Britaniya şirkəti Zəngilanda: “Bu, ölkəmizin və bölgənin təhlükəsizliyi üçün..."

“İranın Azərbaycana qarşı ola biləcək təhdidlərinin də qarşısını ala bilər”

“Britaniya şirkəti bölgəyə yatırım edirsə, bu digər ölkələrə də nümunə olacaq. Nəticədə digər dövlətlər də Azərbaycana investisiya yatıra bilər”


Azərbaycan hökuməti ölkədə qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo Asian Mining Plc" (AAM) şirkətinin işçilərinə müqavilə əsasında işğaldan azad olunan Zəngilana girişinə icazəsi verib.

 "Vejnəli" müqavilə sahəsi Cənubi Qərbi Azərbaycanın Zəngilan rayonunda yerləşən təxminən 300 kvadrat kilometr ərazini əhatə edir. Müqavilədə Azərbaycanın payı 51 faiz, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 faiz təşkil edir.

 Bəs "Vejnəli" yatağında 49 faiz payı olan Böyük Britaniya şirkətinin bölgədə olmağının Azərbaycan və bölgə üçün nə kimi dvidentlər vəd edir?

Sualımızı cavablandıran siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, sözügedən şirkətin bölgədə olmağı Böyük Britaniya dövlətindən də dəstək qazanmağımız deməkdir:

“Bu iki ölkə arasında böyük bir layihədir. Böyük Britaniyanın işğaldan azad edilmiş bölgəyə gəlməsi bölgənin təhlükəsizliyi ilə sıx bağlıdır. Həmin şirkətin bölgədə olmağı bölgənin və ölkəmizin təhlükəsizliyinin müdafiəsi deməkdir. Qlobal layihələr həyata keçirən böyük şirkətlərin dövlətlərinin də həmin bölgənin təhlükəsizliyinə marağı olur. Bu həmin bölgənin təhlükəsizliyinin də qarantıdır. Bir sözlə adıçəkilən şirkətin Zəngilanda olması Böyük Britaniyadan dəstək qazanmağımız anlamına gəlir. Məlum addım regionda iqtisadi inkişafa da müsbət təsir göstərəcək. Britaniya şirkəti bölgəyə yatırım edirsə, bu digər ölkələrə də nümunə olacaq. Nəticədə digər dövlətlər də Azərbaycana investisiya yatıra bilər”.

A.Nərimanlının fikrincə, Zəngilanın yerləşdiyi coğrafi mövqedə Britaniya şirkətinin olmağı İranın Azərbaycana qarşı ola biləcək təhdidlərinin də qarşısını ala bilər:

 “Hazırda İranla Azərbaycanın münasibətləri yaxşıdır, lakin elə bir vəziyyət foramalaşar ki, münasibətlər yenidən gərginləşər. Nəticədə Azərbaycana cənubdan kifayət qədər təhdidlər yaranar. Bu mənada Britaniya şirkətinin bölgədə olmağı cənubdan gələn təhdidlərin qarşısını ala bilər. Digər tərəfdən Türkiyə ilə müttəfiqlik müqaviləmiz var.  Əgər hər hansı təhdid olarsa, Türkiyənin müdaxilə etməsi mümkündür”.

Xanlar Əlibəy