"Azərbaycan ailəsini adətən 3-4 nəfərdən ibarət hesab etsək, bu, 120-130 min şəxs sayı edir".
Bunu "Sherg.az"a siyasi şərhçi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli azad edilən ərazilərə 34 500 ailənin köçürüləcəyi ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, dövlət xətti ilə köçürülmə prosesi ilə yanaşı, paralel şəkildə Böyük Qayıdışın özünü reallaşdıracaq özəl şirkətlər olmalıdır:
"Eyni zamanda əlbəttə ki, təkcə Qarabağ əsilli şəxslərin qaytarılması nəzərdə tutulmalıdır. Mütləq bölgədə savaşan, vuruşan, orada yaşamağa ehtiyacı olan şəxslərin də yaşam standartlarına izin verilməlidir. Hətta 2026-cı ilə qədər 300-400 min nəfəri geri qaytarmaq mümkündür".
Qeyd edək ki, 2026-cı ilədək azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.