Deputat: “Laçın dəhlizindən kimin gəlib keçdiyini izləyə bilirik”

Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb. Ölkə başçısı Laçın dəhlizinə diqqət çəkib:

“Dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir.Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə,həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır".

Prezident bildirib ki, Laçın dəhlizi bizim nəzarətimiz altındadır:

"Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır. Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir".

Millət vəkili Fəzail Ağamalı da “Sherg.az”a açıqlamasında qeyd edib ki, prezident yeni fikirlər səsləndirdi, qarşıya ciddi vəzifələr qoydu, Qarabağda  baş verən hadisələrə münasibət bildirdi:

“Həmçinin rus sülhməramlılarının fəaliyyətində müsbət, eləcə də qıcıq doğuran  məsələlərdən danışdı. Bu məqamda Fransa prezidentliyinə namizədin bura xəlvət gəlişi, onun gəlişində və digər məsələlərdə sülhməramlı qüvvələrin oynadığı maraq da Cənab Prezident tərəfindən tənqid edildi”. 

Millət vəkili bəzi şəxslər tərəfindən səsləndirilən “guya Laçın dəhlizinə Azərbaycan tərəfin nəzarəti yoxdur” fikrinə  toxunub:
 “Ölkə başçısı da bildirdi ki, ora gəlib-gedənlərin üzərində bizim də nəzarətimiz var. Laçın dəhlizindən kimin gəlib keçdiyini izləyə bilirik. Bu dəhlizdən keçənlər istənilən halda Azərbaycanın Silahlı Qüvvələri tərəfindən yoxlanılır”.

F. Ağamalı Azərbayacan-Ermənistan sərhəddində fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinə diqqət çəkib: 

“Bildiyimiz kimi bu günlərdə Azərbaycan tərəfinin ciddi narazılığı nəticəsində sülhməramlıların komandanı da dəyişdi. Düşünürəm ki, yeni komandan Müdafiə Nazirliyi səviyyəsində qəbul edilərkən ona cənab nazir tərəfindən ciddi xəbərdarlıq edilib. Bir sıra mesajlar verilib. Bütün bunlardan sonra vəziyyət bir az da ciddiləşəcək. Prezidentin Laçın dəhlizi, eləcə də sülhməramlıların fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər öz nəticəsini verəcək və bundan sonra çağırılmamış qonaqların ora gəlişinə imkan verilməyəcək”. 

Parlamentari söyləyib ki, hazırda Qarabağda aparılan quruculuq işləri  və erməni separatçılarına, onların təxribatlarına qarşı qətiyyətli mövqemiz rəsmi İrəvan üçün çox ciddi psixoloji təzyiqdir:

“Onlar bilirlər ki,artıq  Azərbaycan torpağında  qalma imkanları yoxdur. Bu düşüncə ilə qala da bilməzlər. Azərbaycanın apardığı siyasət, ölkə başçısının müəyyən etdiyi yol xəritəsi tamamilə bizim maraqlarımıza uyğundur. Biz güllə atmadan hər hansısa bir anti-terror əməliyyatı aparmadan erməni separatçıların doğma torpaqlarımızdan çıxmasına nail olacağıq. Onlar isə bütün təxribatların gərəksiz olduğunu anlayacaqlar”.