“Ermənistan 30 ilə yaxın hüquq pozuntusu törədib” – Araşdırılsın! 

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində Rusiyanın təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında üçtərəfli görüş keçirilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Görüşdə üçtərəfli formatın səmərəliliyi qeyd edilərək son 9 ay ərzində Qarabağda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə tərəflərin gördüyü işlər müsbət dəyərləndirilib. 

Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələrinə təhkim olunan Baş Hərbi Prokurorluğunun nümayəndələri ilə əlaqəli şəkildə törədilən hüquqpozmalara dair məlumatların mübadiləsi, habelə həmin məlumatlar üzrə müvafiq tədbirlərin görülməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.
Kamran Əliyev 44 günlük Vətən müharibəsindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini qeyd edib.

Mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyəti diqqətə çatdırılıb və bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirilib.

Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycan və Ermənistandan olan həmkarlarına bölgə xalqlarının rifahı naminə sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməsi ilə bağlı razılaşmanı bir daha dəstəkləyiblər.

Müzakirənin başqa dövlətin ərazisində aparılmasının düzgün olmadığını söyləyən millət vəkili Ceyhun Məmmədovun “Sherg.az”a açıqlamasına görə, bu gün Azərbaycanla Rusiya arasında ölkə rəhbərliyi səviyyəsində əlaqələr var. Ona görə də belə mövzular həmin ölkələrin ərazisində müzakirə olunmalıdır:

“Hər kəsə bəllidir ki, hüquqpozmalarını daha çox Ermənistan həyata keçirir. Ermənistan da 30 ilə yaxın hüquq pozuntusu törədib, niyə bu günə kimi heç bir reaksiya verilmədi? Əlbəttə, belə müzakirələrin arxa məqsədləri var. Dəfələrlə demişik ki, bölgəyə sülh və əməkdaşlıq gəlməlidir. Bunun üçün ölkələr öz aralarında söhbət aparmalıdırlar. Qarabağla bağlı proseslər başqa ölkədə müzakirə obyekti olmalı deyil. Azərbaycanın qanun pozuntusuna yol verdiyinə dair Ermənistanın hansısa faktı varsa, bu, araşdırılsın. Amma 30 il ərzində Ermənistanın dağıtdığı ərazilər, əhalimizin qətlə yetirilməsi kimi pozuntuları da araşdırmaq lazımdır. Azərbaycan açıq və birbaşa münasibətlərin tərəfdarıdır. Hesab edirik ki, kənarda aparılan müzakirələr ölkələrarası münasibətlərin inkişafına töhfə vermir. Ermənistan yenə də təxribatlara davam edir və düzgün mövqe sərgiləmir. Bu da bölgədə müsbət prosesə heç bir təkan vermir”.

Yeganə Bayramova