Sülh danışıqlarına az qaldı

"Növbəti görüş Putinin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında olacaq"

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya rəhbəri Vladimir Putinlə görüşündə Qarabağ “münaqişəsi”nin həll olunmamış qaldığını bildirib. Paşinyan deyib ki, hələlik regionda vəziyyətin tam sabitliyindən danışmaq olmaz. Onun sözlərinə görə, bölgədə münaqişənin həlli və təhlükəsizliyin təmin edilməsində Rusiya önəmli rol oynayır. Ermənistanın baş naziri qeyd edib ki, Moskva-İrəvan arasındakı sıx təmaslar “Rusiya-Ermənistan münasibətlərinin yüksək dinamikasına və strateji müttəfiqlik əlaqələrinin önəmli olmasının qarşılıqlı anlaşmasına dəlalət edir”. 

Rusiya prezidenti də şəxsi görüşlərin məhsuldar və nəticə əldə etmək üçün yaxşı imkan olduğunu qeyd edib. Putin regionda uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması üçün qarşılıqlı əlaqələrin zəruri olduğunu bildirib. Həmçinin, erməni baş nazirə rəsmi və qeyri-rəsmi söhbət üçün birlikdə nahar təklifi də edib. Xatırladaq ki, 2021-ci ildə Putin və Paşinyan arasında üç görüş keçirilib, liderlər 10 dəfədən çox telefonla danışıblar. 

Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov vurğulayıb ki, iki ölkə rəhbərinin bir-birinə ünvanladığı qısa müraciətlərdən görüşün məzmunu barədə ilkin təəssüratlar almaq mümkündür. Ekspertin sözlərinə görə, görüş məhz Moskvanın təşəbbüsü ilə baş tutub və gündəlikdə çox ciddi və ətraflı müzakirəsi tələb olunan məsələlər yer alıb:

 “Belə olmasaydı, Putin Paşinyana onunla “nahar etmək” şansı verməzdi. “Rəsmi və qeyri-rəsmi şəraitdə söhbət aparmağa” işarə isə Paşinyana özünü sakit aparmaq barədə xəbərdarlıq kimi başa düşülə bilər. Putinin qeyri-rəsmi leksikonunda nələrin olduğu Paşinyana məlum olmamış deyil. Görüşdə MDB Sammitinin yada salınması orada da Ermənistanla bağlı mühüm məsələlərin müzakirə ediləcəyinə eyhamdır. Burada Ermənistanın Belarusun ardınca irəli çəkilməsindən söhbət gedə bilər. Putin regiondakı ümumi nizamlama prosesinə toxunur və bu halda Qarabağın adını çəkmir. Bu o deməkdir ki, Qarabağ məsələsi artıq Rusiyanı Ermənistan qədər ciddi maraqlandırmır və narahat etmir”. 

Siyasi şərhçiyə görə, Paşinyanın Moskvaya Putin tərəfindən dəvət edildiyini vurğulaması Qərbdəki havadarlarına bir mesaj idi: “O, öz xoşu ilə Putinlə görüşmək arzusunda olmadığını bildirmək istəyir və sanki Rusiyanın caynağından qurtulmaq üçün yardım umur. Qarabağ münaqişəsinin həll olunmaması fikrini irəli atmaqla və bu məsələnin Putinin də qeyd etdiyini deməsi Ermənistanın baş nazirin diqqəti digər məsələlərdən ayırmaq üçün manevr etməsi kimi də başa düşülə bilər. Bu həm də görüşə böyük ümidlə baxan erməniləri sakitləşdirmək üçün ona lazım idi”.

Politoloq Məhəmməd Əsədullazadə də qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Putinlə görüşündə “Dağlıq Qarabağ münaqişəsi”ndən danışması, “status” cəhdləri uğurlu olmayacaq. Analitikə görə, Moskva Ermənistanın bu mövqeyini dəstəkləmir:

“Rusiya tərəfi buna getmədi, sülhü və əməkdaşlığı Paşinyana xatırladaraq buna son qoydu. Çox güman, Paşinyan bundan istifadə edəcək. Daxili siyasətdə Rusiyanın etimadını zəiflədəcək və Kremli Ermənistan üçün etibarsız müttəfiq kimi xarakterizə edəcək. İndiki proseslərdə İrəvanın deyil, Bakının mövqeyi əsasdır. Moskvaya əlavə problem onun Qarabağda sülhməramlı missiyasına zərbə vura bilər. Müəyyən qaz güzəşti və hərbi yardımlarla Kreml öz şərtlərini Paşinyana diktə etdi. Görüşdə Zəngəzur dəhlizinin açılmasının vacibliyi də danışıqlar predmeti olub. Rusiya tərəfi Türkiyə ilə danışıqlarda dəhlizin açılmasına razılıq verib. Növbəti görüş Putinin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında olacaq”.