Sərt təpki:“Rusiya və Ermənistan razılaşmanı heçə sayır”

“Qarabağda Azərbaycanın suveren hüquqlarını pozmaqda davam edirlər”

“Düşmən qüvvələrin siyasi və diplomatik təzyiqləri qarşısında Azərbaycan zərrə qədər də geri çəkilməməlidir!”.
Bu sözləri BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib. 
 Professor məsələ barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Rusiya və Ermənistan mövcud razılaşmaları heçə sayaraq Qarabağda Azərbaycanın suveren hüquqlarını pozmaqda davam edirlər və bütün vasitələrlə bu ərazilərdə möhkəmlənməyə çalışır. İrəvan şəhər rəhbərliyinin Xankəndinə “rəsmi” səfəri və qondarma rejimin başçıları ilə müxtəlif sənədlərin imzalanması, Rusiya sülhməramlılarının Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər üçün bir aylıq “vətənpərvərlik aksiya”sının təşkili, davamlı şəkildə onlara humanitar yardım paylanması, müxtəlif yerlərdə ermənilər üçün tibbi yardım məntəqələrinin təşkili düşmən qüvvələrin əsl niyyətlərini ortaya qoyur. Bütün bunlar Azərbaycan hakimiyyətinin qəti addımlar atmasını labüd edir”. 



 S.Məmmədli görülməsi vacib olan tədbirləri də sadaladı:

“Rəsmi Bakı məcburi köçkünlərimizin Xankəndi və ətraf ərazilərə qaytarılması, Rusiya sülhməramlılarının statusunun müəyyənləşdirilməsi məsələlərində və düşmən qüvvələrinin “İskəndər” raketindən istifadə etməsinə aydınlıq gətirilməsi tələbində daha  qətiyyətli olmalıdır. Həmin istiqamətlərdə birmənalı addımlar atılmalıdır.

Azərbaycan Ermənistanın bu illər ərzində ölkəmizə vurduğu ziyanı tələb etməli və düşmən ölkə həmin maddi vəsaiti ödəyə bilmədiyi halda Zəngəzuru və Göyçə torpaqlarını təhvil verməlidir.

Son günlər beynəlxalq güc mərkəzlərində ermənipərəst qüvvələrin diplomatik canfəşanlığı və Azərbaycanın əleyhinə yönəlmiş fəaliyyətləri, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin, Rusiya XİN rəhbəri Lavrovun, Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin sədri Karasinin bəyanatları ölkəmizə qarşı atılmış addımlardır.

Bu bəyanatlar fonunda Azərbaycan rəhbərliyinin ATƏT-in Minsk qrupuna Qarabağdakı proseslərə yenidən qarışmasına razılıq verməsini doğru hesab etmirəm”.