“Qarabağda azərbaycanlılarla ermənilər birgə yaşayıblar”

“İndi ermənilər Azərbaycan torpaqlarında yaşamaq istəyirlərsə, qanunlarımıza tabe olmalıdırlar”

Sosial Tədqiqatlar Mərkəzi (STM) azərbaycanlılarla ermənilərin birgəyaşayışına və müharibənin yenidən başlamasına münasibəti öyrənmək üçün 603 respondent arasında sorğu keçirib.
Sorğu zamanı müəyyən olunub ki, əhalinin mühüm bir hissəsi (66.2 faizi) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını, 19.4 faizi isə bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür. Cəmi 4.8 faiz   respondent hesab edir ki, bu, yaxın gələcəkdə mümkündür. O da məlum olub ki, ermənilərlə birgəyaşayışın mümkün olmayacağını bildirən gənclər digər yaş qrupundan olan respondentlərlə müqayisədə üstünlük təşkil edir.

Sorğunun nəticəsi haqda “Sherg.az”a danışan sabiq millət vəkili ,  professor və tarix elmləri doktoru Həvva Məmmədova deyib ki, əvvəllər Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayıblar:

“O yerlər bizim tarixi torpaqlarımızdır. Ermənilər Qarabağa sonradan köçürülüblər. Sovet dövründə emrənilərin  Azərbaycan torpaqlarına köçürülməsi prossesi davam edib. Onlar gəldikdən sonra azərbaycanlıları öz yurd-yuvalarından didərgin salıblar. Məsələn, 1937-ci ildə “Qıtlıq var” bəhanəsi ilə, Azərbaycan türkləri dədə-baba yurdlarından köçürüldülər. Beləliklə, erməniləşdirmə siyasətinə davam etdilər. Ulu Öndər Heydər Əliyev 1982-ci ildə Azərbaycandan getdikdən sonra Qarabağdakı soydaşlarımızın sayı azalmağa başladı.Ümummilli lider orda milli kadrları işə cəlb edir, azərbaycanlıalrın sayını artırmağa çalışırdı. Lakin o getdikdən sonra Qarabağda yenidən erməni mütəxəssisləri yerləşdirdilər. Ona görə də azərbaycanlıların Qarabağda yaşadığı ən xoşbəxt günlər Heydər Əliyevin adı ilə bağlıdır. Onun gedişilə çətin və ağır zamanlar başladı, evlərimizdən, əzəli torpaqlarımızdan ayrı düşdük, 30 il həsrət çəkdik. Çox şükür ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan və rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdilər”.   

H.Məmmədova onu da əlavə edib ki, ermənilər Azərbaycan torpaqlarında yaşamaq istəyirlərsə, qanunlarımıza tabe olmalıdırlar:

“Qarabağda yaşayan insanlar Ermənistanın köləsinə çevriliblər, onlar sərbəst deyillər, müstəqil fikir yürüdə bilmirlər. Biz də öz torpaqlarımıza qayıdıb yaşamaq istəyirik. Kim istəyirsə,  qalsın. Amma bütün qanunlara əməl etməlidirlər”.