Qarabağda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq

Azərbaycanın artıq yeni məhsulları Avropa bazarına daxil olacaq

Ötən gün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin 9 aylıq fəaliyyətinə həsr olunan mətbuat konfransında bildirib ki, hazırda Heyvanların İdentifikasiyası və Qeydiyyat Sisteminin yaradılması istiqamətində proqram təminatının yaradılması həyata keçirilir. O bildirib ki, test sınaqlarının keçirilməsində operativliyin, o cümlədən sınaq müddətində sonrakı fəaliyyətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür: 

"İşğaldan azad olunmuş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvan xəstəliklərindən azad zonalar yaradılacaq. Artıq bununla bağlı hüquqi bazanın yaradılmasına və təşkilati işlərin görülməsinə başlanılıb. Sistemi tətbiq etməklə bütün heyvanları izləyə biləcəyik. Heyvanların hamısının keçirdiyi xəstəliklər, vaksinasiyası, hansı təsərrüfata aid olduğu barədə məlumatlar sistemdə əksini tapacaq. Heyvan xəstəlikləri üzərində dövlət nəzarətinin təmin olunması heyvan mənşəli məhsulların ixracının artmasına imkan verəcək. Hazırda Azərbaycandan Avropa İttifaqı ölkələrinə qoyun yunu və balın ixrac edilməsinə icazə verilməsi üzərində iş gedir". 

Avropa Birliyinin Azərbaycan üçün vacib bazarlardan biri olduğunu deyən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, Avropa Birliyi həm də Azərbaycanın xarici ticarət dövriyyəsində əsas tərəfdaşıdır.  Millət vəkili diqqətə çatdırıb ki, xüsusən Azərbaycanın xarici ticarətinin 40 faizindən çoxu Avropa Birliyinin payına düşür: 

"Azərbaycan ixracatında da Avropa Birliyi əhəmiyyətli paya malikdir. Amma Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq daha çox enerji məhsullarının Avropaya ixrac edilməsi üzərində qurulub. Ona görə də Avropa bazarına qeyri-enerji məhsulları ilə daxil olma Azərbaycan üçün prioritetdir. Nəzərə alsaq ki,  söhbət  500 milyondan artıq istehlakçısı olan Avropa Birliyi bazarına daxil olmaqdan gedir. O baxımdan təbii ki, Azərbaycanın artıq yeni məhsullarla Avropa bazarına daxil olması, o cümlədən kənd təsərrüfatı məhsullarının Avropa bazarına ixracatı praktik olaraq qeyri-neft sektorundan daxil olmalara müsbət təsir göstərəcək". 

V.Bayramov əlavə edib ki,  əsas məqsəd daha dayanıqlı bazarlara qeyri-neft məhsullarını çıxarmaqdır:

 "Bu da nəticə etibarilə ölkənin valyuta gəlirlərinin artmasına və Avropa Birliyinin Azərbaycan arasındakı ticarət dövriyyəsinin difersifikasiya olunmasına səbəb olacaq".