2024-cü ildə daha 5 şəhərimizə qayıdış reallaşacaq
Qarabağ və Şərqi Zəngəzurda ən müasir tələblər səviyyəsində yeni yaşayış sahələri inşa olunur. Qısa zaman kəsiyində Füzuli və Zəngilan rayonlarında beynəlxalq aeroportlar istifadəyə verilib. Laçın şəhərində isə daha bir hava limanının tikintisi davam edir. Laçın şəhər mərkəzi də yenidən qurulub və artıq sakinlərini qəbul edib və burada həyat öz axarına düşür. Şuşa şəhəri də yenidən qurulub. Buradakı tarixi abidələr, milli mədəniyyət nümunələri bərpa olunub və hazırda da işlər davam edir. Şəhər həmçinin bir sıra beynəlxalq tədbirlərə, musiqi festivallarına ev sahiliyi edib. İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Artıq görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutub. Nazirlər Kabineti tərəfindən 2022-ci ildə “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” təsdiq edilib. Həmçinin ötən il Laçın şəhərində, Zabux və Sus kəndlərində Azərbaycanın nəzarəti tam bərpa olunub. Dövlət başçısı İlham Əliyev də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, 1400-dən çox ailənin 2023-cü ildə doğma yurdlarına qayıtması üçün şərait yaradılıb. Prezident vurğulayıb ki, bu il həmçinin beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdış olacaq: “Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn, Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Yəni keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır. Onu da bildirməliyəm ki, qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı bizim qurumlarımız ciddi məşğuldur və həm gedənə qədər onlar üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək. Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar". Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib ki, bu il azad olunan ərazilərə ilk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır. Onun sözlərinə görə, ilk köç Füzuli şəhərinə olacaq: “İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlətimizin başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edəcək. İlk köç yenidən qurulan Füzuli şəhərinə olacaq". Komitə rəsmisi qeyd edib ki, yanvarın 12-də müxtəlif müvəqqəti məskunlaşma obyektlərində də ağır və qəzalı şəraitdə yaşayan Füzuli şəhər sakinləri arasında püşkatma keçiriləcək: "Şəffaflığı və ədalətliliyi təmin etmək üçün keçirilən püşkatma zamanı məcburi köçkünlər əvvəlcədən onların ailə tərkibinə uyğun olaraq ayrılmış mənzillərin yerləşdiyi bina və mərtəbənin yerini müəyyənləşdirəcək. Püşkatmada iştirak etmiş sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürüləcək. İlk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır".
Yanvarın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə növbəti mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 147 ailə iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 57-i ikiotaqlı, 75-i üçotaqlı, 15-i dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri tərəfindən püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanı müəyyənləşdirilir. Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, "Böyük Qayıdış" proqramı çox intensiv və uğurla icra olunur. Deputat diqqətə çatdırıb ki, artıq 2024-cü ildə daha 5 şəhərimizə qayıdış reallaşacaq:
"Eyni zamanda 2025-ci ildə qayıdış prosesinin daha da genişlənməsi gözlənilir. Bu baxımdan qayıdış və məskunlaşma prosesinə uyğun olaraq iş adamlarının daha aktiv şəkildə Qarabağ və Şərqi Zəngəzura investisiya qoyuluşunu həyata keçirməli, iqtisadiyyatın sürətli formalaşmasına dəstək vermələri çox önəmlidir. Artıq xeyli sayda Qarabağda sərmayə qoyuluşu ilə bağlı müraciət edən şirkətlər var. Sahibkarlar çox aktiv şəkildə işğaldan azad olunmuş ərazilərimizə sərmayə qoyuluşu həyata keçirməyə, iqtisadiyyatın formalaşmasına töhfə verməyə çalışır. Bu istiqamətdə proses intensiv şəkildə aparılacaq və biz qısa zamanda Qarabağ iqtisadiyyatının formalaşması və reinteqrasiyasını müşahidə edəcəyik. İlkin gözləntilər və proqnozlar təsdiq edir ki, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizdə təxminən Azərbaycan iqtisadiyyatının 10 faiz həcmində yeni dəyər yaradılacaq. Bu, praktik olaraq 10 milyard manata yaxın yeni dəyərin Qarabağ və Şərqi Zəngəzurda yaradılması anlamına gəlir. Ona görə də Qarabağ və Şərqi Zəngəzur artıq növbəti dövrdə Azərbaycan iqtisadiyyatının yeni drayverinə çevriləcək".