Erməni təxribatı səngimir! – “...Azərbaycan anti-terror əməliyyatlarına başlayacaq”

“Hazırda Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlıları da bunun üçün kifayət qədər şərait yaradıb”

 “Digər tərəfdən rus sülhməramlılarına da bildirilməliyik ki, onlar ya öz imkanları ilə dörüdüncü bəndin tələblərini yerinə yetirəcəklər, ya Azərbaycan tərəfi təbii ki, onların  tərk-silah edilməsi  ilə bağlı ciddi tədbirlər görəcək”


Martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb. Müdafiə Nazirliyindən  verilən məlumata görə, ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı, Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən  müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər səngiməyən erməni təxribatı barədə “Sherg.az”a danışıb: 

“Hazırda regionda sülhün bərqarar edilməsi, üçtərəfli bəyanatın yerinə yetirilməsi üçün işlər aparılır. Müəyyən bir qüvvələr var ki, onlar  burda sülhün yaradılmasını yox münaqişənin alovlanmasını istəyirlər. Bu regionda böyük dövlətlərin  maraqları toqquşur. Həmin böyük dövlətlər maliyyələşdirdikləri erməni diasporaların vasitəsilə burda öz siyasətini həyata keçirmək istəyirlər. 

Maliyyələşən bu diasporlarsa,  vaxtaşırı həmin qurumlara hesabat verməlidirlər. Hesabatın tutarlı olması atəşkəsin pozulması və münaqişənin “tüstülənməsi” ilə mümkün olur. Hazırda Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlıları da bunun üçün kifayət qədər şərait yaradıb”. 

Ş.Ramaldanov  Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli  Bəyanata diqqət çəkib: 

“Bəyanatın dördüncü bəndi hələ də icra olunmayıb. Həmin bənddə Azərbaycan ərazisindəki erməni silahlılarının tərk-silah edilməsi, onların həmin ərazilərdən xaric edilməsi əks olunub. İndiki halda bu çox vacib məsələdir. Hazırda görürük ki  rus sülhməramlı qüvvələri dördüncü bəndi yerinə yetirmirlər. Bu qüvvələr tərki-silah edilmədiyi müddətdə  isə Azərbayacan üçün təhlükə yaradacaqlar”. 

Polkovnik diqqətə çatdırıb ki, Azərbaycan tərəfi təbii ki, onların  tərk-silah edilməsi  ilə bağlı ciddi tədbirlər görəcək:

“Digər tərəfdən rus sülhməramlılarına da bildirilməliyik ki, onlar ya öz imkanları ilə dörüdüncü bəndin tələblərini yerinə yetirəcəklər , ya da Azərbaycan öz ərazisində anti-terror əməliyyatlarına başlayacaq. Bunun üçün də ölkəmizin yetərli qədər gücü və imkanı var”.