Paşinyan Rusiyaya suallarla getdi, suallarla da qayıdacaq -Politoloq

Rusiya ilə Ermənistan arasında müzakirə olunacaq xeyli məsələ var
 Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyanın Altay diyarına gedəcək. Səfər çərçivəsində onun Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılır. N.Paşinyanın iyulun 25-də də Altayda qalacağı və ekologiya məsələlərinə həsr olunmuş sammitdə iştirak edəcəyi istisna edilmir. Qeyd edək ki, Nikol Paşinyanın səfəri Ermənistan-Rusiya münasibətlərinin müəyyən qədər gərgin olduğu dövrə təsadüf edir. Bəllidir ki, Ermənistan hökuməti xarici siyasət kursunda müəyyən dəyişikliklər edərək Qərblə münasibətləri gücləndirməyə çalışır. Bu isə təbii olaraq müttəfiqi Moskvanı hiddətləndirir. Buna baxmayaraq, Rusiya Ermənistanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biri olaraq qalır. Enerji təhlükəsizliyi baxımından İrəvan hələ də Moskvadan asılı vəziyyətdədir. Görünür, ekoloji sammitdə iştirakla Paşinyan Ermənistanın regional təşəbbüslərdə iştirak etmək niyyətində olduğunu nümayiş etdirməyə çalışır. 
 Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan-Rusiya münasibətləri kifayət qədər mürəkkəb və dinamikdir. Ekspertin sözlərinə görə, Ermənistanla Rusiya çoxtərəfli əməkdaşlıq istiqamətlərinə malikdir: 
"İki ölkə arasında təhlükəsizlik, ticarət, xarici siyasət, o cümlədən logistika və digər istiqamətlərdə əlaqələr və münasibətlər formalaşıb. Son dövrlərdə Ermənistan Rusiya ilə münasibətlərdə praqmatik addımlar atmağa çalışır. Qərblə xarici siyasət istiqamətində münasibətləri gücləndirir. Avropa İttifaqına üzvlüklə bağlı parlamentdə qərar müzakirəyə çıxarılır. ABŞ ilə tərəfdaşlıq memorandumu imzalanır. Rusiyanın himayəsində olan KTMT-dən çıxacağını bəyan bəyan edir, faktiki olaraq qurumdakı fəaliyyətini dondurur. O cümlədən, İran-Ermənistan sərhədindən, Zvarnots hava limanından rus sərhədçilərini çıxarır. Ancaq bunların fonunda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi rekord həcmədək yüksəlir, iqtisadi sferada münasibətlər dərinləşir. Ermənistan Rusiyanın sanksiyalardan yayınmasına yardım edən əsas ölkələrdən biridir". 
Analitik vurğulayıb ki, tərəflər arasında münasibətlərə baxdıqda, ziddiyyətlərlə yanaşı, müəyyən dinamikanın olduğunu da görürük:
 "Xüsusən, Paşinyanın may ayında Moskvaya səfəri, paradda iştirakı, ardınca XİN başçısı Sergey Lavrovun və V.Matviyenkonun İrəvana səfərləri, orada səslənən bəyanatlar göstərir ki, tərəflər arasında bir çox ziddiyyətlərə baxmayaraq, dialoq davam etməkdədir. Paşinyan ABŞ-də administrasiya dəyişikliyindən və Avropa İttifaqının diqqətinin daha çox  öz təhlükəsizliyinə, Ukrayna məsələsinə qarışdığından müəyyən qədər Rusiya ilə balanslı siyasət aparmağa çalışır. Paşinyan mətbuat konfransında buna işarə də verdi. Rusiya media məkanında Ermənistana qarşı aparılan təbliğat, xüsusən hakimiyyət komandasına, Paşinyanın şəxsinə yönəlik bəyanatlar, tənqidlə Ermənistanda da ciddi narahatlığa səbəb olur. Tərəflərin maraqlarının toqquşduğu əsas məsələdən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan dəhlizdə nəzarətin Rusiyaya verilməsinin əleyhinədir. Ona görə də müxtəlif bəhanələrlə bu məsələni uzadır. Hazırda daha çox ehtimal olunan və müzakirə edilən variant ABŞ-nin hansısa şirkətini yola nəzarət mexanizmini həyata keçirməsi ilə bağlıdır. Yəni Rusiya ilə Ermənistan arasında müzakirə olunacaq xeyli məsələ var".