"Məndən olsa, yurduma sabah qayıdaram"

Seymur Verdizadə: "Amma reallıqlar var. Buna görə də bir qədər səbirli olmalıyıq"

"Qarabağda bəşəriyyət adına fəlakət törədilib. Bu fəlakətin aradan qaldırılmasında bütün bəşəriyyət səfərbər olmalıdır"

Ötən gün Prezident İlham Əliyev şuşalıların doğma yurdlarına köçürüləcəyi vaxtı açıqlayıb. Prezident diqqətə çatdırıb ki, bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoyub: "Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik. İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri.

Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq".
"Yenisabah.az” saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə "Şərq"ə açıqlamasında bildirib ki, təxminən 30 illik ayrılıqdan sonra doğma yurda qayıtmaq hər bir azərbaycanlının arzusudur. Baş redaktor qeyd edib ki, təkcə qarabağlılar deyil, hər bir vicdanlı Azərbaycan vətəndaşı işğaldan azad olunmuş ərazilərimizi görmək, cənnət Qarabağa qovuşmaq istəyir: "İşğaldan azad edilmiş rayonlarımıza səfərlər təşkil olunanda biz bunu müşahidə edə bilirik. Qarabağlı olduğum üçün yaxın çevrəmdəki insanların həmin günü necə səbirsizliklə gözlədiyindən xəbərim var. Ötən ilin oktyabrında kəndimiz işğaldan azad olunanda demişdim ki, birinci mən özüm geri qayıdacağam. Məndən olsa, sabah qayıdaram. Amma reallıqlar var. Buna görə də bir qədər səbirli olmalıyıq". 

S.Verdizadə vurğulayıb ki, Azərbaycan  xəbis və nankor düşmənlə üz-üzədir:

 "Ermənistan hakimiyyətində bir qrup korafəhim, dar düşüncəli, manqurt xislətli adam təmsil olunur. Bu adamların içindəki kin-küdurət mina xəritələrini Azərbaycana təqdim etməyə imkan vermir. Buna görə də ərazilərin bərpası uzanır. Ərazilər minalardan təmzilənmədiyi üçün infrastruktur yaratmaq mümkün olmur. Beynəlxalq ictimaiyyət Ermənistanı buna məcbur etməlidir. Dövlət başçısı da qeyd etdi ki, ərazilərin bərpası üçün vəsait tələb olunur. Aydın məsələdir ki, Azərbaycan maksimum fədakarlıq edir. Amma Ermənistanın törətdiyi dağıntının miqyası o qədər böyükdür ki, mütləq əlavə mənbələrə ehtiyac var. Başda BMT olmaqla bütün nüfuzlü beynəlxalq təşkilatlar Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayətin izlərini aradan qaldırmaq üçün əlini daşın altına qoymalıdır. Qarabağda bəşəriyyət adına fəlakət törədilib. Bu fəlakətin aradan qaldırılmasında bütün bəşəriyyət səfərbər olmalıdır".

Aynurə Pənahqızı