Sözümüzü deməliyik ! - “Güc faktorundan başqa alternativ qalmır” 

“İndiyə qədər problemin bir neçə həll variantları masaya qoyulsa da, son anda Ermənistan danışıqları pozub”

“Paşinyan hökumətinin torpaqlarımızda əsaslı tikintilər aparması narahatlıq doğurur”



“Prezidentin xarici işlər nazirlərinin görüşlərinin mənasız olması barədə bəyanatı əslində danışıqların bütün formatının pozulmasının təsdiqiqdir”
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 
Partiya təmsilçisi vurğulayıb ki, həmsədrlərin bütün fəaliyyəti indiki status-kvonun saxlanılması üçündür: 

“Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan Kreml rəhbərinin xoşuna gəlməsə də, Moskva Dağlıq Qarabağı strateji məsələ hesab edir. Hər dəfə Azərbaycan ordusu hərbi əməliyyatları bərpa edən kimi Ermənistan rəhbərliyi böyük təşviş və narahatlıqla sülhdən danışmağa başlayır. 2016-cı il aprel döyüşlərində ordumuzun dayandırılması barədə müdafiə nazirimiz bəzi etiraflar etdi. Təbii ki, bu məsələyə görə, kimisə qınamaq düzgün deyil. Supergüclərin tələblərini diqqətə almamaq daha ağır fəsadlar törədə bilər. Münaqişənin dondurulması Ermənistanı hər zaman gərgin saxlasa da, Rusiya hakimiyyətini qane edən ən ideal variantdır. Pandemiya ilə əlaqədar çətin iqtisadi duruma düşən Rusiya və Ermənistan Qarabağda uzunmüddətli müharibə aparmaq imkanında deyil. Hətta problemin həlli ilə məşğul olan təşkilatların hazırladığı istənilən razılaşma həyata keçərsə və tərəflər sülh sazişinə imza atarsa, bu, Moskvanı qane etməyəcək. Ona görə də işğalçı qüvvələr sülh danışıqlarından imtina edirlər”. 



Analitikə görə, indiyə qədər problemin bir neçə həll variantları masaya qoyulsa da, son anda Ermənistan danışıqları pozub: 

“Rusiyanın xarici işlər naziri S.Lavrovun problemin hərbi yolla həllinin olamamasını səsləndirməsi və Bişkek protokoluna əsaslanaraq atəşkəsin müddətsiz olduğunu deməsi rəsmi Bakını qane etmir. Azərbaycan Prezidentinin çıxışlarında hərbi yolla torpaqların azad olunması variantını istisna etməməsi və son hadisələr göstərir ki, münaqişənin həllində Azərbaycana güc faktorundan başqa alternativ qalmır. Paşinyan hökumətinin həyasız davranışları və işğal altında olan torpaqlarımızda əsaslı tikintilər aparması narahatlıq doğrurur. Ermənistanın davranışları və işğal olunmuş ərazilərimizdə davamlı tikinti işləri aparması çox ciddi siqnaldır. Biz nəhayət öz sözümüzü deməliyik”. 

V.Əfəndiyev qeyd edib ki, indiyə qədər əldə olunmuş bütün razılaşmaların sıfırlanmasını istəyən Paşinyan çox ciddi səhvə yol verdi: 

“Dünyada postpandemiya dövrünə ciddi hazrılıq gedir. 2020-dən sonra fərqli idarəçilik və yeni iqtisdi modul müstəvisinə keçməyə hazırlaşır. Ekoloji vəziyyətə diqqət artacaq. Həm iqtisadi, həm də dövlətlərarası münasibətlərdə yeni yanaşmalar olacaq. Lokal münaqişələr öz həllini tapacaq. Rusiya və Çinlə bağlı sürpriz qərarlar gözlənilir. Yenilənmiş dünyada Azərbaycanın hansı səfdə duracağı gələcəyimizin qarantı ola bilər”.