Ermənistan Rusiyanın sanksiyalardan yayınması kanalı kimi çıxış edir -Analitik

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın Qərbə doğru reveranslar etməsi və ölkənin siyasi kursunu dəyişməyə çalışması rəsmi Moskva ilə İrəvan arasındakı münasibətlərdə suallar doğursa da, Ermənistan hələ də Rusiyanın müttəfiqi olaraq qalır. Son illər iki ölkə arasında müxtəlif siyasi gərginliklər müşahidə olunsa da, iqtisadi və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq davam edir. Paşinyan hökuməti açıq şəkildə Avropa və Amerika Birləşmiş Ştatlarıyla yaxınlaşmaq istədiyini göstərir. Lakin iqtisadi göstəricilər Ermənistandakı real vəziyyətin tam fərqli olduğunu sübuta yetirir. Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi son illərdə rekord həddə çataraq 12 milyard dolları ötüb. Bu göstərici Ermənistanın Rusiya ilə əlaqələrini zəiflətmək niyyətində olmadığını, əksinə, Moskvanın maraqlarına xidmət etdiyini ortaya qoyur. 2023-cü ilin rəqəmlərinə görə, Rusiya ilə Belarus (52,7%) və Ermənistan (41,1%) arasındakı ticarət dövriyyəsi ümumi göstəricilərin əhəmiyyətli hissəsini təşkil edir. Bu, Ermənistanın Rusiyaya Qərbin sanksiyalarını aşmaq üçün yardımçı rol oynadığını göstərir. Bu prosesdə əsasən elektronika, maşınqayırma məhsulları və yüksək texnologiyalı avadanlıqlar Ermənistana gətirilərək Rusiyaya ötürülür. Görünən odur ki, Ermənistanın Qərbə yönəlməsi görüntü xarakterlidir və ölkənin real siyasi-iqtisadi kursu hələ də Rusiyaya bağlıdır. Moskva və İrəvan arasında bəzi mübahisələr, diplomatik qalmaqallar baş versə də, bunlar əsasən Paşinyanın daxili auditoriya üçün oynadığı bir teatrın hissəsidir. Rusiya-Ermənistan münasibətlərində görünən gərginlik daha çox gözə kül üfürməkdir.

Siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a vurğulayıb ki, Ermənistan hər nə qədər Moskvaya “meydan oxumaq” siyasətini göstərsə də, onun Rusiyadan ciddi iqtisadi asılılıqları mövcuddur:

“Bu asılılıqlar iqtisadi-ticari, enerji və maliyyə mənzərələrində özünü göstərir. Ermənistanın yeni təhlükəsizlik tərəfdaşları axtarması Kremli qəzəbləndirir, lakin rəsmi İrəvanın iqtisadiyyatını Rusiyasız necə diversifikasiya edəcəyi də Ermənistan üçün indi problemlidir. Bu baxımdan Ermənistan Rusiyadan olan iqtisadi asılılıqlarının təzyiq yaratmaması üçün Moskva ilə şüurlu davranış göstərməyə cəhd edir. Bu, daha çox, iqtisadi sahələri əhatə edir, iki ölkə arasındakı ticarət dövriyyəsinin artması, Rusiya qızılının Ermənistan vasitəsilə üçüncü tərəflərə ixracı həmin rəqəmlərin böyüməsinə yol açır. Yəni bir növ Ermənistan Rusiyanın sanksiyalardan yayınması kanalı kimi çıxış edir və yüksək ehtimalla İrəvan buna görə Moskvadan “təşəkkür” alır. Ehtimal ki, Rusiya Ermənistana gerçəkləşdirməyəcəyi vədlər verir, hərçənd ki, İrəvan bundan duyuq düşür”.

Ekspert qeyd edib ki, ümumilikdə Rusiya ilə Ermənistan münasibətləri gərgin faza kimi daha çox diqqət çəkir:
“Getdikcə tərəflər arasında ixtilafların dərinləşməsi versiyaları həqiqi görünür. Çünki Ermənistanın təhlükəli oyunlara girişməsi gec-tez Rusiyanın səbrini daşıracaq həddi formalaşdıracaq. Belə ssenaridə Rusiyanın Ermənistandakı hərbi bazası vasitəsilə İrəvana qarşı prioritetlərini yeniləyəcəyi istisna olunmur. Azərbaycanın Rusiya-Ermənistan münasibətlərinə müdaxilə etməkdə marağı yoxdur, lakin prosesdən necə faydalanacağı barədə straegiyası mövcud ola bilər. Çox güman ki, Azərbaycan Ermənistanın təhlükəsizlik şəraitini korlamasından doğa biləcək nəticələrə fokuslanır, bu isə Bakının əməkdaşlıq və tərəfdaşlıq üçün coğrafiyasını genişləndirməsi prosesini sürətləndirir. Yəni Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Rusiya ilə yanaşı Qərbdəki tərəfdaşları ilə yeni təhlükəsizlik şəraitini təhlil edir”.