Ermənilər cəfəng danışır

Beşikdağ məbədi Xankəndi yolunun sağ tərəfində yüksəklikdə ucalıb

Məbədin alban memarlığı incisi olduğunu onun quruluşu da təsdiqləyir

Ermənistan Prezidenti Armen Sarkisyan teleqram-kanalından sentyabrın 26-da 44 günlük İkinci Qarabağ müharibəsi ərəfəsindən paylaşım edib. Paylaşımda 4 kilsə şəkli qısa şərhlə müşayiət olunur: “Bizim gözəl və müqəddəs vətənimiz”. Kilsələrdən biri Ermənistanda yerləşirsə (Hor Virap), üçü Qarabağda, Azərbaycan ərazisindədir - Qazançı, Gəncəsar və Vəngəsar. İlk iki məbəd barədə çox eşitsək də, sonuncu barədə məlumat demək olar ki, yoxdur. Bəs harada yerləşir bu Vəngəsar kilsəsi? 

Millət vəkili Elnur Allahverdiyev deyib ki, söhbət Ağdam şəhərindən 10 km aralıda yerləşən Şahbulaq qalasının yaxınlığında olan Beşikdağ yüksəkliyindəki IV-VII əsr kilsəsindən gedir. Deputatın sözlərinə görə, kilsə tarixi ədəbiyyatımızda elə belə də adlanır: - Beşikdağ məbədi: “Ağdərədən Xankəndiyə gedən yolun sağ tərəfində yüksəklikdə ucaldılıb. Yerləşmə coğrafiyası olduqca stratejidir: ətraf ərazilər sanki ovuc içindədir. Memar Gülçöhrə Məmmədova “Qafqaz Albaniyasının memarlığı” kitabında Beşikdağ kilsəsi barədə məlumat verir. Tarixi mənbələrə görə, məbəd IV-VII əsr Qafqaz Albaniyası memarlığı nümunəsidir, alban çarı II Vaçe tərəfindən inşa etdirilib. Bunu erməni tarixçi Makar Barkudaryan da təsdiqləyir. Qeyd edir ki, kilsə Arşakilər sülaləsindən olan Qafqaz Albaniyası çarı II Vaçe tərəfindən sifariş edilib. Kiçik bir haşiyə çıxıb qeyd etmək yerinə düşər ki, Arşakilər sülaləsinin türk mənşəli olması barədə çoxsaylı sübutlar mövcuddur və onun ermənilərə hər hansı aidiyyəti barədə danışmaq absurddur. 

Beşikdağ məbədinin alban memarlığı incisi olduğunu onun quruluşu da təsdiqləyir. Bu məbədin əkizi Gədəbəy ərazisindəki Kilsədağ məbədidir. Fərq ondadır ki, Kilsədağ məbədində daxili sütunlar tikilinin mərkəzində, Beşikdağda isə divarlara bitişik inşa olunub. 1960-cı ildə məbəd ilk dəfə Zelik Yampolski tərəfindən tədqiq edilib. Tikilinin planını və quruluşunu çəkən Yampolski onun erkən orta əsrlər alban memarlığına aid olduğunu qeyd edib. Daha bir maraqlı fakt ondan ibarətdir ki, yerli camaat bu məbədi daha çox “Koroğlunun qalası” adlandırırlar...”.
Parlament üzvü vurğulayıb ki, Ağdamın işğalı illərində şübhə yox ki, kilsə binası ermənilər tərəfindən “kosmetik” təmir edilib: “Onların “kosmetik” işləri necə etdiklərini yaxşı bilirik. Məsələn, iki addımlıqdakı XVIII əsr Şahbulaq qalası sanki sehrli çubuq vasitəsilə az qala 2 min il keçmişə qaytarılıb və “əfsanəvi Tiqranakert”ə çevrilib. Ermənilərin uydurmasına görə, burada erməni çarı Tiqranın (əslində onun parfiyalı olmasına dair çoxsaylı tarixi araşdırmalar mövcuddur –red) inşa etdiyi şəhər olub. Tarix elminə məlumdur ki, Tiqranın yaşadığı ərazi Ön Asiyadır. 

Ermənilər iddia edirlər ki, Tiqran hakimiyyəti illərində 4 Tiqranakert adlı şəhərin əsasını qoyub. Onlardan nəinki biri, hətta birincisi Ağdam ərazisində yerləşir. Yəni Tiqran 2 min il əvvəl Ön Asiyadan durub gəlib Qarabağda şəhər salıb, sonra heç nə olmamış kimi, vətəninə digər 3 şəhəri tikməyə qayıdıb. Erməni tarixçilərin zamanda unikal teleportasiya bacarıqları yenilik deyil. Burada diqqəti başqa məqam cəlb edir: Ermənistan prezidenti erməni cəmiyyətində nə qədər konstitusional səlahiyyətlər sarıdan məhdud imkanlı fiqur olsa da, işarələdiyi məbədlərlə “vətən”inin koordinatlarını göstərir və ictimaiyyətə siqnalar ötürür. Bir tərəfdən ölkənin əsas fiquru olan baş nazir sülhdən danışır, digər tərəfdən isə formal prezident Azərbaycan ərazisinə iddialarından əl çəkmir”.