Atatürkün əsası açıq hərraca çıxarılıb - FOTOLAR

İran şahı tərəfindən hədiyyə edilən əsa 92 santimetr uzunluğundadır

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkə aid olduğu bildirilən miniatür əsa açıq hərraca çıxarılır. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, açıq hərrac təşkil edən firmanın rəhbəri Hüseyin Kocabaş yerli mediaya açıqlamasında bildirib ki, sözügedən əsa 1932-ci ildə İran şahı Rza Pəhləvi tərəfindən Atatürkə hədiyyə edilib.



1932-ci il Türkiyə ilə İran arasında əlaqələrin sıx olduğu dönəmdir. İran şahı tərəfindən hədiyyə edilən əsa 92 santimetr uzunluğundadır. Üzərində oyma sənətiylə miniatürlər işlənib. Atatürkün təsviri ilə yanaşı Şah Rza Pəhləvinin, fars tarixinin əfsanəvi qəhrəmanları – Cəmşid, Keykavus, Bəhmənin də təsvirləri vardır. Əsa əl sənətinin nadir nümunələrindən hesab edilir. H.Kocabaş deyib ki, əsanın satılmasında əldə ediləcək gəlir Türk Təhsil Vəqfinə bağışlanacaq. Açıq hərrac avqustun 15-də keçiriləcək. Hərracda Osmanlı xanədanı kolleksiyasına aid bir sıra başqa əşyalar da satışa çıxarılacaq. Bunlar II Sultan Əbdülhəmidin məqami-hümayun süməni, xrustal qədəhlər, çini yemək boşqabları, II Əbdülhəmid adının baş hərflərinin həkk edildiyi qab, yenə də sultana aid qəhvə servisidir. Bundan başqa gümüş əşyalar da hərracda olacaq. Hərracda Osmanlı sultanları və tanınmış şəxslərə aid bir sıra digər qiymətli əşyalar da sərgilənəcək.