Şuşa aksiyasına SÖZARDI:“Ərazilərimiz ekoloji fəlakət halına gətirilib” 


“Yəqin ki, tələblərimizə cavab verilənə və istismar dayandırılana qədər etiraz aksiyası davam edəcək”

“Bu da erməniləri, Rusiya rəhbərliyini və bölgədəki sülhməramlıları narahat etməkdədir”


"Azərbaycan torpaqlarının uzun müddət erməni vandalizminə və istismarına məruz qaldığı artıq bütün dünyaya bəllidir".
Bunu "Sherg.az"a "Yeni Müsavat" media qrupunun rəhbəri, tanınmış jurnalist Rauf Arifoğlu Qarabağda təbii sərvətlərin qeyri-qanuni istismarından danışarkən deyib. O bildirib ki, ölkəmizin yeraltı və yerüstü sərvətləri, filiz mədənləri, qiymətli metalların çıxdığı ayrı-ayrı yataqlar qanunsuz olaraq istismar olunur:

"Təəssüf ki, məlum istismarda bir sıra Avropa və Amerika şirkətləri də iştirak ediblər. Bütün bunların hamısı Azərbaycanın qanunları, ölkəmiz və Ermənistanın qoşulduğu beynəlxalq konvensiyalara ziddir. Əfsuslar olsun ki, istismar hələ də davam edir. Yeni fraqmentlər bəllidir. Bu prosesdə rusiyalı milyarder, milliyətcə erməni olan Vardanyan iştirak edir. O cümlədən Rusiya sülhməramlı kontingentinin komandanı general Volkovun da bu hadisələrdə rol aldığı haqqında iddialar var. Hazırda Azərbaycan xalqı öz etirazı və reaksiyası ilə sülhpərvərliyinin haqqını verir. Nəticədə də Laçın yolunun Xankəndi və Şuşa ilə birləşmə nöqtəsində Azərbaycanın ekofəalları aksiya keçirirlər. 

Çünki Azərbaycanın erməni tapdağı altında olan və indiki zamanda rus sülhməramlılarının məsuliyyət zonasında qalan torpaqlar ekoloji fəlakət halına gətirilib. Yataqlarımızın istismarı və ekoloji fəlakətin dayandırılmasını tələb edirik. Azərbaycan sülh platformasında bir aksiya başladıb.

 Bu proses bütün cəmiyyət tərəfindən dəstəklənir. Yəqin ki, tələblərimizə cavab verilənə və istismar dayandırılana qədər etiraz aksiyası davam edəcək. Bu da erməniləri, Rusiya rəhbərliyini və bölgədəki sülhməramlıları narahat etməkdədir. Eyni zamanda azərbaycanlı ekofəalların aksiyasında humanitar prinsiplər öz əksini tapır".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev vurğulayıb ki, ölkəmizin sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.