"Skripkadan dərs alanların əksəriyyəti ingilis dili müəllimidir"


Bayram Şahvələdov: "Çünki musiqi ilə məşğul olmaq dil öyrənmək qabiliyyətini artırır"

"Skripka qadın cinsindəndir. Olduqca incə, kaprizli və romantik alətdir. Buna görə qadınların diqqətini daha çox cəlb edir"

     
     Musiqi həyatımızın ayrılmaz hissəsidir. Hətta qədim yunanlar musiqini Allahın töhfəsi kimi qiymətləndirib, ona insanın qəlbini fəth edən, qeyri-adi qüvvə kimi yanaşıblar. Həyatımızın müxtəlif məqamlarında musiqinin klassik, caz, rok, pop və s. növlərini dinləyirik. Bu növlər arasında klassik musiqi demək olar ki, bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayıb. Elə müsahibim də gənc ömrünün 10 ilini klassik musiqiyə həsr edən, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin instrumental ifaçılıq-skripka ixtisasında təhsil alan 25 yaşlı skripka ifaçısı Bayram Şahvələdovdur. Onunla sevimli aləti olan skripka və rəngli musiqi dünyası haqqında söhbət etmişik: 

- Necə oldu ki, skripkaya sevgi yarandı?

Uşaq yaşlarımda televizorda skripka ifaçıları görəndə çox xoşuma gəlirdi. Diqqətlə izləyirdim onları. Evdəkilər də bunu görüb 9 yaşım olanda məni Yasamalda yerləşən 22 nömrəli "Uşaq musiqi məktəbinə yazdırıblar. Yeddi il orda təhsil aldım. Daha sonra isə "Asəf Zeynallı adına Bakı musiqi kolleci"nə daxil oldum. Hazırda isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsiyəm. 

- Şübhəsiz ki, hər bir musiqiçinin sevimli bəstəkarı olur. Sənin üçün o bəstəkar kimdir və ən çox hansı əsərini bəyənirsən?

- Bu sual musiqiçilərə verilərkən əksər hallarda cavab hansısa xarici bəstəkar olur. Amma mənim üçün elə deyil. Sevimli bəstəkarım Qara Qarayev, əsər isə onun "Eskiz" əsəridir.

- Bəs xarici bəstəkarlardan?

- İohan Sebastian Bax. O, 18-ci əsrdə yaşayıb, yaradıb. Hətta İ.S.Baxı "bəstəkarların tanrısı" belə adlandırıblar. Düşünürəm ki, ədəbiyyatda Məhəmməd Füzulinin dahi hesab olunduğu kimi, musiqidə da Bax dahidir. 

- Ölkəmizdə klassik musiqi dinləyənlər o qədər də çox deyil..

- Bu, digər dünya ölkələrində də belədir...

- Səncə, bu, nədən qaynaqlanır?

- Klassik musiqi olduqca dərindir. İnsanlarda da asana qaçmaq kimi bir xüsusiyyət var. Qulağa xoş gələn klassik musiqilər var ki, onu bir çox insanlar dinləyir. Böyük əksəriyyətini dinləməyə isə insanların səbri çatmır, onun mahiyyətini anlamırlar. 

- Səncə, bu, bayağılığa yol açmır?

- Əslində belədir. Bayağı musiqi asan olduğu üçün çox dinlənilir. 

- İnsanlar düşünmək istəmir bəlkə?

- O da ola bilər.

- Tələbələrin skripka ilə bağlı verdiyi ən maraqlı sual nə olub?

- Dərslərə gələn tələbələr sıfırdan başlayırlar. Ona görə skripkadan heç bir anlayışları olmur. Bəzən skripkanın hissələrinə elə adlar verirlər ki, özümə də maraqlı gəlir. Məsəl üçün, simçoka çubuq, kanifola deyilməyən ad qalmayıb (gülümsəyir) bal, mürəbbə, yağ və s. 

- Bəs maraqlı hadisə olub?

- (Düşünür...) Tələbələrimin əksəriyyəti xanımlardır. Onlardan biri mənə belə bir sual verib: "Sevgiliniz olsa, bizi yarı yolda qoymayacaqsız ?" . Bu mənə çox qəribə gəldi. Sən demə, xanımın bundan öncəki skripka müəllimi nişanlandıqdan sonra dərs deməkdən imtina edib. Deyib ki, artıq nişanlım var və o, buna razılıq vermir. Bundan sonra xanımda belə bir qorxu yaranıb.

- Hazırda dərs keçdiyin tələbələr arasında daha çox hansı peşənin sahibləri var?

- İndiki tələbələrimin çoxu ingilis dili müəllimidir. 

- Səbəb?

- Mənim özümə də maraqlı idi. Tələbələrimdən biri bunu araşdırıb. Məlum olub ki, musiqi ilə məşğul olmaq dil öyrənmək qabiliyyətini artırır. Duyum daha da artır. 

- Az öncə qeyd etdin ki, skripka dərslərinə gələnlər daha çox xanımlardır. Səncə, bunun səbəbi nədir? Niyə bu alət qadınlara daha yaxındır?

- Skripka qadın cinsindəndir. Olduqca incə, kaprizli və romantik alətdir. Buna görə qadınların diqqətini daha çox cəlb edir. 

- Bəs qadın və kişi tələbələrdən hansılar ifa etməyi daha tez öyrənir?

- Bu, cinsə yox, daha çox istəyə və istedada bağlıdır.

- Yeni skripka ifa etməyə başlayanlara nə məsləhət görürsən?

- Skripka ilə sadəcə olaraq səbrli və davamlı məşğul olsunlar. Soyuqqanlı və sakit şəkildə. Hər ifa zamanı səhvləri görmək və onların üstündən keçmədən düzəltmək lazımdır. "Alınmır" dedikləri yerdə daha çox dayanmalıdırlar. Bunlar skripkada yaxşı ifanın başlıca şərtləridir.  

- Bir film var, orda deyilir ki, tanqo səhvi bağışlamır. Bunu skripkaya da aid edə bilərik?

- Əslində heç bir yerdə səhv etmək olmaz. Skripkada səhv etmək asan, düz etmək isə çətindir. Amma səhv olmadan heç bir yerdə uğur əldə edə, inkişaf edə bilmərik.

- Uğurlu bir skripka ifası üçün gündə maksimum nə qədər vaxt sərf etmək lazımdır?

- Bunun üçün heç bir məhdudiyyət yoxdur. Sən bir saat da, on saat da məşğul ola bilərsən. Hər nə qədər olursa olsun, bu məşğuliyyət keyfiyyətli şəkildə olmalıdır. Qeyd etdiyim kimi, səbrli, təmkinli, səhvlərin üzərində çalışaraq. Bu, saat məsələsi deyil. 

- Eşitdiyimə görə, gərgin halda skripka ifa etmək olmur. 

- Musiqi gərginliyi azaltmaq üçün ideal vasitədir. Burda söhbət bədənin gərgin, sıxılmış halda durmasından gedir. İfaya başlamazdan öncə bədəni gərginlikdən azad etmək lazımdır. Bunun çətin proses olduğunu bildiyim üçün hər dərs tələbələrə xatırladıram.

- Norveç bəstəkarı Edvard Qrip deyib ki, sözün bəzən musiqiyə ehtiyacı olsa da, musiqinin heç vaxt sözə ehtiyacı olmayıb. Razısan?

- Mən mahnı dinləyəndə onun sözlərindən daha çox musiqisinə diqqət edirəm. Fikrim ancaq onun üzərində cəmləşir. Bəzən bunu özümə irad da tuturam. Şübhəsiz, sözlər də vacibdir. Amma buna baxmayaraq düşünürəm ki, E.Qrip haqlıdır. Musiqinin heç vaxt heç nəyə ehtiyacı olmur. 

- Skripka ifaçılığı ilə bağlı gələcək planların nələrdir?

- Hər zaman özümə dediyim bir cümlə var: "Yaxşı musiqiçi olmaq istəyirəm". Bu, sadə səslənsə də, olduqca çətin məsələdir. Yaxşı ifaçı olmaq olur, yaxşı musiqiçi olmaq isə çətindir. Yaxşı ifaçı Azərbaycanda da, dünyada da çoxdur. Yaxşı musiqiçi isə azdır.

- Sənə bu yolda uğurlar arzu edirəm. Səmimi cavabların üçün ayrıca təşəkkür edirəm.

 - Musiqidən danışa bilmək xüsusi bacarıqdır. Mən də təşəkkür edirəm.