"Prezident İlham Əliyev bütün həm regional həm də beynəlxalq tədbirlərdə və görüşlərdə Dağlıq Qarabağ məsələsinə xüsusilə toxunur. Ermənistanın işğalçı siyasətindən, Azərbaycana təcavüzündən geniş bəhs edir, Ermənistanı ifşa edir".
Bu sözləri “Sherg.az”a millət vəkili Ceyhun Məmmədov deyib.
Prezident İlham Əliyevin Soçidə Valday klubunda və Münhen Təhlükəsizlik konfransındakı çıxışında bunu bir daha təkrarladığını xatırladan deputat deyib ki, "Natsionalnaya oborona" nəşrinə müsahibəsində də Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxunub:
"Ölkə başçısı müsahibədə Azərbaycanın faşizm üzərində qələbəyə böyük töhfə verdiyini, Azərbaycanın 600 mindən çox nümayəndəsinin müharibədə iştirak etdiyini, onlardan 300 mininin həlak olduğunu, 120-dən çox Sovet İttifaqı Qəhrəmanının əslən Azərbaycandan olduğunu, 170 mindən çox Azərbaycan əsgər və zabitinin müxtəlif orden və medallarla təltif edildiyini qeyd edib. Həmçinin Qızıl Ordu üçün neftin 70 faizini, yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycanın təchiz etdiyini bildirib. Ermənistanın isə həmişəki kimi xəyanətkarlıq nümayiş etdirdiyini, Ermənistanda faşizmin qəhrəmanlaşdırıldığını, Ermənistanın əvvəlki hakimiyyətinin Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyduğunu xüsusi vurğulayıb".
C. Məmmədov prezidentin "Natsionalnaya oborona" nəşrinə müsahibəsində Dağlıq Qarabağ münaqişənin həlli yollarından da geniş bəhs etdiyini deyib:
"Münaqişənin həlli yolunun işğal olunmuş ərazilərimizin azad olunmasından keçdiyini vurğulayıb. Bu gün bütün beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. BMT-nin Ermənistanın Azərbaycan torpaqlarının qeyri-şərtsiz azad olunması ilə bağlı qətnamələri var. Ancaq Ermənistan beynəlxalq hüququn normalarını pozaraq Azərbaycan torpaqlarını işğaldan azad etmir. Ancaq bu uzun müddət belə davam edə bilməz. Qeyd etmək lazımdır ki, son illər həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycan ordusu böyük uğurlar əldə edib. Bu gün ordumuz güclü ordular kateqoriyasına daxil olub, ən müasir silahlarla təchiz olunub. Azərbaycan hər an torpaqlarını düşməndən azad etməyə hazırdır. Ölkə rəhbərliyi torpaqlarımızın sülh yolu ilə həllinə çalışır. Mümkün olmadığı təqdirdə torpaqlarımızı müharibə yolu ilə alacağıq. Bunun üçün bütün zəruri tədbirlər həyata keçirilir. Müsahibədə Prezident İlham Əliyev həmçinin Rusiya ilə Azərbaycanın bir sıra sahələrdə əməkdaşlığına və birgə keçirilən layihələrə də geniş toxunub. Hesab edirəm ki, əvvəlki müsahibə və görüşlərində olduğu kimi, bu müsahibədə də Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini bir daha ifşa etdi. Azərbaycan ordusunun gücü və imkanları barədə geniş məlumat verdi. Azərbaycanla Rusiyanın əməkdaşlığının perspektivləri barədə ətraflı məlumat verdi".