu tam təminatsız idi. Bu isə Şoyquya qarşı müxtəlif rəylər yaradırdı. Yəqin ki, indi Kremldə hazırkı durumun günahkarları  axtarılır. Rusiyanın iki böyük səhvi var. Bunlardan birincisi, kəşfiyyat xidmətinin zəif fəaliyyəti, ikincisi isə ordunun hazırlığının aşağı səviyyədə olmasıdır. İndi Kremldə, çox güman, FSB ilə ordu rəhbərliyi arasında mübarizə gedir: onlardan biri digərini ittiham edir. Tərəflər arasındakı qarşıdurmanın tədricən daha da güclənməsi mümkündür.  

- Putin mətbuatda, sosial mediada ukraynalı həmkarına nisbətən daha az görünən. Zelinskinin, demək olar, hər gün, Putinin isə təxminən həftədə bir dəfə xalqa müraciət etməsi psixoloji cəhətdən necə qiymətləndirilməlidir?

- Zelinski çox pozitiv obraz yaradıb. O, daim cəmiyyət lə əlaqədədir. Ümumiyyətlə, Ukrayna lideri olduqca kreativ davranır. Dövlət başçısının ayrı- ayrı nüfuzlu KİV- ə müsahibələri, beynəlxalq tribunalardan çıxışı bunu deməyə əsas verir. Ukrayna Prezidentini daim, hər yerdə alqışlayırlar. Bu isə onun uğurlu piar kampaniyası apardığını göstərir. İndiyədək Zelenskini aktyor, Putini sərkərdə kimi tanıyırdılar. Lakin məlum oldu ki, bunun əksi imiş. Ukrayna lideri qorxmur, Ali Baş Komandan kimi davranır, Rusiya Prezidenti isə bunkerdə gizlənir və ara- sıra formal çıxışlar edir. 

Yeri gəlmişkən, deyim ki, Zelinski açıq danışır. Putinin müraciətləri isə bürokratik səviyyə daşıyır.  Bu, əlbəttə, rəsmi Kiyevin qələbəyə daha yaxın, daha ümidli olması kimi başa düşülməlidir.