Erməni generalın Laçın dəhlizinə keçməsi həyasızlıqdır



Partiya rəhbəri bildirib ki, Azərbaycan tərəfi məsələyə artıq son nöqtəni qoymalıdır

Ermənistanın Müdafiə naziri general-mayor Arşak Karapetyan noyabrın 6-dan 8-nə kimi Qarabağda səfərdə olub. Arşak Karapetyan Qarabağa səfəri çərçivəsində burada olan erməni ordusunun tör-töküntüsü ilə görüşüb və onların döyüş hazırlığını yoxlayıb. Erməni əsgərlərini mükafatlandırıb. Müəmmalı olan generalın  bu səfərə gəlməsinə və Laçın dəhlizini keçməsinə kimin icazə verməsidir.

Görünür, Rusiya sülhməramlıları bu dəfə də erməni məramlı olduqlarını subut ediblər. Ermənistan müdaifə nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi və qondarma rejmin başçısı Araik Arutyunyanla görüşməsi onu göstərir ki, Ermənistana İkinci Qarabağ savaşı dərs olmayıb. Ona görə də təxribatçı fəaliyyətlərini ən üst səviyyədə davam etdirirlər. Digər məqam isə odur ki, Rusiyadan sülhməramlı fəaliyyəti həyata keçirən olmaz. Bu arada Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikaları atıcı silahlardan atəşə tutulub. Müdafiə Naziriliyinin yaydığı məlumata görə, bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli vurğulayıb ki, Ermənistan müdafiə nazirinin Azərbaycan ərazilərinə icazəsiz səfəri, Kəlbəcərdə yol çəkən mühəndis texnikalarının atəşə tutulması göstərir ki, Qarabağla bağlı baş verənlər çox qarışıq olsa da, nəticə olaraq bir hədəfə hesablanıb: 

- məğlubiyyətdən sonra diktə edilən şərtlərdən yayınmaq: “Dövlət başçılarının üçtərəfli görüşünün Paşinyan tərəfindən təkzib olunması bunun bir göstəricisi idi. Görünür, bu görüş həqiqətən planlaşdırılmışdı. Hər halda Kremlə yaxın agentlik əsassız məlumatı bu cür tirajlamazdı. Hərçənd ki, biz bu görüşün olacağına şübhə ilə yanaşmışdıq. Çünki bu tarixdə ölkəmizdə Vətən müharibəsində qazanılan zəfərin ildönümünün olması, İrəvanda isə məğlubiyyətin ildönümü münasibətilə etirazların planlaşdırılması göstərirdi ki, görüş həmin tarixdə keçirilməyəcək. Bu azmış kimi müdafiə naziri Qarabağa səfər edir. Avtomatik sual yaranır, Laçın dəhlizinə yerləşən rus qüvvələri nə işə baxır? Missiyaları ermənilərin köçürülməsi, inşaat işlərinə yardım edilməsi idi, yoxsa təhlükəsizliyə təhdid yaradanları müşahidə etmək və qarşısını almaq?! Bu sual ritorikdir, bir ildi deyirik, cavabı yoxdur. Ardınca Peskovun “malalamaq” məqsədli bəyanatı səslənir. Bir neçə gün öncə görüşlə bağlı fikirlərinin əksini səsləndirir və Ermənistanın görüşdən yayındığı görüntüsünü verməyə çalışır. Lakin çox absurddur. Amerika kimi supergüc dövlətin baş edə bilmədiyi Rusiya Ermənistanla “dil tapa bilmir”? Bir ölkənin razı olduğu şərtlərə onun forpostu nə vaxtdan burun çevirə bilər?”.
Partiya rəhbəri bildirib ki, Azərbaycan tərəfi məsələyə artıq son nöqtəni qoymalıdır: “Düzdür, Karapetyanın Qarabağa səfərinə Azərbaycan Müdafiə Nazirliyinin cavabı təqdirəlayiqdir. Cavabda qarşı tərəfə həm antiterror əməliyyatı ilə bağlı xəbərdarlıq edilir, həm də  müharibədə məhv edilmiş erməni generallarının aqibəti xatırladılır. Dolayısı ilə, "bir də bizim torpaqlara gəlsəniz, taleyinizin nə olacağını düşünün" deyir. Ancaq bizimki artıq deməkdən keçib, zaman icra zamanıdır. Görüşdükləri məkanlar, tanış olduqları mühəndislik işləri onların başına yıxılmayınca, hələ çox karapetyanların səfərini mətbuat tirajlayacaq. Hələ çox "Kəlbəcər təxribatları" törədiləcək. Görünür, yumruğa öyrəşən başlarının yenə buna ehtiyacı var. Üstəlik, Rusiya Silahlı Qüvvələri bütün bunları görməzdən gəlirsə, biz də onların müvəqqəti yerləşdirildiyi ərazilərə nəzarəti ələ alıb, elə onlara da layiqli cavabımızı verməliyik”.