Hakim partiyanın namizədlər siyahısını gözləyirik
“Gənc deputatların çoxunun siyasətdən doğru-düzgün anlayışı yox idi”
“Qalstuk taxaraq efirlərdə quru-quru danışmaqla qanunvericilik fəaliyyəti eyni deyil axı...”
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib və növbədənkənar seçkilərlə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Həmçinin YAP-ın 21 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahı yaradılıb və onun tərkibi təsdiqlənib. Eyni zamanda iclasda partiyanın 77 nəfər səlahiyyətli nümayəndələri də təyin olunub. Ümumiyyətlə, Mərkəzi Seçki Komissiyası indiyədək üç partiyanın səlahiyyətli nümayəndələrini təsdiqləyib. Onlar REAL, Vətəndaş Həmrəyliyi və AĞ Partiyadır. Növbədənkənar seçkilər sentyabın 1-də keçiriləcək. Seçkilərdə siyasi partiyaların aktiv iştirakı gözlənilir. Seçki hazırlığı görən iddialı partiyalardan biri də AĞ Partiyadır.
"Sherg.az"ın seçki ilə bağlı suallarını cavablandıran AĞ Partiyanın sədri Tural Abbaslı hazırlıqların davam etdiyini, bir neçə gündən sonra neçə dairədən namizəd irəli sürüləcəyinin bəlli olacağını söyləyib...
- Tural bəy, partiyanızın seçki hazırlığı hansı müstəvidədir, proses necə gedir?
- Əvvəla onu deyim ki, parlament seçkisində iştirak iki formadadır. Birincisi, fərdi qaydada, şəxsi təşəbbüslə seçkiyə qatılmaqdır, ikincisi isə bütöv partiya halında seçkiyə getməkdir. Partiya kimi seçkidə iştirak kifayət qədər qəlizdir. Sənədləşmə məsələsi, qanuni prosedurlar çətindir və vaxt aparır. Bununla bağlı narazılığımızı dəfələrlə dilə gətirmişik, inşallah, qanunvericilikdə nəzərə alınar. Dövlət partiyaların seçkidə fəal iştirakında maraqlı olmalıdır. Sözümü ona gətirirəm ki, biz hazırda seçkiyə iki mərhələdə hazırlıq görürük. Partiya şəklində sənədlərimizi hazırlayıb MSK-ya təqdim edirik, həm də namizədlərlə bağlı sənədləşmə işini aparırıq, müvafiq sənədləri dairə seçki komissiyalarına veririk. Hardasa, 70-ə yaxın səlahiyyətli nümayəndənin adını MSK-ya vermişik və onlar artıq təsdiqlənib. Onlar qurumdan vəsiqələrini aldıqdan sonra namizədlərlə bağlı sənədləri dairə seçki komissiyalarına təqdim edəcəklər.
- AĞ Partiya neçə namizədlə parlament seçkisinə qatılmağı planlaşdırır?
- Konkret rəqəmi hələlik deyə bilmirik. Düzdür, bəzi partiyalar 5-10 namizədinin adını dərhal elan edirlər, amma baxırsan ki, iddialı deyillər. Bizdə isə proses canlı gedir. Məsələn, bu gün bir namizədi hansısa dairə üzrə açıqlayırsan, qısa zaman sonra dairəni dəyişdirmək məcburiyyəti yaranır. Həmçinin dairələr yenidən formalaşır, sərhədlərində dəyişiklik edilir. Başqa məntəqəyə düşən 3 dairə bir dairədə cəmləşdi və s. Bunların hamısı namizədin müəyyənləşməsində həlledici faktor rolunu oynayır.
- Hakim partiyanın da namizəd siyahısını gözləyirsizmi?
- Əlbəttə, YAP-ın da namizədləri mühüm amildir. Sabaha hakim partiya öz namizədlərini elan edəndə bizim ilkin siyahıda dəyişiklik zərurəti yarana bilər. Təkcə o deyil, eyni zamanda müttəfiq partiyaların da mövqeyini, hansı dairələrdən namizəd verəcəklərini öyrənməliyik. Namizədlərin şansları, imkanları da mühüm faktordur. Namizədləri ucdantutma açıqlamaq, sayını çoxaltmaq önəmli deyil. Çalışacağıq ki, 125 dairənin əksəriyyətində öz namizədimiz olsun. Prosesin gedişinə uyğun olaraq yekunda konkret neçə namizəd çıxaracağımızı açıqlayacağıq.
- Deputatlığa namizədliyinizi irəli sürəcəksinizmi?
- Bəli, bu məsələ də gündəmdədir. Artıq üçüncü dəfədir eyni dairədən namizəd olmuşam. Əvvəl 21 saylı Nəsimi birinci seçki dairəsi adlanırdı, indi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi hesab olunur. Həmin dairədən namizədliyimi verməyi düşünürəm.
- Yeni parlamentin formalaşmasının zərurətindən çox danışılır. Sizcə, müasir çağırışlara cavab verən yeni parlament necə formalaşmalıdır?
- Məsələ ondadır ki, hər cinahın özünə görə "müasir çağırışlar" anlayışı var. Bundan əvvəlki parlament seçkisi də növbədənkənar elan olunmuşdu. Gözlənilirdi ki, YAP namizəd siyahısında daha çox dəyişiklik edəcək. Amma elə olmadı. Sadəcə, 20-25 faiz dəyişiklik oldu. Bizə görə ən mühüm amil odur ki, parlamentdə siyasətin nə olduğunu bilən, bu sahədən anlayışı olan, siyasəti özünə peşə bilən, təcrübəsi olan insanlar təmsil olunmalıdırlar. Milli Məclisin qanunverici orqan olduğunu bilən şəxslər ora düşməlidir. Kimsə prestij, mandat, medal üçün, şəxsi mənafeyi üçün, yaxud qohum-əqraba içində özünü göstərmək üçün parlamentə can atmamalıdır. "Boşluqdu, pulum da var, gedib oturum parlamentdə" düşüncəsi aradan qalxmalıdır. Millətin taleyini həll edən qanunların yazıldığı, qəbul olunduğu yerdə təsadüfi adamlar olmamalıdır. Neft Akademiyasını bitirən gənc ürək həkimi işləyə bilərmi?! Bu, nə qədər absurddursa, təsadüfi adamların da Milli Məclisdə əyləşməsi o qədər qəbuledilməzdir.
- Parlament seçkiləri ərəfəsində "gənc-yaşlı nəsil" söhbətinə münasibətiniz necədir?
- Buraxılan parlamentdə gənclər var idi. Amma əksəriyyətinin keçmişində siyasi fəaliyyət gözə dəymirdi. Ümumiyyətlə, çoxunun siyasətdən doğru-düzgün anlayışı yox idi. Qalstuk taxaraq efirlərdə quru-quru danışmaqla qanunvericilik fəaliyyəti eyni deyil axı. 24 ildir siyasi fəaliyyətlə məşğulam. Bu müddət ərzində bütün növ seçkiləri, referendumu nəinki görmüşəm, iştirakçısına çevrilmişəm. Mən siyasətdə "yaşlı-gənc" amilini ən populist yanaşma formalarından biri hesab edirəm. Təcrübəli olmağın, işə can yandırmağın yaşla əlaqəsi yoxdur. Sizə deputat olmuş gənclərdən, yaxud yaşlılardan "n" qədər sitatlar gətirərəm ki, nə söylədiklərini özləri də bilmirlər. Paralel olaraq həm gənclərin, həm də yaşlı nəslin arasında nümunəvi şəxslər də kifayət qədərdir. Yaşından asılı olmayaraq, kimin təcrübəsi, peşəkarlığı, bacarığı varsa, ona imkan yaradılmalıdır. Məsələn, hazırda futbol üzrə Avropa çempionatı gedir və Portuqaliyanın 40 yaşlı ulduz oyunçusu K.Ronaldo 19 yaşlı gənc futbolçularla bir komandada oynayır. Niyə? Çünki Ronaldonun təcrübəsi, peşəkarlığı gənclərin enerjisi ilə vəhdət təşkil edir və ortaya möhtəşəm oyun çıxır. Parlamentdə də belə vəhdət təmin olunmalıdır. Ona görə də yaşa çox "takılmıram".
- Bəy, seçki sisteminin dəyişdirilməsinə ehtiyac varmı? Əksər partiyalar parlament seçkilərinin majoritar yox, həm də proporsional qaydada keçirilməsini təklif edirlər...
- Təbii. Mən də düşünürəm ki, seçki sistemi mütləq dəyişdirilməlidir. Majoritar seçki sistemi təkmandatlı sistem sayılır. Bu o deməkdir ki, kim istəsə, şəxsiyyət vəsiqəsini götürərək istənilən dairədən namizədliyini irəli sürə bilər. Şükür Allaha, sosial şəbəkələr geniş yayılıb, kapitalizm dövrüdür. Kimin pul-parası varsa, təbliğatını aparır, reklamını təşkil edir və mandat sahibi olur. Bu həm seçicilərin aldadılması, həm də Milli Məclisdə təsadüfi adamların olması deməkdir. Bu gedişlə sosial şəbəkədə yüzminlərlə izləyiciləri olan, tanınan blogerlər, yutuberlər də deputat seçilə bilər. Ancaq belə olmamalıdır. Necə ki, əczaçıdan tibb təhsili, hüquqşünasdan hüquq diplomu tələb olunur, deputatlığa namizəddən də partiya mənsubiyyəti soruşulmalıdır. Çünki siyasətdə də diplom verən oqran partiyalardır. Partiyalar proporsional seçki sistemində insanların qarşısına çıxır və özünə etimad göstərilməsini istəyir. Vətəndaşlar ayrı-ayrı şəxslərə yox, bütövlükdə partiyanın ideologiyasına, siyasətinə, onun komandasına səs verir. Belə olarsa, təsadüfi adamlar da parlamentə düşmə bilməz. Çünki neqativ adamların arzuolunmaz hərəkətləri partiyanın adına, nüfuzuna zərbə vuracaq və çalışacaqlar ki, bu vəziyyətlə üzləşməsinlər. Bu həm də siyasətin peşəkarlaşmasına, insanların siyasətə, partiyalara marağının artmasına gətirib çıxaracaq. Deputat olmaq istəyənlər partiyalara müraciət edəcəklər. Bu da çoxpartiyalı sistemin inkişafına yol açacaq. Türkiyədə bitərəf kimi parlamentə düşmək çox mürəkkəb məsələdir. Bizdə isə parlamentin yarısı bitərəflərdir. Bitərəf anlayışı siyasətdə nə deməkdir, hələ də başa düşmürəm. Təsəvvür edin, futbolu meydançada izləyən 50 minlik insanın sadəcə 30 mini iki komandanın azarkeşidir, 20 min adam isə bitərəfdir. Belə yanaşma olarmı?! Bitərəflər də parlamentdə belədir. Bilmirsən ki, kimi, hansı xətti təmsil edir, mövqeyi nədir? Sağ, sol, mərkəz var, hər cür ideologiya var, bitərəf niyə olsun ki? Ağ bəlli, qara bəlli. Məncə, bu, əcaib sistemdir.
- Milli Məclisin proporsional seçki sistemi ilə formalaşması idarəetmənin dəyişməsini də zəruri edirmi?
- Mən Azərbaycanda parlamentar idarəetmə üsul-idarəsinin tərəfdarı deyiləm. Azərbaycanda mərkəzləşdirilmiş güclü prezident institutu olmalıdır. Yaşadığımız region, dünyanın indiki vəziyyəti mərkəzləşdirilmiş hakimiyyətin güclü olmasını şərtləndirir. Amma parlamentin formalaşması proporsional olmalıdır. Bəzən bunu qarışdırırlar və iddia edirlər ki, seçki sistemi dəyişirsə, idarəetmə də dəyişməlidir.
- Parlamentin say tərkibinin artırılması da tələblər arasındadır. Buna ehtiyac görürsüzmü?
- Parlamentin say tərkibi artırılmalıdır. Məntiq bunu tələb edir. 1995-ci ildə konstitusiyamız müəyyənləşərkən ölkə əhalisi 7 milyon idi və 125 deputat yeri kifayət edirdi. Ancaq 10 milyonluq əhali üçün 125 deputat azdır. Texniki baxımdan bir dairədə adı olan bütün seçicilərin səs vermək imkanı yoxdur. Bir dairədə 50 min civarında seçici təyin olunmuş saat çərçivəsində səs verə bilməz. Nə qədər adamın səsi kənarda qalır. Hardasa, deputat sayının 151-ə çatdırılması mümkündür. Amma görünür, hakimiyyət deputat sayının artırılmasında maraqlı deyil.