Boşanmaq üçün bütün kəndin razılığı lazımdır


Qəbilənin astronomiya bilikləri elm adamlarını heyrətləndirir

Dünyada çoxlu tayfalar var. Bizə primitiv görünən bu qəbilələr arasında Doqon qəbiləsi digərlərindən çox fərqli xüsusiyyətlərə malikdir. Afrikanın Mali şəhərində yaşayan Doqon qəbiləsinin ilk diqqət çəkən xüsusiyyəti onun çoxlu əhaliyə sahib olmasıdır. Qəbilə təxminən 600 min nəfərdən ibarətdir. Qəbilə öz dilində, doqon dilində danışır və başqa dillərlə heç bir əlaqəsi yoxdur. Qəbilənin maska rəqsləri, memarlığı və taxta heykəlləri  olduqca böyük diqqət çəkir. Maskalar hər yerdə nümayiş etdirilmir, yalnız insanlar bunu öz evlərində və məbədlərində özəl olaraq nümayiş etdirə bilər. 

Doqon qəbiləsində evliliklər ümumiyyətlə monoqamdır. Ancaq nadir hallarda çoxlu arvadlılığa rast gəlmək mümkündür. Kişilərin evlənəcəyi qadını onların ailələri seçir və mütləq şəkildə onların dedikləri qadınla evlənməlidirlər. Evlənəcəyi qadınlar həmişə yalnız öz tayfalarından olmalıdır. Düzdür, bəzi hallar istisnadır. Çünki bəzilərində başqa qəbilədən evlənməyə icazə verilir. Ancaq bəzi peşə sahiblərinin evlənməsi qəti qadağandır. Burada maraqlı adətlərdən biri də odur ki, qadınlar ilk övladlarını dünyaya gətirmədən həyat yoldaşlarından boşana bilərlər, amma bu, qəbilədə elə də xoş qarşılanmır. Bu səbəbdən boşanmalar nadir hallarda olur. Doqon qəbiləsində boşanma çox ağrılıdır və bütün kəndliləri narahat edir. Boşanmanın nə vaxt olacağına isə hər kəs qərar verir və bu evlilikdə hər kəs öz sözünü deyir. Xüsusilə cütlüyün uşaqları varsa, boşanma qərarı üçün bütün kəndin razılığı lazımdır. Boşanma çoxarvadlı evliliklərdə daha az rast gəlinir. Əgər boşanma olarsa, qadınlar yalnız ən kiçik uşağını götürərək evdən çıxa bilərlər. Digər uşaqlar isə atalarının yanında qalmalıdır. Kişilər birdən çox qadınla evlənərsə, həmin arvadlar ayrı evlərdə yaşayır. Birinci arvad həmişə ailələr və cəmiyyət tərəfindən daha çox dəyərləndirilir və hörmət qazanır. Qəbilənin maraqlı xüsusiyyətlərindən biri də odur ki, qadınların ilk övladları dünyaya gəlməmişdən əvvəl valideynlərinin evində qalmalıdırlar. İlk uşaqdan sonra cütlüklər ayrı bir evə çıxa bilərlər. Doqon tayfasının ən əhəmiyyətli xüsusiyyəti eramızdan əvvəl 3200 -cü ilə aid astronomiya məlumatlarına sahib olmalarıdır. Dünyadan çox təcrid olunmuş yaşama tərzlərinə baxmayaraq, onlar astronomiya bilikləri ilə hər kəsi heyrətləndirirlər. Dünyanın hər yerindən görünən və göyün ən parlaq ulduzu olan Sirius ulduzu əksər cəmiyyətlərdə müqəddəs sayılır. Onlar Göbeklitəpənin Siriusa ibadət etmək üçün inşa edildiyini deyirlər. Doqon qəbiləsi texnologiyadan və lazımlı məlumat mənbələrindən çox uzaqda yaşasa da, bilikləri və dedikləri ilə elm adamlarını heyrətləndirirlər. Onlar var olmalarının Sirius və Günəşin evliliyinin nəticəsi olduğuna inanırlar, onlar elm adamlarının hələ də bilmədiyi bir çox göy hadisələri haqqında məlumatlıdırlar. Saturnun halqalarının, Yupiterin peyklərinin və Siriusun çoxlu ulduz sistemindən ibarət olduğunu bilirlər. Doqon qəbiləsi bu inanılmaz astronomiya biliklərini ifadə etmək üçün simvollardan istifadə edirlər. Həm suda, həm də quruda yaşaya bilən canlılar olan Nommos simvolları qəbilədə istifadə olunur. Nommos kosmosdan gələn və Doqon tayfasına bildikləri hər şeyi öyrədən dünyanın yaradıcıları kimi təsvir olunur. Doqon xalqı Sirius sistemində üçüncü bir ulduzun olduğunu düşünür. Deyirlər ki, bu ulduz Sirius B -dən 4 dəfə yüngüldür. Qeyd edək ki, bu ulduz astronomlar tərəfindən 1995-ci ildə kəşf edilib. Onların bu məlumatı necə əldə etmələri ilə bağlı da dərin araşdırmalar aparılır. Qeyd edək ki, Doqon xalqı illər ərzində mədəniyyətini qoruyub saxlaya bilən azsaylı Afrika tayfalarından biridir.
Aynurə Pənahqızı