Hasan Oktay: "Trampın atəşkəsi kapitulyasiya yox, strateji pragmatizmdir" - TƏHLİL

"Bu vəziyyət, “regional sülhün” hələ çox həssas olduğunu ortaya qoyur"

"İran bütün sülh maddələrini bir kənara qoyub yalnız İsraildəki Netanyahunun hökumətinin dəyişməsinə fokuslanmalıdır. Əgər bu olmazsa, digər maddələr üzrə israri sülhün davamlı təməldə qurulmasına mane olur”

Yaxın Şərqdə gərginliyin diplomatik mərhələyə keçməsi fonunda diqqətçəkən və ziddiyyətli açıqlamalar səslənməkdədir. İran hakimiyyətinin yüksək səviyyəli nümayəndələri Tehranın irəli sürdüyü şərtlər qəbul olunmadan ABŞ ilə hər hansı razılaşmanın mümkün olmayacağını vurğulayır.

İran parlamentinin birinci müavini Əli Nikzad bildirib ki, ölkənin ali rəhbəri Müctəba Xamenei Vaşinqtonun “on şərt”i qəbul etmədiyi halda İslamabadda planlaşdırılan müqaviləyə icazə verməyəcək. Paralel olaraq, ABŞ Prezidenti Donald Trampın iki həftəlik atəşkəs təşəbbüsü və Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçilik səyləri regionda diplomatik aktivliyi artırıb.

Bu proseslərin fonunda Trampın İranla iki həftəlik atəşkəsə razılaşması müxtəlif reaksiyalar doğurub. Helsinki Universitetinin professoru Tuomas Malinen bu addımı ABŞ üçün faktiki kapitulyasiya kimi qiymətləndirərək, “demək olar ki, tam kapitulyasiyadır” ifadəsini işlədib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ABŞ və İran arasında atəşkəsi alqışladığını açıqlayıb. Ardınca isə İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ-la münaqişədə qələbə qazandıqlarını bəyan edib. Beləliklə, tərəflərin açıqlamaları diplomatik prosesin yalnız gərginliyi azaltmaq deyil, həm də siyasi mövqelərin nümayişinə çevrildiyini göstərir.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, 2026-ci ilin aprel ayı etibarilə Yaxın Şərqdə baş verən bu diplomatik hərəkətlilik, fevral ayında başlayan ümumi müharibədən sonra ən kritik dönüş nöqtəsi hesab olunur:

“Donald Trumpın iki həftəlik atəşkəs elan etməsi və tərəflərin İslamabadda masaya oturacaq olması həm hərbi, həm də siyasi baxımdan çox qatlı nəticələr doğurur. Əli Xamneinin vəfatının qırxı çıxanda isə sülh prosesi işə düşdü”.

Trampın atəşkəsi ABŞ üçün zəifləmə göstəricisi ola bilərmi?

“Helsinki Universitetindən Tuomas Malinen kimi ekspertlərin bu addımı “faktiki kapitulyasiya” kimi qiymətləndirməsinin əsasında, ABŞ-nin əvvəlcə İranın nüvə obyektlərini və infrastrukturunu tamamilə məhv etmə hədədi ilə yola çıxması dayanır. Tramp ABŞ-nin hədəflərinə çatdığını və İranın “hərbi tavana” vurulduğunu iddia etsə də, İranın Hörmüz Boğazını bağlaması və regional müttəfiqləri vasitəsilə apardığı yorğunluq savaşı qlobal iqtisadiyyata (xüsusilə neft qiymətlərinə) ciddi təsir göstərib. İki həftəlik atəşkəs isə İrana nəfəs alma və müdafiəsini möhkəmləndirmə imkanı verir, buna görə geri addım kimi qiymətləndirilə bilər. Lakin Tramp administrasiyası üçün bu, həm də “müharibəni bitirən lider” imicini gücləndirmək və iqtisadi xaosu dayandırmaq məqsədilə atılmış strateji bir pragmatizm kimi də şərh oluna bilər” -deyə H. Oktay bildirib.

İranın “on şərti” və regional güc balansı

Ekspert əlavə edib ki, İranın masaya sürdüyü on şərt (təminat ödənməsi, hücumların təkrar edilməyəcəyi barədə zəmanət, Hörmüz Boğazı üzərində tam suverenlik və s.) bölgədə status-kvonu Tehran xeyrinə köklü şəkildə dəyişdirməyi hədəfləyir:

 “Əgər İranın gəmilərə keçid haqqı və nəzarət imkanı tanınarsa, bu, beynəlxalq dəniz hüququnun (UNCLOS) pozulması mənasına gəlir və İrana qlobal ticarət üzərində böyük bir təzyiq gücü verir. Şərtlər arasında “bütün cəbhələrdə (Livan da daxil olmaqla) atəşkəs” tələbi, İranın bölgədəki nümayəndə qüvvələrini (Hizbullah və s.) qorumağa aldığını və nüfuz dairəsini rəsmi olaraq genişləndirdiyini göstərir. Bu, İsrailin təhlükəsizlik doktrini üçün uzunmüddətli təhdid yaradır. İran bütün sülh maddələrini bir kənara qoyub yalnız İsraildəki Netanyahunun hökumətinin dəyişməsinə fokuslanmalıdır. Əgər bu olmazsa, digər maddələr üzrə israri sülhün davamlı təməldə qurulmasına mane olur”.

Şahbaz Şərif və Pakistanın vasitəçiliyi və dönüş nöqtəsi

Analitikin sözlərinə görə Pakistan Baş naziri Şahbaz Şərifin yürüdüyü diplomatiya, Pakistanın ənənəvi “tarazlıq siyasətini” aşaraq onu qlobal bir oyunçuya çevirir:

“Pakistanın həm İranla qonşu olması, həm də ABŞ və Çin ilə xüsusi əlaqələri onu ideal vasitəçi edir. “İslamabad Görüşləri”nin (10 aprel 2026) uğurlu olması, bölgədə çözüm mərkəzinin Cenevrə və ya Dohadan İslamabada keçməsi deməkdir. Şərifin təşəbbüsü, tərəflərin birbaşa təmas olmadan (dolaylı danışıqlarla) razılığa gələ biləcəyi bir model təqdim edir. Əgər bu proses geniş bir anlaşmaya (“İslamabad Sazişi”) çevrilərsə, Pakistan regional sabitliyin açarı kimi təsdiqlənəcək. Pakistanın bu prosesdə rolu, eyni zamanda İranın nüvə potensialının Pakistan tərəfindən mühafizəsi kimi bir həllin tapılmasına imkan verə bilər. Digər tərəfdən İsrail Baş naziri Netanyahunun ofisi atəşkəsi dəstəklədiyini açıqlasa da, əməliyyatların Livan cəbhəsində davam edəcəyini bildirərək diplomatik prosesin sərhədlərini göstərir. Bu vəziyyət, “regional sülhün” hələ çox həssas olduğunu ortaya qoyur. İran bu müharibənin sona çatmasını istəyirsə, İsrail hökumətinin devrilməsini təmin etməklə böyük uğur əldə etmiş olar”.