"Məni ən çox sevindirən bölgələrdə oxucularımın artmasıdır"


Reyhan Şıxlinskaya: "Uşaq ədəbiyyatına tələbat olduğundan naşirlər uşaq kitablarımı daha həvəslə nəşr edirlər"
Çox təəssüfləndiyim bir məqam var: mən İsmayıl Şıxlı kimi böyük yazıçının qarşısına yazılarımla çıxmağa, ona hekayələrimi göstərməyə cürət eləmədim. Kaş ki göstərsəydim və məsləhət alsaydım…

Reyhan Yusif qızı Şıxlinskaya 2018-ci ildə “Uşaqların dostu” mükafatına layiq görülüb. Reyhan xanımın bioqrafiyasında ən çox xoşuma gələn, diqqətimi çəkən də bu oldu.  Nə gizlədək, günümüzdə uşaqların dostu olmağı hər adam bacarmır. Heç uşaq bağçalarında, uşaq evlərində də uşaqlarla dost ola bilmirlər. 

Bu azmış kimi uşaqlara zor tətbiq edirlər, incidirlər…  Reyhan xanım necə qazanıb uşaqların sevgisini? Sadə:  uşaqlarla onların dilində danışmaqla. Necə? Reyhan xanımı tanıyanlar bilir, o, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.  Yazıçıdır, həm də riyaziyyatçı. Pedaqoq. Riyaziyyat üzrə fəlsəfə doktorudur. Elmi-kütləvi kitablar, elmi-fantastik povestlər, hekayələr müəllifidir. 20-yə yaxın kitabı nəşr olunub indiyədək.  Fantastika deyincə, yaşlı və orta nəslin gözü önünə Servantes, Fransua Rable, Jül Vern - məşhur “Kapitan Nemo”, Qulliverin səyahəti” gələcək. Sindibad da onlardan heç geri qalmırdı. Hələ “Elektronikin macəraları” sovet filmi!.. Sovet uşaqları üçün “göydəndüşmə” idi. Reyhan xanımla tanışlığa qədər elə bilirdim, bizdə fantastik janrda əsər yazan yoxdu. Tanış oldum və bildim ki, yox, demə, varmış. Həm də çox maraqlı, sevilən, oxunan kitablardır. Bunu Reyhan xanımın iştirakı və uşaqlarla, məktəblilərlə keçirilən görüşlər sübut edir. Reyhan xanımın sosial şəbəkə profilində xeyli belə fotolara rast gəldim. Və söhbətə də buradan başladıq.   

- Öncə, bilmək istərdim, hazırda iş yeriniz haradı? Rəsmi iş yeriniz varmı? Bunu ona görə soruşuram ki, uşaqların, məktəblilərin iştirakı ilə tədbirlərdə tez-tez görünürsünüz. Bu, əsas işinizdən ayrıdır, ictimai fəaliyyətdir?

- Mən Bakı Dövlət Universitetinin müəllimiyəm. Kompüter elmləri ixtisası üzrə dərs deyirəm. İxtisasım, əlbəttə, yazıçılıq fəaliyyətimə təsir edir. Elmi-fantastika janrında, həmçinin, elmi-kütləvi kitablarım çoxdur. Doğru deyirsiz, müntəzəm olaraq məktəblilərlə, tələbələrlə görüşürəm. Amma bu məni əsas işimdən ayırmır, əksinə, stimul verir. Bu mənim həyat tərzimdir.

- Tədbirlərin təşkilatçıları kimlər olur adətən? Məktəblər, uşaq təşkilatları? Siz də   təşkilatçı olursunuzmu? 

- Yox, özüm təşkilatçı olmuram, buna vaxtım çatmır. Təşkilatçılar, əsasən, məktəblər, kitabxanalar və nəşriyyatlardır. Bölgələrdəki məktəblilərlə çox zaman ZOOM üzərindən görüşürəm. 

- Reyhan xanım, uşaq ədəbiyyatına maraq necə, haradan qaynaqlanır? Səbəb nə oldu?

- Erkən yaşlarımdan yazmağa başlamışam. Əslində böyüklər üçün olan hekayələrimi də yaxşı hesab edirəm. Amma təəssüf ki,  kitabımın nəşri ləngiyir. Uşaq ədəbiyyatına tələbat olduğundan naşirlər uşaq kitablarımı daha həvəslə nəşr edirlər. 25-ci kitabım may ayında işıq üzü gördü. Hər yaş qrupu üçün kitablarım var. Amma uşaqlar üçün yazmağı daha çox sevirəm. Uşaqlarla görüşlərim, onların sevgi dolu baxışları, maraqlı sualları məhz bu sahədə yeni kitablar yazmağa ruhlandırdı məni.

- Kitablarınıza marağın böyük olduğunu bilirsiniz? 

- Bəli, bilirəm. Macəra kitablarım, yadplanetli qız  Lemi haqqında yazdığım trilogiya dəfələrlə təkrar nəşr olunub. Məni ən çox sevindirənsə bölgələrdə oxucularımın artmasıdır. Və bir də yeniyetmələr arasında oxucularımın sayı sürətlə artır.

- Reyhan xanım, bu günlərdə ibtidai siniflər, orta məktəb dərsliklərinə daxil edilən şeirlər, mətnlərlə bağlı müzakirələr aparılır, mühabisələr gedir. Uşaq yazıçısı kimi sizin hekayələrdən, əsərlərdən dərsliklərə daxil ediləni varmı? Yoxdursa, bunu istərdinizmi? 

- Kifayət qədər mətnlərim dərsliklərə daxil edilib. Düzdür, mətnlər ixtisar olunur və dəyişdirilir. Dərsliklərin meyarları çoxdur və onları nəzərə almalı olan dərslik müəlliflərini başa düşmək olar. Dərslik üçün material dəfələrlə hazırlamışam. Xüsusilə riyaziyyata, texnologiyaya aid mətnlər lazım olanda mənə müraciət edirlər.
(Xatırladım ki, Reyhan xanım “Riyaziyyat. Əyləncəli ola bilərmiş”, “Kompüterin qəribə tarixi” kitablarının müəllifidir M.R.)

- Reyhan xanım, müasir uşaqlar sovet dövrünün, sonrakı - 90-cı illərin uşaqlarından çoxmu fərqlənir? Fərqlənirlərsə, nəylə? Bəlkə heç fərqlənmirlər, bütün uşaqların bütün dövrlərdə arzu və istəkləri "aşağı-yuxarı" eynidir...

- Əlbəttə fərqlənirlər. XXI əsr möhtəşəm eradır. Dünya sürətlə dəyişir, biz də dəyişməli, uyğunlaşmalı oluruq. Uşaqlar yeniliyə daha açıq olur, daha tez uyğunlaşır, texnologiyaları daha tez mənimsəyirlər. Arzu və istəklər də dəyişir. Məsələn, indi kompüter mühəndisi və ya robotopsixoloq olmaq istəyənlərin sayı artıb.  

- Nə yaxşı!.. Bəs fantastikaya necə, meyillidirlərmi?

- Belə deyim: uşaqlar fantastikaya deyil, elmi fantastikaya meyillidir. Onları hər bir ideyaya inandırmaq, elmi tərəfini göstərmək lazım gəlir. Bəzən mübahisə də edirlər.

- Daha çox diribaşdılarmı? Azadlıq, sərbəstlik istəkləri daha genişdirmi? Bəs qavrama qabiliyyətləri?

- Tamamilə haqlısınız! Daha sərbəst, daha diribaş, daha məlumatlıdırlar. Dünyada olan bütün informasiya əllərinin altındadır. Bəzən valideynlər buna görə narahat olurlar, uşaqların nəzarətdən çıxacağından ehtiyat edirlər. Əgər övladınızla dost ola bilmisinizsə, o sizinlə fikirlərini bölüşürsə, o zaman narahatlığa səbəb yoxdur.

- Niyə bu sualları sizə verirəm, təxmin edirsiniz, yəqin. Uşaqlar üçün əsər yazanlar  uşaq psixologiyasına bələd olur. Siz də həmçinin. Belə düşünürəm. Səhv etmirəm ki? 

- Düzdür. Bəli, uşaq əsərləri yazmaq üçün uşaq psixologiyasını bilmək lazımdır. Ümumiyyətlə, uşaq böyütmək, keyfiyyətli insan yetişdirmək üçün də uşaq psixologiyasına bələd olmaq  lazımdır. Vaxtilə bu mövzuda kitablar oxumuşam, məşhur psixoloqların tədqiqatlarını araşdırmışam. Sonralar mənə çox faydası olub. 

- Uşaqlar üçün yazan yazıçının özünün uşaqlaşması gərəkirmi?

- Məşhur deyim var; hər bir uşaq yazarının daxilində böyüməyən bir uşaq var. 
(Oxucumuzun nəzərinə çatdırım ki, Reyhan xanım Xalq yazıçısı, xalqımızın sevimlisi İsmayıl Şıxlının gəlinidir. Jurnalist, publisist, rəssam Fərrux Şıxlının həyat yoldaşıdır. Xatırlatma, əlbəttə, bilməyənlər üçündür. Bir halda ki, ortada İsmayıl Şıxlı fenomeni var, onu anmadan keçə bilməzdim – M.R.) 

- Reyhan xanım, yəqin təxmin edirsiniz ki, Xalq yazıçısı İsmayıl Şıxlını xatırlamadan keçməyəcəyik. Sizdə yaradıcılığa marağın yaranmasına və yazıçı olmağınıza xalqımızın sevimlisi İsmayıl Şıxlı ailəsinin gəlini olmaq təsir etdimi?

- Bayaq qeyd etdim ki, yazıçılığa erkən yaşlarda başlamışam. Sonrasa taleyim elə gətirdi ki, mən Fərrux Şıxlı ilə ailə qurdum. Amma çox təəssüfləndiyim bir məqam var: mən İsmayıl Şıxlı kimi böyük yazıçının qarşısına yazılarımla çıxmağa, ona hekayələrimi göstərməyə cürət eləmədim. Kaş ki göstərsəydim və məsləhət alsaydım… Əlbəttə, İsmayıl müəllim kimi böyük insan, yazıçı və müəllim, İsmayıl Şıxlı ocağı mənim formalaşmağımda böyük rol oynadı.

- Ədəbiyyat söhbətləri olurdumu aranızda? 

- Mən İsmayıl müəllimin səhhətində ciddi problemlərin olduğu bir vaxta düşdüm. Çox söhbətlər edirdik. Uşaqlıq illərində, müharibədə keçdiyi yollardan, kitablarından, əsərlərindən – hər mövzuda söhbətlərimiz olmuşdu. Yeri gəlmişkən deyim, İsmayıl Şıxlının cəbhə gündəlikləri əsasında “Cəbhə yolları – 25 il sonra…” hekayəsini yazmışam.  ...Kövrək səsi hələ də qulağımdan getmir. Gözləri o qədər zəifləmişdi ki, işığı güclə seçirdi. Bir dəfə otağına girib güldana qızılgüllər qoydum və pərdələri açdım. Tərpəndiyini görüncə: “Deyəsən sizi oyatdım”, - deyə təəssüfləndim. Əlini pəncərədən düşən işığa tərəf uzatdı: “İşıq gördüm,  qızılgüllərin də ətri gəldi. Elə bildim cənnətdəyəm. Sonra səsin gəldi, bildim ki, hələ burdayam”, - dedi… 

- Uşaq ədəbiyyatına qayıdaq. Bugünkü durum sizi qane edirmi? Hansı mövzulara daha çox üstünlük verilməlidir? Düzdür, yazıçıya "bunu yaz, belə yaz" deyilməməlidir. Yəqin ki, yazıçılar dövrün nəbzini tutur. 

- Tam qane edir, deyə bilmirəm. Amma əgər 10 il bundan əvvəllə müqayisə etsək, uşaq ədəbiyyatı nümunələrinin həm sayca, həm keyfiyyətcə xeyli artdığını görərik. Heyif ki, müasir tələblərə cavab verən əsərlər barmaqla sayılacaq qədərdir, amma var. Yeniyetmələr üçün yazılmış kitablar, romanlar daha azdır. Uşaq ədəbiyyatının övladlarımızın şəxsiyyət kimi formalaşmasında rolunu nə qədər başa düşsək, ona diqqəti o qədər artırarıq. Deyərdim ki, gələcəyimizə investisiya qoymalıyıq. Sevindirici haldır ki, son vaxtlar uşaq ədəbiyyatının inkişafına, yaxşı əsərlər yazılmasına təkan verən müsabiqələr, sərgilər və tədbirlərin sayı artıb. Düşünürəm ki, vəziyyət yaxşılaşmağa doğru gedəcək. 

- Reyhan xanım, təltiflərinizə baxdım. Ən çox xoşuma gələn, "Uşaqların dostu" mükafatı oldu. Bəs sizin üçün?

- İlk mükafatımı Türkiyədə almışam və onu şəxsən qəbul etmək üçün Ankaraya uçmuşam. Zənnimcə, bu hadisə mənim həyatımı dəyişdi və professional yazıçı olmağımda böyük rol oynadı. 

- Senariniz əsasında animasiya filmi çəkilib, eləmi? Bəyənmisiniz? 

- Yox, çəkilməyib. “Dostum Mimi”ni nəzərdə tutursunuz, yəqin. Film hələ çəkilməyib, amma planlaşdırılır. Bu əsərin senarisi animasiya filmləri müsabiqəsində qalib olub.

- Reyhan xanım, uşaq ədəbiyyatından danışdıq, uşaq filmləri qaldı. Yadınızdadır, SSRİ vaxtı bir film çəkilmişdi - "Elektronikin macəraları". Çox populyar film idi. Bizdə niyə belə filmlər çəkilmir? Məsələn, Siz, maraqlı, düşündürücü fantastik film senarisi yaza bilərsiniz. 

- Uşaq filmləri çəkilməsini də, yerli senarilər əsasında tamaşalar qoyulmasını çox arzulayıram. Müxtəlif senarilərim var və maraqlanan olsa, böyük həvəslə təqdim edərəm. Uşaqlarımızın milli ruhda yazılmış yaxşı kitaba da, tamaşaya da, filmə də, uşaq mahnılarına da ehtiyacı var.