Ayrıca piyada və velosiped yolları çəkiləcək

Füzuli işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərə çevriləcək

"İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq"

Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının Qarabağda quruculuq işlərinə nə dərəcədə həssas yanaşmasının sübutudur. Növbəti belə səfər oktyabrın 17-də baş tutub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar. Səfər əsnasında qeyd olunub ki, işğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək sürətlə davam etməkdədir. 

Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması məqsədilə bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilməkdədir. Dövlət başçısı səfər çərçivəsində Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Daha sonra Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub. Həmçinin, “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin də təməlini qoyub. Füzulidə ilk yaşayış binalarının və şəhərin təməli də qoyulub. Təməlqoyma mərasimlərindən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Görüş zamanı dövlət başçısı Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, Cəbrayıl və Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsinin işğalçılardan təmizlənməsi bizə əlavə mənəvi güc verdi. Ölkə rəhbəri bildirib ki, Füzuli rayonunda birinci mərhələdə 450, sonrakı mərhələdə 300 evin tikintisi nəzərdə tutulur: “Torpaq da yaxşı, münbit torpaqdır. İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra, əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq”. 

Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Qarabağın “Hava Qapısı” elan olunan Füzuli şəhəri yenidən canlanacaq. Deputatın sözlərinə görə, ermənilər tərəfindən tamamilə dağıdılan və viran edilən şəhər növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək: “Müasir standartlar və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərə çevriləcək. Yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq.  Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək”.

Parlament üzvü xatırladıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub: “17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Füzuli şəhəri yalnız hündürmərtəbə binalardan ibarət olmayacaq. Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək, həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan öz yurdlarına qayıdacaqlar. Beləliklə, işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərin inşaatına başlanılır. Xeyirli və düşərli olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin”.