Qarabağa 24 səyyah gəlib

Azər Badamov: "Ermənilərin törətdikləri vəhşiliklər məhz səyyahların gözü ilə dünya ictimaiyyətinə çatdırılacaq"

Dünyanın 10 ölkəsindən olan 24 məşhur səyyahın Azərbaycanın işğaldan azad edilən torpaqlarına səfəri başlayıb. Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan səyyahlar 3 gün ərzində Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan marşrutu üzrə hərəkət edəcəklər. Səfərin ilk günü iyunun 16-da baş tutub. İlk dayanacaq yeri Xocavənd rayonu olub. Qonaqlar Xocavənddə qədim yaşayış məskəni Azıx mağarasında olub, füsunkar təbiəti seyr ediblər. Sonra nümayəndə heyəti Şuşa şəhərinə gedib.

ABŞ-dan olan səyyah Charles Veley deyib ki, ermənilərin işğal dövründə əraziləri minalaması böyük təhlükədir. Onun sözlərinə görə, buralar çox gözəl bərpa olunur. Azərbaycan sürətlə bu işləri görür: “Ermənilərin işğal dövründə törətdiyi dağıntılar dəhşətlidir. Onlar burda hər şeyi dağıdıb, əraziləri isə boş saxlayıblar. Heç təsərrüfatla da məşğul olmayıblar. Məscidlərdə isə donuz saxlayıblar”. Veley ərazilərin ermənilər tərəfindən minalandığını, bunun böyük təhlükə olduğunu vurğulayıb. 

Səyyahların səfəri ilə bağlı “Şərq”ə danışan millət vəkili Azər Badamov deyib ki, işğaldan azad olunmuş ərazilər erməni vandalları tərəfindən düşünülmüş şəkildə dağıdılıb, məhv edilib. Deputat vurğulayıb ki, bu vandalizm aktları Birinci Qarabağ müharibəsindən sonra törədilib: 

“Torpaqlarımız işğal altında olduğu illərdə bütün beynəlxalq platformalardan erməni vandallıqlarına son qoyulması üçün çağırışlar edirdik. Hətta YUNESKO-ya mədəni irsimizin və dini və tarixi abidələrimizin məhv edilməsini və mövcud vəziyyətin dəyərləndirilməsi üçün ermənilərin 30 il işğal altında saxladıqları ərazilərimizə səfər edilməsinə çağırışlar etmişdik. Təəssüf ki, işğal illərində heç kim bu ərazilərə getmədi. Gedənlər isə heç nə olmamış kimi səslərini çıxartmadılar. İndi Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ona görə də erməni işğalının ağır nəticələrini maksimum səviyyədə dünyaya tanıtmağa çalışırıq. Dövlətimiz erməni vəhşiliklərinə dünyanın şahid olması üçün diplomatlar, siyasətçilər, beynəlxalq mətbuat əməkdaşları, xarici qonaqlar, o cümlədən səyyahların həmin ərazilərə səfərlərini təşkil edir. Xarici qonaqların erməni vandalizmini öz gözləri ilə görmələrinə imkan yaradır. Səyyahlar dünyanı gəzirlər, gəzdikləri yerlərdə şahid olduğu səhnələri qələmə alır və çəkilişlər edərək tarixin səhifəsinə çevirirlər”.

Parlament üzvü bəyan edib ki, işğaldan azad olunmuş ərazilərimizdə səyyahlar üçün maraqlı faktlar mövcuddur:

 “Bu ərazilərdəki şəhər və kəndlərimiz yerlə-yeksan edilib, dini abidələr dağıdılaraq təhqir olunub. Mədəni irsimiz məhv edilib və ümumən həmin əraziləri vəhşi qəbilənin keçdiyi yerlərə döndəriblər. Ermənilərin törətdikləri vəhşiliklər məhz səyyahların gözü ilə dünya ictimaiyyətinə çatdırılacaq. Belə səfərlər ermənilərin iç üzünün dünyaya tanıdılması baxımından çox əhəmiyyətlidir”.