"Başqa peşəni seçsəydim, bəlkə bu qədər uğur qazanmazdım"


Telli Pənahqızı: "Sözlə işləməyi çox sevirəm, sözlərin bir-birini "döyməsinə" heç vaxt dözə bilmirəm"

"İmkanım olsaydı, Vətən müharibəsində iştirak edərdim. Amma bütün ruhum, canım həmişə ordumuzla olub"

"Millətçi olduğumu heç vaxt gizlətməmişəm. Əksinə, qürur duymuşam öz millətimlə, xalqımla"

   Azərbaycan efirinin dəyişilməyən siması kimdir sizcə, soruşsaq, “əlbəttə, Telli Pənahqızı!”, cavabını eşidəcəyimizə əminik. Uzaq “80”lərdən günümüzədək Telli xanımın səsini efirdən daim eşitmişik. Səlis danışığı, xoş səsi, əsl Azərbaycan xanımına xas görkəmi, mühafizəkar geyimi, hətta dəyişməyən saç düzümü ilə Telli xanım hamının nəzərində cümlələrdən sarsılmaz qala ucaldan jurnalistdir. Niyə məhz jurnalist peşəsini vurğuladım, çünki o, özü haqqında nə zaman danışsa, müsahibə versə, “mən jurnalistəm”, deyir. Hər insanda peşəyə bu cür bağlılıq müşahidə edilmir. Vəzifələr bəzən insanları dəyişir, başqalaşdırır. Təyinat aldığı vəzifəylə tanınmağı sevənlər var. Telli xanımsa daim təvazökarlıqla özünü jurnalist adlandırır. Amma biz ənənəni azacıq da olsa pozmalıyıq. Telli Pənahqızının təqdimatını mütləq etməliyik. Çünki, əfsus, günümüzdə Azərbaycan efirindən uzaq düşənlər, milli televiziyamıza heç gözünün ucuyla da baxmayanlar var. Səbəb nədir, bunları Telli xanım danışacaq. Öncə isə Telli Pənahqızını Azərbaycan televiziyası haqqında məlumatsız olanlara tanıtmalıyıq.    

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Şura üzvü, şairə, publisist, nasir Telli Pənah qızı Əliyeva 1954-cü il mayın 24-də Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1971-1976). Əmək fəaliyyətinə ilk dəfə 1977-1980-ci illərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçı olaraq başlayıb. 1980-1981-ci illərdən Telli xanımın Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyəti başlayır və bugünədək də davam edir. Karyera pillələrini bir-bir qalxır. Müxbir, “Gənclik” redaksiyasında kiçik redaktor, ictimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, İnformasiya studiyasının “Günün ekranı” Yaradıcılıq Birliyi rəhbərinin müavini, Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, televiziyanın İkinci Proqram üzrə direktoru, Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini,1997-2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini vəzifələrində işləyib. 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Şura üzvüdür. Şeirlər, oçerk və hekayələr, 10-a yaxın kitabın müəllifi, mükafatlar laureatıdır. Hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektorudur. 

Köhnə, vərəqləri qopub tökülən iş bloknotumda Telli Pənahqızı adının qarşısında bir nömrə vardı. Şəhər telefon nömrəsi. “Bu yəqin çoxdan qalan nömrədi. Bəlkə Telli xanımın bu telefon nömrəsiylə əlaqəsi qalmayıb artıq”, fikirləşdim. Amma başqa çarə olmadığından ümidsiz şəkildə yenə o nömrəyə zəng etdim. Və xəttin o biri başında tanış səs eşidildi. Yaman sevindim!.. Özünə də etiraf etdim: “sizi tapacağıma ümid etmirdim. Nə yaxşı oldu...”. Telli xanım “bu mənim iş otağımdakı telefonumdu”. Deməli, həmişəki kimi yenə iş başındadır, Telli Pənahqızı. Rektor olasan, işin başından aşa, həm də nahar fasiləsi hesab edilən vaxtda (düzdü, biz jurnalistlər üçün nahar fasiləsi-filan yoxdu - M.R.) dəstəyi qaldırıb səmimi söhbət edəsən, bunu hər insan – hər vəzifə sahibi etməz. “İndi vaxtım yoxdu, yarım saata, nə bilim, 1 saata, sabah... zəng elə”, deyənləri o qədər görmüşük...  

- Telli xanım, əvvəlcə sizi doğum gününüz münasibətilə təbrik edirəm. Bilirik ki, ad gününüzdü... 

- Çox sağ olun, təşəkkür edirəm. Ad günüm dünən idi...  İşdəydim. Sıradan ad günü idi. Sağ olsun, uşaqlar, təbrik etdilər. Axşam da evə getdim, balalarla qeyd etdik. Ömrümü televiziyaya həsr etmişəm. Televiziya mənim həyatımdı. Ömrüm burda keçib. Heç vaxt da televiziyadan kənar hardasa işləməyi, iş yerimi dəyişməyi düşünməmişəm. Hesab etmişəm ki, bu, mənim tərəfimdən xəyanət olar. İşimi vicdanla yerinə yetirmişəm. Burda məni qiymətləndiriblərsə, bir yerdən başqa yerə keçməyin mənası yoxdur. Həmişə xalqımın xoşbəxtliyini arzulamışam. Bu, gəlişi gözəl sözlər deyil. Millətçiyəm. Bunu heç vaxt gizlətməmişəm. Əksinə, qürur duymuşam öz millətimlə, xalqımla. Hər bir vətəndaş, kimliyindən asılı olmayaraq mənim üçün əzizdir. Heç kəsin burnunun belə qanamasını istəməmişəm. O cümlədən torpağımızın işğaldan azad olunmasını daim arzulamışam. İmkanım olsaydı, Vətən müharibəsində iştirak edərdim. Amma bütün ruhum, canım həmin günlərdə ordumuzla idi. Heç vaxt yalan danışmamışım. 10 kitabın müəllifiyəm. Həmişə öz işimlə məşğul olmuşam. Mən jurnalistəm. Başqa peşəni seçsəydim, bəlkə bu qədər uğur qazanmazdım. Mənim üçün əsas sözdür, yazıdır, davranışdır. Verilişlərimlə, yazılarımla tamaşaçı, oxucu rəğbəti qazanmışamsa nə xoş halıma. Mən sözlə işləməyi çox sevirəm. Sözlərin bir-birini “döyməsinə” heç vaxt dözə bilmirəm. Hətta yaxın adamların danışanda “belə deyək ki”, “deməli” sözlərindən istifadə etmələrindən acığım gəlir, irad tuturam, təmiz danışın, dili zədələməyin deyirəm. Bizim dilimiz safdır, təmizdiir, çox zəngindir, başqa dillərdən gələn sözləri işlətməyə ehtiyac yoxdur. Bəli, dilimizdə alınma sözlər var, amma biz gərək o sözlərin də öz dilimizdəki qarşılığını tapaq, jurnalistlərin də borcudur ki, dilimizin saflığını qorusunlar. Mən uzun müddət “Şərq” qəzetinin oxucusu olmuşam. Yaxşı materiallar var, yaxşı məqalələr var. Əlinə qələm alan hər bir kəs ilk növbədə sözün qədrini bilməlidir. Uzun bir yazı yazırlar, oxuyursan, oxuyursan, bilmirsən harda bitəcək. Qısa, konkret, lakonik, dilimizin çalarlarından istifadə etməklə biz öz dilimizdə nə qədər gözəl, səlis, ifadəli danışsaq, başqa xalqlar Azərbaycan dili haqqında bir o qədər məlumatlı olacaq. Dilimizin gözəlliyini görüb ona heyran olacaqlar. Görəcəklər dilimiz necə zəngindir. 

- Telli xanım, söz haqqında elə gözəl sözlər dediniz ki, dahi Füzulinin “Söz” qəzəli yadıma düşdü; artıran söz qədrini sidqilə qədrin  artırar... Bu misraları sizə şamil etmək olar. Siz sözü ucaltmısınız, söz də sizi...  Amma indi efirə baxanda, nə qədər bayağı danışıqlar, qeyri-səlis danışıq tərzi, az qala jarqon danışıq tərzini eşidirik. Aparıcıların danışığı, davranışı... dəhşətdi. Təbii ki, dövlət televiziyasını nəzərdə tutmuram. Azərbaycan Dövlət Televiziyasında sizin kimi peşəkarların sayəsində ədəbi dilimiz qorunur...   

- Sözün müqəddəsliyinə qayıtmaq istəyirəm. Biz efirə çıxanda öz adımızdan danışmırıq, toplumun, cəmiyyətin adından danışırıq. Çünki səsləndirilən xəbərlər  cəmiyyətin, ölkənin xəbərləridir. Azərbaycn Televiziyası rəsmi televiziyadı. Uzun yol gəlmişik. Ədəbi dil qaydaları burada qorunur, ona riayət edilir. Amma özəl televiziyalar... Mən tv rəhbərlərini günahlandırmıram, sadəcə, onları ayıq-sayıq olmağa çağırıram. 

- Amma kimi efirə çıxarırlar, kim necə danışır, hər halda buna televiziya rəhbərləri məsuliyyət daşımalıdır... 

- Bəli. Televiziya hər birimizin evinin baş ucundadır. Əziz qonaqdı, düzdümü? Televiziya düyməsi də əlimizin altındadır. Bir kanaldan digərinə keçirsən, baxırsan ki, nə geyim var, nə danışıq var, nə doğru-düzgün davranış tərzi var. Aparıcılar müsahiblərinə aman vermir. Qonağı nə məqsədlə çağırmısınız efirə? Tamaşaçı baxsın, görsün bu qonaq nə danışır, nə deyir. Məqsəd qonağı tanıtmaqdırsa, imkan verin o danışsın. Yoxsa ki, sual verir, qonağın əvəzindən də özü başlayır danışmağa. Heç kimə aman vermir. Söhbətlərin çoxu küçə danışığı səviyyəsindədir.  Efirdə, minlərlə tamaşaçı qarşısında  “əə!..” ifadəsi işlətmək nə deməkdir? Dünyanın hansı televiziyasında belə bir müraciət forması var? Bizim bir əsrdən artıq yaşı olan efir məkanımız üçün bu, sadəcə biabırçılıqdı. Ədəbi dil normaları sıfırdır. Nə qədər müğənni-aparıcı olar?! Müğənnidir, aparıcılıq edir, adi danışıq tərzi belə yoxdur. Mən müğənnilərin çoxundan müsahibə almışam, hansının nə səviyyədə olduğunu bilirəm. Müğənni var ki, özü haqqında danışmağa söz tapa bilmir. Danışığı sıfırdır. Özünü ifadə edə bilmir. Hər kəs öz peşəsiylə məşğul olmalıdır. Müğənnidir, getsin mahnısını oxusun, mahnıdakı sözlərin vurğusunu düzgün tələffüz etməyi əvvəlcə öyrənsin. “Bu gözəl qızdır, bu yaraşıqlı oğlandır”, deyə, hər kəsi efirə gətirmək olmaz. Bu gün pul qazanmaq hamının istəyidir.  Amma bu istək efiri kirləndirmək üçün əsas ola bilməz. Efirin öz qayda-qanunu var. Dilin gözəlliyinə fikir verən, danışığa əhəmiyyət verən yoxdur. Elə mən danışım, dil boğaza qoymayım, özümü reklam edim, belə yaramaz. Aparıcı savadlı, bilikli, hərtərəfli dünyagörüşünə malik birisi olmalıdır. Aparıcı xalqın, ölkənin tarixindən xəbərsizdisə, əlbəttə, babası 1937-ci ildə repressiya qurbanı olmuş qonağına “siz babanızı görmüsünüz?” sualını verəcək. Efirə çıxarılan bu adamlar bu cür kobud səhvlərinə görə cəza almadıqları üçün “ayaqları yer alır”. Adam cəzasızlıq mühitində özünü sərbəst hiss edir. Düşünür ki, belə də olar. Kimsə ona irad bildirməyəcək. Hansısa səhvinə görə onsuz da cəzalanmayacaq. Orasını-burasını doldurub, efirə çıxmaqla peşəkar jurnalist, peşəkar aparıcı olmaq mümkün deyil.  

- Telli xanım, onlar da həmkarlarımızdı. Bu, hansısa həmkarımıza hücum kimi anlaşılmasın. Lakin səhvi başa düşüb qəbul etməyin özü böyüklükdü. Yoxsa ki, “lap yaxşı, nə qədər istəyirsiz, yazın, deyin, reklamıma işləyir”, söyləmək, hamıya meydan oxumaqdır. 

- Bu, jurnalistika deyil. Deməli, bir həkim xəstəyə səhv diaqnoz qoysun, sonra da çıxıb desin ki, bu mənim piarımdı?!. Olar belə şey?!.  Biz bu səviyyəyə dişimizlə-dırnağımızla gəlib çıxmışıq. Vaxt vardı, sözdə bir vurğunu səhv dediyinə görə televiziyanın baş redaktoru işdən azad edilib. Amma indi hər gün efirlərdə minlərlə belə səhv edilir. Heç kim də bunun qarşısını almır. Və bəziləri bunu özünün reklamı, piarı, təbliğat maşını hesab edir. Utanmırlar... Nə deyim, vallah. Mən işimə ciddi yanaşan adamam. Hətta qohumlarımız övladlarının jurnalistikada təhsil almalarını istəyəndə, qoymamışam, demişəm, siz Allah, gedin özünüzə başqa peşə tapın. Hansı kanalı açırsan, biabırçılıqdı. Elə bil dədəsinin evində oturub, bir nəfəri də əyləşdirib qarşısında. Nə gəldi, necə gəldi danışırlar. Aparıcı minlərlə insana xitab edir. Hər sözünə diqqət etməlidir. Aparıcı “mən” ifadəsini işlətməməlidir. Televiziyada “mən” yoxdur, biz varıq. Televiziya təkcə aparıcıdan ibarət deyil. Televiziyanın redaktoru, rejissoru, operatoru, işıqçısı, rəssamı, qrim ustası... və ilaxır. Sən aparıcısan və vəzifən fikirləri cəmiyyətə çatdırmaqdır. Efir savad, bilik, məsuliyyət, əxlaq, dünyagörüşü tələb edir. 

- Fikrimdə tutmuşdum, sizdən soruşum, sovet illərində, müstəqilliyimizin bərpasının ilk dövrlərində tv-də işləmək çətin olub, yoxsa indi, amma siz danışdıqca, artıq başa düşdüm...

 - Əlbəttə, indi daha çətindir. İnsana geniş meydan veriləndə haradan başlamağı bilməlidir. Geniş meydan “at min, çap” demək deyil. Sən o yolu tapmalısan, fikirləşməlisən ki, ayaqqabının rəngindən tutmuş saçının rənginə qədər tamaşaçı hər bir detala fikir verir. Televiziya hər bir evin çağırılmamış qonağıdır. Bunu unutmamalıdırlar. Evə gələn qonaq içəri daxil olan kimi divardakı ekrana baxır. Aparıcının oturuşu, duruşu, danışığı insanlarda qıcıq yaratmamalıdır. Hazırda efirə baxan orta və ahıl yaşlı insanlardır. Onların qarşısında efirdə ayağını ayağının üzərinə aşırıb oturmaq ədəbsizlikdir. Bir dəfə bunu görən tamaşaçı kanalı çevirib başqa verilişə baxacaq. 

- Həm də zövqlər korlanır. 

- Təbii ki. Bayağı danışıqdan, bayağı musiqidən, ayağını ayağının üzərinə aşırıb əyləşmiş aparıcıdan, müğənnidən tamaşaçı nə zövq alacaq. 

- Deyirsiz, efirə orta, yaşlı nəslin nümayəndələri baxır. Amma elə edə bilərlər ki, gənclər, uşaqlar da baxsın. Maraqlı, baxımlı proqramlar olsun, tamaşaçı kontingenti genişlənsin. Bunu bacarmırlar?

- Bacarmalıdırlar. Bu, onların vəzifəsidir. Camaat pul verib kanallara baxış imkanı əldə edir. Nəyə baxsınlar bəs? Bunu tv rəhbərləri başa düşmür? 

- Telli xanım, tələbələriniz var? Razısınızmı onlardan?

- Bu il 100 nəfərdən artıq tələbəmiz var. Tanınmış aparıcılar, peşəkarlar onlarla məşğul oldu. İndi 2 aylıq təcrübədədirlər. Sertifikat veriləcək onlara. Heç olmasa, 10-15 nəfərin televiziyalara dəvət alacağına inanıram. Onlara klassik, lakin müasir baxışlı tv işi öyrədilib. Mikrofon tutmaqdan başlayaraq tv işinin bütün incəlikləri. Mikrofon tutmağın özü də bir estetikadır. Bəzən efirdə hətta mikrofonu düzgün tutmayanları görəndə, “bunu efirə kim çıxarıb?!” deməkdən özünü saxlaya bilmirsən. 

- Tələbələriniz dövlət televiziyasında işləyəcək, yoxsa hansı telekanala istəsələr gedə bilərlər?   

- Onların çoxu hazır kadrdır. TV sahəsinə bələddilər artıq. Bir var sıfırdan başlayaraq kimsə tv işini öyrənsin. Bir də var, artıq dərs almış, təcrübə keçmiş işçi olsun. Akademiyanı bitirən tələbələrimiz hansı telekanalda istəsələr çalışa bilər. Burda təkcə aparıcılıq öyrədilmir. Televiziya sahəsində gərəkli olan digər peşələr də öyrədilir.   

- Maraq etdiyim bir məsələ də var: Şuşaya getməmisiz? 
- Xeyr. 
- Nə əcəb? 
- Bilirsiz ki, ora aparırlar... 
- Ola bilməz ki, sizə indiyədək təklif olmasın? 
- Bir dəfə dəvət etdilər. O da soyuq vaxta düşdü. Gedə bilmədim. Amma mütləq gedəcəyəm. Mənim Şuşayla bağlı o qədər xatirələrim var. Mən Şuşanı sonuncu dəfə necə görmüşdümsə elə görmək istəyirəm. Dumansız, çənsiz... 
- Nə zaman görmüşdünüz sonuncu dəfə?  
- 1980-ci illərin sonunda. “Xarı Bülbül” festivalında iştirak etmişdim Şuşada. Xatirəmdə elə də qalıb. 
- İnşəllah yenə gedərsiniz.  
- İnşəllah!
- Telli xanım, sizə can sağlığı arzulayırıq. Tələbə yetişdirirsinizsə, dərs deyirsinizsə, deməli yenə iş başındasınız. Uğurlar sizə. 
- Çox sağ olun. Dostlara salam deyin.