Türkiyəli professor: “Ərdoğan artıq geri çəkilir” kimi rəylər yaradıla bilər”

Son aylar təkcə regionda deyil, bütünlüklə beynəlxalq aləmdə çox ciddi siyasi proseslər baş verir. Hər kəsin, az qala, dünyanın Rusiya ilə Ukrayna arasındakı müharibənin bitməsini səbrlə gözlədiyi bir vaxtda yeni münaqişələr üçün zəmin yarandı. İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı iddiaları və dünya dövlətlərinin buna fərqli münasibətləri, habelə, Türkiyə- Yunanıstan gərginliyi üçüncü dünya müharibəsinin başlaya biləcəyi ehtimalını artırır. Ən azından ona görə ki, planetdəki qütbləşmə artıq aydın müşahidə olunur. 

 Türkiyəli professor, siyasi analitik Mehmet Yüce son siyasi proseslərlə bağlı “Sherg.az”ın suallarını cavablandırıb:

-NATO-nun Madrid sammitində İsveç və Finlandiyanın Alyansa üzvlüyü barədə bəyanatlar səsləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirdi ki, həmin ölkələr terrorçuları qaytarmasalar, bu, mümkün olmayacaq. Necə düşünürsünüz, tərəflərin şərtləri yerinə yetirməsi nə qədər realdır?
-Bu, asan olmayacaq, mürəkkəb prosesdir. Türkiyənin əsas uğurlarından biri həmin dövlətlərin uzun müddət kömək etdiyi ünsürlərin terrorçukimi tanınması və adlarının NATO sənədlərində çəkilməsi, Alyansın onları terrorçu kimi tanımasıdır. Bu, yaxın müddətdə olmasa da, gələcəkdə ciddi nəticəyə səbəb ola bilər. Yəni Türkiyənin maraqlarının təmin olunması ehtimalı böyükdür. Bildiyiniz kimi, Rusiya ilə Ukrayna arasındakı müharibədən istifadə edən ABŞ NATO-nu daha da genişləndirmək istəyir. İsveçlə və Finlandiya Rusiyanın ehtimal olunan hücumundan narahatdırlar. Ona görə də Alyansın “çətiri altına” keçmək istəyirlər. Dediyim kimi, rəsmi Vaşinqton bu məsələdə maraqlıdır. Amma Ankaranın narahatlığı da nəzərə alınmalıdır. Onsuz da həmin dövlətlər hələ üzv olmayıblar. Sadəcə üzvlüyə dəvət ediliblər.Yəni söhbət ancaq prosesin sürətləndirilməsindən gedir. Bütün hallarda Türkiyənin tələbləri yerinə yetirilməlidir. Əks halda Ankara həmin dövlətlərin NATO-ya üzvlüyünə razılıq verməyəcək
-İsveç və Finlandiya terrorçuları Türkiyəyə təhvil versə və nəticədə NATO-ya üzv olsalar, bu, Ankara ilə Moskva arasındakı münasibətlərə necə təsir edər?
-Əlbəttə, bunun Rusiyanın ürəyindən olacağını demək düzgün olmaz. Amma nəzərə almaq lazımdır ki, hər ölkənin öz prioritetləri, milli maraqları var. Kreml bunu başa düşməlidir. Çünki Moskva Ankaranı itirmək istəməz. Rusiya ilə Türkiyə bir çox məsələlərdə koordinasiyalı davransa da, bu, həmişə onların maraqlarının üst-üstə düşməsi kimi anlaşılmamalıdır. Düzdür, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin “dil tapa bilirlər”. Lakin həmişə razılaşmaq məcburiyyətində də deyillər. Məsələn, Rusiyanın Suriyadakı terrorçuları dəstəkləməsi də Türkiyənin xoşuna gəlmir. Odur ki, İsveç və Finlandiyanın NATO-ya ehtimal edilən üzvlüyü də Rusiyanın arzusuna uyğunolmaya bilər. Hətta Kremlin hansısa addımlar atması da mümkündür. Lakin bunun Moskva ilə Ankara arasındakı əlaqələri dərindən sarsıdacağına inanmıram. Çünki regionda hər iki ölkənin bir-birinə ehtiyacı var. Tarixçi İbn Haldunun dediyi kimi, coğrafiya talehdir. Hər iki ölkə bu talehi birgə yaşamalıdır. Bu iki ölkə tarix, coğrafiya və beynəlxalq münasibətlər baxımından koordinasiyalı davranmağa məcburdur. Əlbəttə, bunu Kremldə də yaxşı bilirlər. Rusiyanın Türkiyəyə ehtiyacı var. Ukrayna müharibəsi də göstərdi ki, Moskvanı ən yaxşıbaşa düşən Ankaradır. 
-İsveç və Finlandiya məsələsi Türkiyənin daxili siyasətinda nə cür əksini tapa bilər? Bilirik ki, gələn il prezident seçkiləri keçiriləcək və müxalifət kifayət qədər fəaldır...
-Türkiyənin ən böyük problemi milli məsələlərdə iqtidarla müxalifətin eyni mövqedən çıxış etməməsidir. Müxalifət bundan istifadə edir və edəcək. Xüsusilə “Ərdoğan artıq geri çəkilir” kimi rəylər yaradıla bilər. Ancaq başa düşmək lazımdır ki, xarici siyasətdə mütləq qələbə yoxdur. Prososeslər ortaq mənfəətlər üzərində qurulur. Müxalifət belə məsələləri diplomatik problem kimi təqdim etmək əvəzinə, tövsiyələrini verməli, hakimiyyəti dəstəkləməlidir. Belə məsələləri daxili siyasi rəqabət naminə şişirtmək nəinki Türkiyənin, bütün Türk dünyasının xeyrinə deyil. 
-Türkiyə ilə Yunanıtan arasındakı gərginliyin nəticəsi barədə nə düşünürsünüz?
-Bu gərginlik həmişə olub. Məsələ təkcə Yunanıstanla bağlı deyil. Kənar siyasi aktorları da nəzərə almaq lazımdır ki, onlardan da birincisi ABŞ-dır. ABŞ Türkiyənin Suriyadakı imkanlarını məhdudlaşdırmağa çalışır. Ona görə də başqa bir cəbhənin yaradılmasını istəyir. Əvvəllər də oxşar hadisələr olub. Məsələn, Türkiyə Liviyada mübarizə apararkən ermənilər Azərbaycanın Tovuz bölgəsini atəşə tutdular...Yəni yeni cəbhə açmaq bynəlxalq siyasətdə çox istifadə olunan metoddur. Ankara da, əlbəttə, diqqətli davranır. Türkiyə beynəlxalq hüquq çərçivəsində addımlar atır. Amma bu, o demək deyil ki, Yuanıstan həddini aşar, ölkəmizin suverenliyi üçün təhdid yaradarsa, biz səssiz qalacağıq. Əksinə, bu zaman qarşı tərəf lazımi cavabı alacaq. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi, bacarığı hər kəsə məlumdur. Amma proseslərin müharibə ilə nəticələnəcəyini düşünmürəm.
-Onda Vaşinqtonun Ukraynadakı ssenarini Balkanlarda da təkrarlamaq istədiyini deyə bilərik?
-Əlbəttə. Eyni ilə belədir. Yunanıstan müxalifəti özü də belə düşünür. Ümumiyyətlə, bu, ABŞ-ın çox istifadə etdiyi üsuldur. ABŞ Türkiyənin Suriyada “əl-qolunu bağlamaq üçün” Yuanıstan “kartından” yararlanmağa çalışır. Qərb Yunanıstanı silanlandırmasının əsası kimi isə Rusiya faktorunu göstərir. Bu, həqiqətdir, amma silahlanmanın yeganə səbəbi deyil. Hər kəs başa düşür ki, Yunanıstanın silahlanması həm də Türkiyə ilə bağlıdır. Lakin bu, bizi qorxutmur. Bu sınaqdan da uğurla çıxa bilərik. Türkiyə Silahlı Qüvvələri heç vaxt indiki kimi təcrübəli, hazırlıqlı olmayıb. Biz bunu illərlə terrorçulara qarşı aparılan mübarizədə, Suriyada, Liviyada gördük. Türkiyə Azərbaycanla birlikdə 30 ildə çözülməyən problemi həll etdi. Bu baxımdan Yunanıstanın çox irəli gedəcəyini düşünmürəm. 
-Ukrayna ilə Rusiya arasındakı müharibə bir az da davam edərsə, Çinin mövqeyi necə olar?
-Bu, proseslərin hansı ssenari ilə inkişaf edəcəyindən asılıdır. Qərb müharibəni uzatmaqla Rusiyanı zəiflətmək istəyir. Rusiya “ofsayta” düşdükdən sonra növbəti hədəf Çin olacaq. Pekin bunu bilir. Əgər Moskva zəifləyərsə, Pekin onun yanında ola bilər. Fəqət Kreml qalib gəlsə, Qara dəniz tamamilə Rusiyanın nəzarətinə keçəcək. Çinin köməyinə isə ehtiyac qalmayacaq. Etiraf etməliyik ki, Rusiya xalqı hakimiyyəti dəstəkləyir. Hakimiyyət savaşın təhlükəsizlik məsələsi olduğuna ictimaiyyəti inandırmağa bacardı. Lakin həm də Rusiyanın gücünün gözləniləndən çox aşağı olduğu məlum oldu. Hərçənd daxili auditoriyanın bundan nə qədər xəbərdar olduğunu bilmirik. Bəlkə də, proseslər tamam fərqli formada təqdim edilir. Çünki media təbliğatla məşğuldur. 
-Belarusun savaşa qoşulacağı ilə bağlı son zamanlar müxtəlif iddialar səslənir. Siz bu barədənə düşünürsünüz?
-Müharibədən əvvəl Belarusda daxili qarşıdurma oldu. Rusiyanın köməyi olmasa, bəlkə də, hakimiyyət dəyişərdi. Fikrimcə, daxili siyasi mənzərə Belarusun birbaşa aktor olacağına imkan vermir. Çünki iqtidar xalqın dəstəyini qazana bilməyib. Ancaq Rusiya istəsə, təzyiq etsə, Belarus müharibəyə qoşula bilər. Hərçənd Moskvanın ən azı yaxın gələcəkdə buna ehtiyac hiss edəcəyini düşünmürəm. 
-Bilirsiniz ki, artıq İlan adası və bir neçə kənd azad edilib. Bu, müharibənin gələcəyi ilə bağlı nə vəd edir?
-Ukraynadakı müharibənin gedişi bir çox məqamlardan, o cümlədən ABŞ-ın proseslərə münasibətindən asılıdır. Kiyevə verilən dəstəyə, göndərilən silahların həcminə görə savaşın gedişatı bundan sonra da dəyişə bilər. Yəni biz hələ müxtəlif mənzərələrin şahidi ola bilərik. İlan adasının işğaldan azad edilməsini mütləq qələbə kimi qiymətləndirmək hələ tezdir. Rusiya ordusunun həmin əraziyə qayıtmayacağına kimsə zəmanət verə bilməz. Yəni bəzən Ukrayna, bəzən də Rusiya üstünlüyü ələ ala bilər. Dediyim kimi, bu, Qərbin verdiyi dəstəkdən asılıdır. 
-Bəs Qərbin Kremlə qarşı sanksiyaları nə qədər həlledicidir?
-Əlbəttə, Rusiyanın iqtisadiyyatı zərbə görüb. Amma bu, taleyüklü məsələ deyil. Çünki indi Qərbin iqtisadiyyatı 40 faiz Rusiyanın enerjisindən asılıdır. Bu, çox ciddi göstəricidir və Rusiyanın əsas “kozurudur”. İndi Qərb alternativ enerji mənbələri axtarr. Onlardan biri də Azərbaycandır. Azərbaycan Qərbin enerji mənbəyi olsa, Xəzər dənizi vasitəsilə Qərbə çıxa biləcək. Bu, böyük avantaj olar. Lakin eyni zamanda Rusiyanın Azərbaycana təzyiqləri artacaq. Əgər Qərb alternativ enerji mənbəyi tapa bilsə, Rusiyanın iqtisadiyyatı çökər. Əks halda isə Rusiya iqtisadiyyatı üçün ciddi itkilər gözlənilmir.
-Türkiyə ilə Ermənistan əlaqələrinin hazırkı durumunu necə qiymətləndirirsiniz?
-Bu, bir gündə həllini tapacaq məsələ deyil. “Düyünlü”nöqtələr çoxdur. İki dövlətarasındakı münasibətlərin normallaşması İrəvanın tutduğu mövqedən asılıdır. Ermənistan hər şeydən əvvəl Azərbaycanın torpaq bütövlüyünə hörmətlə yanaşmalı, Zəngəzur dəhlizi ilə bağlı düzgün qərar verməlidir. Vətən müharibəsindən sonra Azərbaycan - Ermənistan və Türkiyə - Ermənistan münasibətlərinin normallaşması mərhələsi başlayıb. İndi lazım olan Cənubi Qafqaza sülh və sabitliyin gətirilməsidir. Bunun üçün isə altılıq platforması layihəsi təklif olunub. Bu, bütün region ölkələrinə, ən çox da Ermənistanın özünə sərf edir. Çünki Ermənistan iqtisadiyyatı, demək olar, yalnız diasporun göndərdiyi vəsaitdən asılıdır. Deməli, gələcəkdə daxili böhran dərinləşə bilər.  Bu isə həmin ölkəyə daha ağır gələcək vəd edir. Ankara –İrəvan əlaqələri xoş niyyət üzərində qurulub. Fəqət Ermənistan müstəqil qərar verə bilmir. Bu dövlət ya Qərb, ya da Rusiyanın “çaldığı havanı oynayır” Odur ki, Türkiyə- Ermənistan əlaqələrinin normallaşması ikinci dövlət üçün kifayət qədər faydalıdır. Amma dediyim kimi, hər şey İrəvanın sərgiləyəcəyi ritorikadan asılıdır. 
-Eyni zamanda Rusiyanın mövqeyini də nəzərə almaq lazımdır...
-Əlbəttə. Ermənistanın Rusiyadan icazəsiz qərar verəcəyini düşünmək sadəlövhlük olar. İrəvan qərar qəbul edərkən mütləq Moskva ilə məsləhətləşir. Rusiya xarici işlər naziri Sergey Lavrovun bu günlərdə region ölkələrinə, o cümlədən Türkiyə və Ermənistana səfərləri də normallaşma əlaqələrinin Kremlin nəzarətində altında olduğunu göstərir. Rusiya tarixən eyni siyasəti yeridir: problem yaradır və həmin problemlə regiona nəzarət etməyə çalışır. İndi də Zəngəzur “kartından” bu məqsədlə istifadə etməyə çalışır. Yəni demək istəyirəm ki, Azərbaycan və Türkiyənin hər nə qədər “güclü kartları” varsa, Rusiyanın da “əli zəif deyil”. Bütün hallarla orta yol tapılmalıdır. Ən azından Bakı, Moskva və İrəvan üçtərəfli anlaşmanın tələblərini yerinə yetirməlidirlər.Əks halda bundan ən çox ziyan görən Ermənistan olar. 
-Cəbhənin müxtəlif istiqamətlərində son vaxtlar düşmənin təxribatları yenidən intensivləşib. Sizcə,bu, üçüncü Qarabağ müharibəsinin başlanacağına işarədir?
-Region indi çox kövrəkdir. Hər an təxribat ola və buna cavab verilə bilər. Ermənistan daxili və xarici təsirlərlə provokasiyaya əl ata bilər. Məncə, Azərbaycan bu məsələdə təmkinli davranacaq. Heç bir halda müharibəni başladan rəsmi Bakı olmayacaq. Lakin İrəvan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməyə davam edərsə, lazımi cavabı alacaq.