Qarabağda demoqrafik vəziyyət xeyrimizə dəyişəcək

Şuşa, Laçın və Kəlbəcərdə əhalinin məskunlaşması başlıca şərtdir

“Qarabağın dağlıq hissəsində, hazırda ermənilər yaşayan rayonlarımızda tezliklə demoqrafik vəziyyət Azərbaycanın xeyrinə dəyişəcək”. Bunu “Şərq”ə açıqlamasında İrəvan Azadlıq Təşkilatının sədri, Qərbi Azərbaycan İrəvan Respublikasının sözçüsü Təbriz Musayev deyib. Birlik rəhbəri vurğulayıb ki, işğal nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş insanımızın sayı 28 il əvvəl 700 min nəfəri ötürdü. Həmin ərazilərdə yaşayan ermənilərin sayı isə hətta özlərinin şişirtmə rəqəmləri ilə desək, 150 min nəfəri keçməyib:



“Əhali artımı nəticəsində məcburi köçkünlərimizin sayı milyonu ötüb. Qarabağın dağlıq hissəsində ermənilərin sayı Rusiyanın bütün səylərinə baxmayaraq, 52-53 min nəfəri keçmir. Ona görə də ilkin vəzifəmiz Xankəndi daxil olmaqla, Xocalı və Xocavəndə azərbaycanlıların köçürülməsini təmin etməkdir. Bölgədə demoqrafik vəziyyət zamanla bizim xeyrimizə dəyişəcək. Təkcə Xankəndində yaşamış və bu gün ata yurdlarına qayıtmaq istəyən insanlarımızın sayı 15 minə yaxındır.

Bu, böyük rəqəmdir. Xocalı və Xocavənddən olan vətəndaşlarımızı da əlavə etsək, say etibarı ilə orada olan ermənilərdən çox oluruq. Nəzərə alaq ki, 53 min erməninin heç də hamısı həmin bölgədə yaşamış insanlar deyil. Ermənistanın ayrı-ayrı yerlərindən Qarabağa qanunsuz köçürmələr olub və təəssüf ki, proses bu gün də davam edir. Bizim doğma yurdlarımıza kütləvi axınımızdan sonra əmin olun ki, müxtəlif vasitələrlə oraya toplanmış ermənilər tədricən torpaqlarımızı tərk edib Ermənistana qayıdacaqlar”. 

T.Musayev hesab edir ki, Xankəndi, Xocalı və Xocavəndə vətəndaşlarımızın köçürülməsini təmin etmək üçün ilk növbədə nəzarətimizdə olan ərazilərə köç prosesi başlamalıdır:

“Xankəndi və ətraf rayonlarda insanlarımızın özlərini təhlükəsiz hiss etmələri üçün Şuşa, Laçın və Kəlbəcərdə əhalinin məskunlaşması başlıca şərtdir. Bundan sonra dörd tərəfi azərbaycanlılarla əhatə olunan Xankəndi və ətraf rayonlarda yaşayan ermənilər heç bir neqativ fəaliyyətə təşəbbüs göstərə, özbaşınalıq edə bilməyəcəklər.

Köçürülmə prosesinin ardıcıllıqla həyata keçirilməsi erməni etnosu ilə bağlı beynəlxalq aləmdə bizə qarşı əsassız ittihamlara yer qoymayacaq”.