Elon Maska Türkiyədən rəqib çıxdı

1989-cu ilin avtomobilini sürücüsüz taksi halına gətirdilər

Ötən gün dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST çərçivəsində təşkil edilən "Robotaksi"-Sərnişin Avtomobil Yarışması Bilişim Vadisində başlayıb. Yarışa Bülent Ecevit Universitetindən qatılan Karaelmas komandası digər komandalardan xüsusilə fərqlənib. Belə ki, onlar  1989-cu il Serçe model avtomobilinin bütün vasitələrini zibilliklərdən yığaraq, onu sürücüsüz idarə edilən müasir avtomobil halına gətiriblər. Bununla da, onlar  sürücüsüz nəqliyyat vasitələri ilə tez-tez gündəmdə olan Elon Maska rəqib olublar.  Karaelmas komandası "Sparrow" model avtomobilini 8 ay ərzində ərsəyə gətirdiklərini vurğulayıblar. Komanda kapitanı Berat Cansız açıqlamasında bildirib ki, komandasıyla birlikdə 1989-cu ilin klassik avtomobilini 2021-ci ildə sürücüsüz idarə edilən müasir avtomobil halına gətiriblər. 

O qeyd edib ki, avtomobili hazırlamaq onlar üçün təxminən 15 min TL-yə başa gəlib: "Bu avtomobil bütün robotaksi tapşırığını yerinə yetirir. Komandamız 3 ildir ki, bu tipli yarışmalara qatılır. Son 2 ildə yarışmalarda finala gələ bildik. Keçən il Türkiyədə isə üçüncü olmuşduq. Yenə ilk 3-lükdə yer almağı hədəfləyirik. Daha əvvəl internetdə bir sıra yarışlarda 1989-cu ilin dəyişdirilmiş avtomobilini görmüşdük. Özümüzə "Niyə biz də bu yarışlarda iştirak etməyək?" deyə soruşduq və bununla da yarışmalara qatılmaq qərarına gəldik. Yarışmanın adı "Robotaksi" olduğu üçün onun dizaynını da bu konsepsiyaya uyğunlaşdırdıq. Zibillikdən tapdığımız tünd mavi rəngli vasitəni  3 min TL-yə aldıq. Sonra sənayedə onun üzərində bir sıra dəyişikliklər etdik. Vasitəni "Robotaksi"yə uyğun etmək üçün sarı rəngə boyadıq. Bundan sonra nəqliyyat vasitəmizə elektron sistemi quraşdırdıq. Öz dizaynımıza malik elektron kartımız da var.

 Tamamilə orijinal bir şəkildə onu yenilədik. Həmçinin, proqramçı dostlarımız maşının üzərində bəzi testlər və araşdırmalar apardı və maşına öz yeni proqramlarını yüklədi. Yəni bunların hamısı tamamilə orijinal bir şəkildə edilib. 1989-cu il modelinin tamamilə sürücüsüz gedə biləcəyinə əminik. Çünki biz bu vasitə üzərində aylardı işləyirik.  Nəqliyyat vasitəsindəki bütün mühərrikləri və transmissiyanı tamamilə sökdük. Çünki bu, elektrik proyekti olacaqdı. Avtomobildə daxili yanma mühərrikindən istifadə etməyəcəyimiz üçün onun ağırlıq çəkməsini istəmədik, ona görə də bütün sistemləri tamamilə sökdük. Vasitədəki hazır sükan qutusuna isə bir elektrik mühərriki bağladıq. Bunu müəyyən mərhələlərdə ölçərək elektron fırlanma mexanizmi yaratdıq, sonra arxa tərəfində 13 düymlük təkərlərimizin içini oyduq və orada elektrik qovşağı mühərriklərini qaynaqladıq. Bunun çevrilməsi, qaynaqlanması və sınaqdan keçirilməsi təxminən 3 həftə çəkdi. Bununla da bir komanda olaraq, 1989-cu ilin klassik avtomobilinin 2021-ci ildə böyük səylə avtonom və sürücüsüz idarə olunmasını təmin etdik".

 Qeyd edək ki, müsabiqədə qalib gələn komandaya  75 min TL pul mükafatı veriləcək.

Aynurə Pənahqızı