Qarabağ bölgəsi sürətlə inkişaf edəcək


Sənaye parkının və iqtisadi zonaların yaradılması gələcəkdə bütün ölkə ərazisində tətbiq olunmalıdır

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Dövlətimizin başçısına sənaye parkı haqqında məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. 

Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır. Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaq. Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında Azərbaycanın işğaldan azad olunmuş regionlarında sənaye parklarının və iqtisadi zonaların yaradılmasının həmin bölgələrin dirçəldilməsi və investisiyaların cəlb olunması üçün nəzərdə tutulduğunu deyib. Ekspert qeyd edib ki, ilkin mərhələdə  bölgələrdə iqtisadi aktivliyi təmin etmək üçün ciddi təşviq proqramlarına ehtiyac var:

"Bu məqsədlə Azərbaycan hökuməti də həmin bölgələrdə investorlar üçün vergi və gömrük güzəştlərini tətbiq etməklə, təşviq proqramları təklif edir. İlkin mərhələdə bu ola bilər ki, özünü doğrultsun və doğru bir yanaşma olsun. Amma, fikrimcə, gələcəkdə Azərbaycanın ərazisini nəzərə alaraq bütün ölkə ərazisində azad iqtisadi zona və parkların yaradılması fəlsəfəsinə uyğun olaraq qaydaların tətbiqi olunması daha doğru addım olar. Çünki həmin bölgələrə daha çox iqtisadi zonaların və aqro parkların yaradılması baş verəcəksə, biznesin ordan qeydiyyatdan keçməsi digər bölgələrdə iqtisadi aktivliyin zəifləməsinə səbəb ola bilər. Ona görə də ümumillikdə bir neçə ildən sonra Azərbaycanın tamamında iqtisadi azad iqtisadi zona fəlsəfəsinə uyğun təşviq proqramlarının qəbul olunması daha doğrudur. Bu həm ölkənin tamamına investorların cəlb olunmasına, həm də iqtisadi aktivliyn artırılmasına xidmət edə bilər. Amma hələlik, ilkin mərhələdə həmin bölgələrin bərpası nöqteyi-nəzərindən yaxın 5 ildə həmin bölgələrdə fərqli, daha cəlbedici iqtisadi fürsətlərin və qanunvericiliyin, güzəştlərin olması doğru yanaşmadır. Fikrimcə, növbəti 5 ildən sonra ölkə  ərazisində artıq eyni yanaşmanın tətbiq edilməsi daha doğru olar".