Çıxış yolu yoxdur!- “Ermənistan sülh müqaviləsinə getməlidir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib. Onun sözlərinə görə, Ermənistan vaxtilə işğal altında saxladığı və Vətən müharibəsi nəticəsində azad edilən Azərbaycan ərazilərində hər şeyi yerlə-yeksan edib, yandırıb, dağıdıb: “Ancaq bu gün Azərbacan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda xeyli işlər görüb. Əminəm ki, Azərbaycan dövləti həmin əraziləri yenidən bərpa edəcək və ora həyat qayıdacaq”.

Nazir vurğulayıb ki, Türkiyə Azərbaycana əlindən gələn dəstəyi verir və gələcəkdə də verəcək:
“Ancaq Qarabağda yenidənqurma işlərinin sürətlənməsi üçün ermənilər tərəfindən həmin ərazilərdə basdırılan minaların təmizlənməsi lazımdır. Bunun üçün kifayət qədər texnologiya da var. Ancaq həmin ərazilərdə minaların harada basdırıldığı məlum deyil. Ermənilər minalanmış ərazilərin bəzilərinin xəritələrini Azərbaycana veriblər, ancaq digərlərini hələ də verməyiblər.

Hesab edirəm ki, Ermənistanın ən qısa zamanda bu məsələləri asanlaşdırmaq, sülh və əməkdaşlıq münasibətlərini normallaşdırmaq istiqamətində müsbət addımlar atması lazımdır. Ermənistan həmin ərazilərdə basdırdığı bütün mina xəritələrini ən qısa zamanda Azərbaycana verməlidir. Çünki ərazilər minalardan təmizlənməlidir ki, insanlar öz yurd-yuvalarına dönərkən həyatlarını itirməsinlər. Can Azərbaycan heç vaxt tək olmayıb və biz heç bir vaxt Azərbaycanı tək buraxmayacağıq. Bunu hər kəs bilsin!”

Ermənistanın daxilində sülh müqaviləsinin bağlanması üçün hazırlıq getdiyini bildirən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev “Sherg.az”a söyləyib ki, bu günə qədər Ermənistanı müharibə statusunda saxlamağa çalışanların indiki rəhbərlik tərəfindən həbs olunmasına başlanılıb:

“Onların əlində böyük pullar var. Eyni zamanda dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyiblər. Paşinyan bunu gündəmə gətirməklə müharibədəki məğlubiyyətini sığortalamaq istəyir. Rusiyanın isə bu məsələlərə səssiz qalması və Ermənistanı dəstəkləmədiyinin şahidi oluruq. Həmçinin ATƏT həmsədrləri də artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının tərəfdarıdır. Rəsmi İrəvanın digər çətinliyi Gürcüstanın öz iradəsini ortaya qoymasıdır. Ermənistanın yanında yalnız İran qalıb. Amma İranın özünün nə imkanları var ki, Ermənistana da köməklik etsin? Ona görə də bu cütlük uğursuz bir platformadır”.

Çavuşoğlunun peşəkar diplomat olduğunu vurğulayan professorun fikrincə, o, bildirmək istəyib ki, Ermənistanın çıxış yolu yoxdur və mütləq sülh müqaviləsinə getməlidir:

“Çünki bütün müharibələrin sonu sülhlə bitib. İnanıram ki, Azərbaycanla-Ermənistan arasında da sülh sazişi imzalanacaq. Bu saziş hər iki ölkəyə lazımdır. Biz erməni mifologiyasına birdəfəlik son qoymaq üçün sülhün imzalanmasını lazımlı hesab edirik. Çünki “sapı özümüzdən olan baltaların” ağzının yumulmasını istəyirik. Paşinyanın bu addımı atmağa qadir olduğunu düşünürəm. Həm erməni xalqı onu dəstəkləyir, həm də sülh sazişi Ermənistanı iflasdan qurtaracaq və yeni bir dövlət kimi Cənubi Qafqazda ilk addımlarını atmağa başlayacaq. Çünki Ermənistan dövlət deyil, onun-bunun “qoltuğuna” sığınmış “yetim uşaq” kimidir”.