TƏKLİF: “Həmsədr ölkələr dəyişdirilsin !”– İrəliləyiş yoxdur 


“Hər dəfə XİN rəhbərlərinin görüşündən öncə erməni təxribatına şahidlik edirik”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib. 

Ekspert bildirib ki, görüş öncəsi təxribat erməni hökumətinin “güc göstərisi” kimi qiymətləndirilə bilər. Lakin, heç kimə sirr deyil ki, bunun üçün onların heç bir iqtisadi və hərbi resursu yoxdur: 



“Hesab edirəm ki, vəziyyətin bu həddə çatmasında əsas pay sahibi ATƏT-in Minsk Qrupudur. Onların 30 ilə yaxındır bu məsələdəki vasitəçiliyi və erməni təxribatlarına göz yummaları bizim üçün nəinki müsbət, hətta mənfi hal yaradıb.

Təbii ki, diplomatik təmaslardan tamamilə imtina etmək doğru olmaz. Biz bu zaman erməni hökumətinə dəstək vermiş olarıq. Bu mənada emosional addımlar atmaqdan çəkinməliyik. Lakin, Minsk Qrupunun fəaliyyətini olduqca aşağı qiymətləndirirəm.

Təklif etmək lazımdır ki, həmsədr ölkələr dəyişdirilsin. Çünki, indiki formatla hər hansı nəticə əldə edə bilmirik. Nazir Elmar Məmmədyarovun həmkarı ilə görüşünü digərlərindən fərqləndirmirəm.

Heç bir müsbət nəticəyə ümid yoxdur. Erməni hökuməti kompromisə getmək niyyətində deyil. Dağlıq Qarabağı işğaldan yalnız hərb yolu ilə geri qaytara bilərik”.