Bilik günü müəllimə “göbək rəqsi” oynadı

Məktəbin bütün kollektivi sorğu-sual olunacaq


Rusiyada 1 sentyabr – Bilik Günü qalmaqalla yadda qalıb. İlk dərs gününü təntənəli şəkildə qeyd edən orta məktəblərdən birində müəllimə şagirdlərin qarşısına rəqqasə geyimində çıxıb və “göbək rəqsi” oynayıb. “Milliyet.com” xəbər verir ki, bu mənzərə qarşısında şagirdlərin, necə deyərlər, “ağzı açıq qalıb”, valideynlərsə çılğına dönüb. Məlumdur ki, ilk dərs gününü təntənəli şəkildə qeyd etmək sovetlərdən qalma bir adətdir. Əslinə baxsaq, hər yerdə ilk dərs günü – Bilik günü xüsusi qeyd edilir. Məktəb rəhbərliyi təbrik nitqi söyləyir, şagirdlər şeir deyir, musiqi səslənir, mahnı oxuyan da olur. Amma göbək rəqsi, etiraf edək ki, ilk dəfədir baş verir.

Həm də Rusiyada.  Rusiya rəsmiləri belə bir halın xüsusən, məktəbə ilk dəfə ayaq basan 6-7 yaşlı uşaqlar önündə baş verməsini nə tədrisə, nə də təlim-tərbiyəyə uyğun gəlmədiyi fikrindədir: “Uşaqlar qarşısında belə bir performans qəbuledilməzdir. Məktəbin bütün kollektivi sorğu-sual olunacaq”.  “Göbək rəqsi”nə qapı açan orta məktəb barəsində isə artıq araşdırma başladılıb. Məktəbin ciddi şəkildə təftiş ediləcəyi bildirilib. Valideynlər əsəbi halda bu tamaşanı qınayıb. Bir valideyn “biz təhsilə buna görəmi pul ödəyirik?!”, digəri isə “bu, striptiz klubunun tamaşasına bənzəyirdi”, deyərək olayı qınayıblar. Moskva şəhər Analar Şurasının sədri Tatyana Butskaya da baş vermiş hadisəni bu şəkildə qınayıb: “Uşaqlar heç bir şey anlamadı. Böyüklər, həqiqətən utanmalıdır”.