Laçınlıların həsrətinə son qoyulur

Mahir Abbaszadə:“Artıq Laçın rayonuna köç başlayır . Mənim özüm də, Laçın rayonunun Zabux, Sus kəndinin, şəhər mərkəzinin əhalisi də bu xoş xəbəri yüksək səviyyədə qarşılayırıq”

“Laçınlılar olaraq  Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna öz təşəkkürlərimizi bildiririk”


Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı  juranlist dövlət baçısına “Azərbaycan tərəfi Ermənistana vaxt vermişdi ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın. Bununla bağlı məsələ nə yerdədir?”- sualını ünvanlayıb. Ölkə rəhbəri bu barədə danışarkən bildirib:

“ Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”. 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə isə yaxın zamanda Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış başlayacaq. Hazırda bu kəndlərə qayıdacaq əhalinin sayı dəqiqləşdirilir: “İşğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə  Laçına gözlənilən qayıdışla bağlı “Sherg.az”a danışıb: 

“Rusiya-Azərbaycan-Ermənistan arasında imzlanmış 10 noyabr Bəyanatına əsasən Laçın rayonunun şəhər mərkəzindən keçməklə Ermənistana gedəcək  yol Qarabağda yaşayan etnik ermənilərin İrəvanla olan əlaqələrinin yaxşılaşdırılması üçün  nəzərdə tutulub. Eyni zamanda Bəyanatın maddələrinə uyğun olaraq Azərbaycan tərəfi yaxın üç il ərzində yeni bir yolun çəkilişini öz öhdəsinə götürüb.

 Hansı ki bu yol Qarabağda yaşayan etnik ermənilərin Ermənistana  gediş-gəlişini asanlaşdırmaq üçün nəzərdə tutulur. Artıq Azərbaycan tərəfi öz üzərinə düşən öhdəlikləri yüerinə yertirir. Bizdə olan məlumatlara görə artıq yeni yol istifadəyə verilib. Belə olduqda bu gün Laçın rayonu şəhər mərkəzinin Sus  və Zabux kəndində olan rus sülhməramlı qüvvələri yeni yolun mühafizəsi ilə məşğul olmağa başlayacaqlar. Bu isə onu göstərir ki, Laçın rayonu şəhər mərkəzinə və eyni zamanda həmin kəndlərdə qeyri-qanuni məskunlaşdırılmış ermənilər bundan sonra həmin ərazilərdən köçürülməli və bu ərazilərdən köçkün düşmüş Laçınlılar öz ata-baba yurdlarına qayıtmalıdırlar. Bununla bağlı Prezident İlham Əliyevin  tapşırıqları var” .

Deputat bütün laçınlıların illərdir, böyük həsrətlə bu günü  gözlədiyini diqqətə çatdırıb:

 “Artıq Laçın rayonuna köçün başlanması onu göstərir ki, bizim həsrətimizə son qoyulur. Mənim özüm də, Laçın rayonunun Zabux, Sus kəndinin, şəhər mərkəzinin əhalisi də bu xoş xəbəri yüksək səviyyədə qarşılayırlar. Laçınlılar olaraq  Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna öz təşəkkürlərimizi bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”. 

M.Abbaszadə  vurğulayıb ki, Azərbaycan Ordusu işğaldan azad etdiyi Zəngilan Kəlbəcər, Laçın və Qubadlı rayonlarının Ermənistanla olan sərhəddinin təhlükəsizliyini kifayət qədər yüksək səviyyədə təmin edir:

“Ermənistan-Azərbaycan sərhəd ərazilərinə ən yaxın məsafə məhz Laçın rayonunun ərazisindədir. Ona  görə də burda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sərhəd xidmətinin əsgər və zabit heyəti sərhədlərimizin yüksək səviyyədə qorunmasını təşkil edirlər”. 

Deputatın sözlərinə görə, ölkəmizin iqtisadi gücü sayəsində Ermənistanla sərhəddə fəaliyyət göstərən Azərbaycan ordusunun postlarına yollar çəkilir, həmin yerlər qaz,su ilə təmin edilir:

“Bu  isə oraya köçürüləcək əhalinin də çox yüksək səviyyədə yaşayacağına dəlalət edir. Bu geri dönüş bizim üçün çox böyük bir bayramdır. Bayarmımız qutlu olsun”.