“Evim bel çantamdadır” -MÜSAHİBƏ

22 kq yük ilə təkbaşına dünya səyahətinə çıxan Ahu Kamranlını siz də tanıyın

“Dünyanı gəzmək üçün puldan əvvəl cəsarət lazımdır,pulu qazanmağın yolunu da yollarda öyrənirsən”

“4 gün ölkənin ən riskli məhəllələrindən birində yaşadım, yerli insanlara qarışdım və orada dostluq qurduğum insan mənim üçün əlindən gələn hər şeyi etdi”


“Son satdığım sendviçlərdən 70 dollar qazandım. İki gün ərzində ölkədən çıxmalı idim, pulun yarısı Kamboçyaya qapıda giriş vizası üçün lazım idi, qalan yarısı da xərclik. Nə təyyarə,  nə də avtobusa minməyə  pulum çatırdı. Mən yenə  də “avtostop”u yoxladım və işə yaradı. Tam vaxtında ölkədən çıxdım. İndi isə  bu yeni ölkəni kəşf etməyə çalışacam”.
“İnstagram”da “kəşf et”ə düşən videoların arasında  dünyanı gəzən azərbaycanlı xanımın paylaşımları çıxdı qarşıma. Saçları dağınıq-buruq, üzü-özü makiyajsız idi. 
Öyrəşmişik bər-bəzəkli, silikon dodaq, permanent qaş, estetik burunlu blogerlərə. Onunsa tək bəzəyi saçlarına düzdüyü ağ çiçək idi. Üzündən yorğunluq yağsa da, gözlərindən  dünya boyda xoşbəxtlik oxunurdu. Videonun səsini açdım. “Taylanddayam, 70 dollar pulum qalıb və 2 günə vizamın vaxtı bitir” deyirdi. Marağımı çəkdi. Dünyanın o başına səyahətə gedəsən, cibində pulun olmaya? 


Söhbət“evim”dir dediyi bel çantası ilə  uzaq Asiya ölkələrini  qarış- qarış gəzən, səyyah Ahu Kamranlıdan gedir. Dünyanın müxtəlif qitələrini gəzib yeni məkanlar kəşf edən Ahu maraqlı adət-ənənələr öyrənib, bizim adət-ənənələrimizi də  onlara  öyrədir. Handpan ifaçısı olduğunu deyən gənc azərbaycanlı gəzdiyi ölkələrdə yerli insanlarla musiqi dilində ünsiyyət qurur, elə “çörək pulu”nuda küçələrdə musiqi ifa etməklə qazanır. Qeyri müəyyənliklərlə və sürprizlərlə dolu, plansız çıxdığı bu yola  “avtostop turu” adını verib. 
Handpan ifa edərək və bilərzik sataraq dünyanı gəzən Ahu Kamranlı paylaşımlarının birində  “ağlamağa da  vaxt yoxdur” deyir: 
“Phnom Penh”dən səhər saat 7-də avtobusla çıxdım və istiqamətim Banqkoka idi. 13 saatlıq yol gedəndən sonra axşam saat 8-də Banqkoka gəlib çatdım.
Hələ bir 10 saatlıq da yolum var idi “Surat Thani”yə keçmək üçün, amma nə ilə gedəcəyimi bilmirdim.
Çiynimdə azı 25 kq yük ilə metroya minib internetdən baxdığım qatar stansiyasına getdim (Hua Lamphong). Dedilər artıq yeni stansiya var, sən ora get (Bang sue). Yenidən bir də ora keçdim, gördüm qatar bileti qalmayıb və elə hiss elədim ki, içimdən oturub bir kənarda ağlamaq gəlir, amma boğdum.
Qarşıma çıxan ilk oğlandan bu gecə “Surat Thani”yə necə gedib çıxa bilərəm deyə soruşdum. Artıq saat 11-ə işləyirdi. Oğlan yenidən metroya minib “Bangbumru” stansiyasına getməli olduğumu dedi.
Elə bunu deyən kimi vaxt itirmədən gəldim və son qatarın tərpənməyinə 30 dəqiqə qalmış bileti aldım. Beləcə, gecənin son nəqliyyat vasitəsilə şəhərdən ayrıldım”.


Avqustinin bir sözü var: dünya bir kitabdır və səyahət etməyənlər onun yalnız bir səhifəsini oxuyurlar.
Ahu Kamranlını daha yaxından  tanıyıb,  macəralarını bilmək üçün özü ilə əlaqə saxladım.
İstədim “Yaşadığın qəfəsin fikirlərdən ibarət olduğunu anladığın zaman, azad olacaqsan” devizi ilə yaşayan gənc qızı oxucularımız da tanısın, onun sözü ilə, gözü ilə dünyaya virtual səyahət etsinlər:
30 yaşı var, Bakı şəhərində doğulub böyüyüb və səyahətə çıxana qədər ailəsi ilə bərabər yaşayıb. Turizm vəmenecment təhsili üzrə Mingəçevir Turizm kollecində, ardınca isə Biznes menecment ixtisası üzə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

-Hazırda hansı ölkədəsiniz və hara getməyi düşünürsünüz?

-Elə yenicə Kamboçyadan Taylanda keçmişəm. Hələki burada yaşayıram, növbəti ölkə haqqında düşünmürəm. 

-Avtostop turunuz necə başladı, haradan başladınız?
-2023-cü ilin may ayında başladı. Üç ay Türkiyənin cənubunu Mersindən Tekirdağa qədər olan sahillərdəki şəhərləri, kəndləri və qəsəbələri avtostopla gəzdim.

-Bəs sonra?

- Tək başıma bir qərar aldım və bilet alıb tanımadığım bir ölkəyə, Şri- Lankaya  getdim. Ora gedəndə heçkəsi tanımırdım.Yerlilərin arasına qatıldım və onlarla səmimi münasibətlər qurdum.
“Couchsurfing” proqramından istifadə edərək sadəcə yerlilərin evində ödənişsiz qaldım.Mənimlə yeməklərini bölüşdülər və çox zaman məni gəzdirdilər.Turistlərin olduğu yerlərdə bilərzik sataraq və handpan ifa edərək pul qazandım.
Tanış olduğum hərkəsə hekayəmi danışdım və bu mehriban insanların hər biri mənə dəstək oldular.Heç kəsdən və heç yerdən gözləntiyə girmədim.Özümü axışa buraxdım və yoluma inandım.


-İndiyə qədər neçə ölkə gəzmisiniz?

-10 ayda 5 ölkə gəzmişəm. Hər birində nə qədər qalacağıma isə o an, orada ikən qərar verirdim ,yenə də elə davam edir. 

-Təkbaşına dünya səyahətinə çıxmaq, uzaq ölkələrə getmək çətin olmadımı?

- Çətindir, ancaq qarşılığında aldığım şeylərə görə bu çətinliyi çəkməyə dəyir. 

- Səfərə çıxanda özünüzlə nə aparırsınız?

-Evim bel çantamdadır, gecələmək üçün çadırım, paltarlarım, bəzək əşyalarım, gigiyenik əşyalarım, ayaqqabım, dəftərim,kitabım. Ümumi 15 kq olur adətən bel çantam. Onu kürəyimə taxıram, önümə isə musiqi alətim və yol yoldaşım olan handpanimi taxıram. O da 7kq-dır. 

-Təəssüfləndirici hal olsa da, bizim ölkəmizdə qız uşaqlarının dünya səyahətinə qarşı çıxan ailələr var, bəlkə də yüzlərlə qız bu arzusunu dilə gətirməyə belə cəsarət edə bilmir. Sizin ailəniz necə qarşıladı?
-Mənim ailəm də ilk başda qorxduqları üçün (ölməyimdən,itkin düşməyimdən və s. bu kimi şeylərdən) sərt və emosional  reaksiya göstərdilər, hətta bir dönəm o qədər təsir edə bildi ki anam mənə, qərarımı belə sorğulatdı. Ancaq mən onun hisslərini başa düşdüm, gördümki o qorxur, amma mən qorxmuram.Öz qərarımda qətiyyət göstərdim və sağollaşıb, halallaşıb yola çıxdım. İndi hər biri məni dəstəkləyir, hətta xoşbəxtdirlər mənim adıma.


-Təkbaşına səyahət etməyə qorxmursunuz? Turlarla gedirsiniz, yoxsa ayağınız hara, başınız da ora?

-Ayağım hara, başım ora gedirəm. İlk başlarda qorxu hissim çox güclü gəlirdi, hətta youtube videolarımı izləsəniz, orada hiss edəcəksiniz o enerjini, lakin get-gedə qorxularımı görməyə, anlamağa başladıqdan sonra artıq hansının gerçək, hansının zehnimin oyunu olduğunu çox vaxt görə bilirəm.

-Heç təhlükəli və qorxulu hadisələrlə rastlaşdığınız oldumu?

-Hər ölkənin  özünə xas çətinlikləri ola bilir həqiqətən də. Ancaq bunları danışmağa keçməzdən əvvəl onu da bərabərində qeyd etmək istəyirəm ki, nə vaxt bir çətinliyim olsa, köməyim də yanımda olur.Yada artıq çətinliyin içindəki çarələri görə bilirəm.Məsələn, Malayziyada ölkəyə girişdə pasportuma giriş damğası vurulmamışdı, pasportumu məmura təqdim etdiyim halda.Və bu da mənə böyük bir çətinlik yaratmışdı, ancaq eyni zamanda qalacaq rahat yerim və mənə canla-başla kömək etməyə hazır olan insanlar da var idi ətrafımda. Kamboçyada ölkəyə girən kimi xəstələndim və eyni zamanda yerli biri ilə dostluq münasibətim yarandı və o insan mənim qayğıma qaldı, gecələyə biləcəyim çox münasib qiymətə bir yer tapdı, çünki ölkəyə girəndə sadəcə 35 dollar pulum qalmışdı və xəstə hiss etdiyim üçün enerjim yox idi yer axtarıb tapmağa. 4 gün orada ölkənin ən riskli məhəllələrindən birində yaşadım, yerli insanlara qarışdım və o dostluq qurduğum insan mənim üçün əlindən gələn hərşeyi etdi.Bunların hər birini youtube kanalımdakı videolardan da izləyə bilərsiz.



-Müxtəlif ölkələrdə müxtəlif  mədəniyyətlərlə tanış olursan. Bu, əlbəttə, möhtəşəm bir şeydir.Amma çətinliklər də olmamış deyil. Nəticədə tanımadığın ölkədə dilini bilmədiyin insanların arasına düşürsən və başına hər an xoşagəlməz hadisələr gələ bilər. Səyahət etdiyin ölkələrdə başına gələnlərdən danışaq bir az.

-Kitablarımın çoxunu türk dilində oxuduğum üçün adətən ədəbi tərəfimi türk dilində də rahat ifadə edirəm. Rus dilini biraz bilirdim, ancaq yollarda tanış olduğumsəyahətçilərlə danışa-danışa o da inkişaf etdi. İngilis dilim yola çıxdıqdan sonra çox daha rahatlaşmağa və yumşalmağa başladı.Musiqi dilini artıq bir ildən bəridir ki, danışmağa başladım və get-gedə daha yaxşı anlamağa və ifa etməyə davam edirəm.Və son olaraq da sevginin dilini danışa bilirəm.

- Avtostop edəndə qorxmursunuz? Yad ölkə, yad adam…

- Türkiyədə ilk dəfə avtostopa başlayanda qorxurdum, çünki hamı orada dünyanı gəzən bir qadının təcavüzə uğradığından danışırdı. Hətta mənimlə yol yoldaşlığı edən bir neçə nəfər mənə tez-tez deyirdilər ki, diqqətli ol.Mən də intuisiyama güvənərək davam edirdim.Kamboçyada avtostop edərkən bir dəfə duydum o qorxu hissini, lakin yenə də risk aldım.Çox vaxt qorxularımın üzərinə gedirəm.


-Dünya səyahəti hər nə qədər əyləncəli olsa da, həm də çox  bahalı bir istirahətdir. Ailəniz təmin edir, yoxsa həm qazanıb, həm gəzirsiniz?

-Mən də əvvəl elə bilirdim ki, dünyanı gəzmək üçün milyonlara ehtiyacım var. Lakin bir gün dünyanı gəzən bir səyyahla qarşılaşdım Türkiyəni gəzəndə və o danışdıqca gördümki, onun edə bildiklərini mən də edə bilərəm. Dünyanı gəzmək üçün puldan əvvəl cəsarət lazımdır, sonra pulu qazanmağın yollarını da yolda ikən öyrənirsən.Mən Handpan ifaçısıyam, getdiyim bəzi yerlərdə musiqi alətimi ifa edərək, bəzi yerlərdə isə öz əl işimlə hazırladığım qolbaqları turistlərə sataraq gəzirəm.

-Səyahətlərdə nə qədər maliyyə gedir?

-Artıq mən bunu səyahət də adlandırmazdım əslində. 6 aydan bəridir ki, yollarda yaşayıram və nə qədər qazanıb nə qədər xərclədiyimin hesabını tutmağı sevmirəm.

-İlk baxışdan videolarınıza baxan zəngin biri təəssüratı bağışlayırsınız təbii olaraq. Bu qədər ölkə  gəzmək "hər adam"ın işi deyil  axı. Amma bir çox videolarınıza baxanda  görürük ki, 5  ulduzlu hotellərdə dincəlmirsiz, küçə-küçə gəzirsiz.Bu zövqdür, yoxsa ehtiyac?

-Bu səyahət növü, əslində, dünyada illərdən bəridir ki, məşhurdur. “Backpacking” çətin, amma həyat dolu olan bu yolu seçməyimdə səbəbim həm pulumun olmaması həm də pulsuz bu həyatdan ala biləcəklərimi almaq verə biləcəklərimi də vermək idi. Və dünyanın bir çox yerində hələ də pulsuz dəyiş-toxuş edə biləcəyimiz şeylər mövcuddur.

-Bir çox ölkələrdə olanda "50 manat"ım qaldı, "70 dollar"ım qaldı  deyirsiniz. 50 manatla səyahətə necə davam edirsiniz bəs?  

-İlk növbədə pulumun bitməsindən və sıfıra düşməyimdən qorxmuram, əvvəllər bundan çox qorxardım.Məsələn, şüuraltı olaraq ölüm qorxusu ilə əlaqələndirilir bu hiss. Ancaq indi ölümü də gözə aldığım üçün məni heçnə narahat etmir, pulum bitsə belə, qarşıma yeni yollar və mənə dəstək olmaq istəyən insanlar  çıxır. Məsələn, youtube kanalımdakı Kamboca videomda bunun şahidi ola bilərsiniz.



-Coğrafi olaraq daha çox hansı ölkələrə səyahət etməyi sevirsiniz, hansı xalqların mədəniyyəti sizi cəlb edir?

- Hələ ki 6 aydan bəridir Asiya ölkələrini gəzirəm, bura məni çox cəlb edirdi. Bütün xalqların mədəniyyəti məni cəlb edir, hazırda olduğum adada (Thailand, Koh Phangan) dünyanın bir çoxölkələrindən bura gəzməyə gələn gənclərlə tanış olurum. Onlarla hər dəfə söhbət etdikcə daha da maraq yaranır içimdə onların ölkələrini kəşf etmək üçün. 

-Səfərlər, fərqli ölkələr sizi yormur? Bəzən adam rayondan Bakıya gələndə belə yorğun düşür üç gün ...

-Sizi çox gözəl başa düşürəm. Bacardığım qədər balansı qorumağa çalışıram. Çünki bəzən yeni kəşf etdiyim yerlər mənə o qədər həyəcan verir ki, bədənimin yorğunluğunu unuduram və bədənimi çox gücə salmış oluram. Məsələn, iki həftə çadırda qalıramsa, çalışıram ardından bir neçə gün ya hosteldə, yada bir evdə qalım ki, dincəlim. Əvvəllər daha çox çətinlik çəkirdim, get-gedə həm bədən öyrəşir, həm də hansı yorğunluğun zehni, hansının fiziki olduğunu ayırd edə bilməyə başlamışam. 
Onu da deyim ki, çantalı səyahətçi dincəlmək xarakterli deyil, kəşf xarakterli gəzir.
Heç bir gözləntisi yoxdur, istədiyi sadəcə yaşadığı dünyanı kəşf etməkdir.
Qarşısına çıxan hər situasiyaya açıqdır, axışda üzür, ancaq eyni zamanda görmək istədiyi və xəyalını qurduğu yerlər də mövcuddur.
Bəzən günü sadəcə bir bananla yola verə bilir, gecəni çadırda keçirdir.
Bəzənsə qonaq qəbul edilir və ziyafət çəkir.
Hər günü bir macəradır. Yaxşının və pisin ardında olan hərşeyi olduğu kimi görməyi niyyət edir və özünü yollara atır.

-Nə zamana qədər tək səyahətləriniz davam edəcək, evlənmək haqqında düşünürsünüzmü..

-Hələ ki yolda olmaqdan zövq alıram. Evliliyi isə axışa buraxmışam. 

-Ümumiyyətlə, gələcəklə bağlı planınız nədir?

-Bu anda gələcəklə bağlı planım yoxdur.

-“Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı" prinsipi nə dərəcə doğrudur?  Gəzdiyiniz ölkələrdə heç " qurban olum, Azərbaycan" deyirsiniz?

-Bütün dünyadakı sərhədlər qalxsa, geriyə sadəcə bir vətən qalır, o da yaşadığımız dünya...



-Videlarınızda gördüm. Həm də meditasiya ilə məşğul olursunuz. Hobbidir, yoxsa iş?

-Meditasiya nə hobbi, nə də işdir. Həyatımın bir hissəsidir. 

-Meditasiyaya nə vaxtdan başlamısınız?

- 4 il bundan əvvəl başlamışam, mental gücümü buradan alıram. 

-Nə kimi faydaları var insanın həyatına, bədəninə, ruhuna?

-Mənim həyatıma, bədənimə, ruhuma bu kimi təsirləri olduki, yollarda çiynimdə 22 kq yük ilə tanımadığım yad ölkələrdə tək gəzərkən, özümlə,  daxili gücümlə əlaqə qura bilməyimə, özümü dəstəkləyə bilməyimə və yola davam etməyimə güc verdi və verir də. 

- Ruh  demişkən, getdiyiniz ölkələrdə dini məbədlərə də baş çəkirsiniz yəqin ki. İnancınız nəyədir, kimədir?

- Dini məbədlərə baş çəkirəm ona görə ki, müxtəlif dini yerlərdə insanların inanclarını, rituallarını, analiz etməyi sevirəm. Hamı eyni şeyi fərqli yollardan anlatmağa çalışır, amma o şey nədir, hələ onu kəşf etməmişəm. 
Getdiyim bütün dini məbədlərdə oranın ruhunu duymağa çalışıram, hələ ki bütün bu dinlərlərlə yavaş-yavaş uzaqdan tanış oluram.
Bütün dinlərdə gördüyüm bir çox oxşar cəhətlər və ortaq nöqtələr var.
Amma əminəm ki, kökdə yatan bir şey var və bütün bu budaqlar o kökdən çıxır.
O kökü tapmaq üçün yollardayam.
Dünyanı,dinləri və mədəniyyətləri kitablardan ziyadə gəzərək öyrənməyin niyyətindəyəm.Bu səyahətə çıxanda niyyətim yaşadığım dünyanı kəşf edərək içimdəki dünyanı tanımaq,  tapmaq və yaratmaq idi, axtarış hələ də davam edir 

- Ruhun varlığına inanırsınız, yoxsa sadəcə bu dünya var?

-Madiyyatla mənəviyyatın orta xəttini tutmağa çalışıram.

-Sizin üçün bu həyatda ən böyük amil nədir? İnsan öz xarakterini necə formalaşdırmalıdır?
- Hazırda  mənim üçün ən böyük amil qərar verə bilmə bacarığıdır. Çünki çox vaxt tək olduğum üçün bütün qərarlarımı özüm verirəm. 

-Gənclərə məsləhətiniz nədir?

-Səyahət etməkdən, yeni yerlər kəşf etməkdən, yeni insanlarla tanış olmaqdan qorxmayın və özünüzü buna qadir görün. Məni izləyin, sizə bunların yollarını göstərəcəm.