Türk əsgəri zəlzələdən zərər çəkənlərə qapılarını açıb - FOTOLAR

Türkiyənin Elazığ şəhərində 8-ci korpus komandanlığı General Salih Omurtak adına hərbi kazarmada zəlzələdən xilas olanlar üçün bir bina və idman zalı ayrılıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, episentri Sivrice mahalı olan 6.8 bal gücündəki zəlzələdən zərər çəkənlərin yaralarına məlhəm olmaq üçün türk əsgərindən dəstək gəlib. General Saleh Omurtak adına hərbi kazarmada 172 nəfərlik bina və idman zalı zəlzələdən zərər çəkənlərin istifadəsinə verilib.

Türkiyə Respublikasının Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yönləndirilən və bu günə qədər 100 nəfərin xidmətlərindən yararlandığı kazarmada zəlzələdən zərər çəkənlərə isti və təmiz şəraitdə gündə üç dəfə isti yemək verilir, 24 saat isti su və idman zalı ilə təmin olunurlar.

Vətəndaşların rahat şəraitdə vaxt keçirmələri üçün hər cür imkanların yaradıldığı kazarmada səhhətində problem olanlar ən yaxın tibb müəssisəsinə çatdırılırlar.