Səbəb işdir

Bu ölkədə evli cütlüklər ayrı-ayrı yataqlarda yatır

Şərqi Asiyanın özünəməxsus mədəniyyət və adət-ənənlərinə sahib ölkəsi Yaponiyada evli cütlüklər fərqli yaşam tərzi sürür. Yapon cütlüklər ayrı-ayrı yataqlarda yatmağa üstünlük verir. Amma nədən? “Şərq” “Milliyyet.com”a istinadən bildirir ki, bunun başlıca səbəbi Yaponiyadakı iş saatıdır. 

Yaponiya iş saatı uzundur. Ölkə sakinlərini orda-burda - harda gəldi yuxuya dalmış görə bilərsiniz. Hətta bəzi iş yerlərində məxsusi yuxu otaqları var. Yuxusu gələn bu otaqlara çəkilib yata bilər. Evli cütlüklərdən hər ikisi  əgər işləyirsə, iş və istirahət saatları müxtəlif ola bilər. Biri işdən qayıdanda, digəri işə gedə bilər. Yapon cütlüklərin ayrı-ayrı yataqlarda yatmaq qərarı vermələrinin əsas səbəbi də budur. Evə gec qayıdan, ya da səhər erkən saatlarda işə getməli olan həyat yoldaşlarına rahatsızlıq vermək istəmirlər. Eyni otaqda və eyni yataqda yatarlarsa, bu, ikisindən birinin rahat uyumasına mane ola bilər. 

Ayrı-ayrı otaqlarda və yataqlarda yatdıqda isə rahat uyuyur və günə daha gümrah başlayırlar. İkinci səbəb isə yapon adətinə görə, uşaqların müəyyən bir yaş dövrünə qədər analarının yanında yatmalarının vacibliyi düşüncəsidir. Elm adamları uşağın anasının yanında yatmasının ona daha üstün özünə inam qazanmasına və bu səbəbdən də sərbəst həyata daha sürətlə atılmasını, təhsildə də uğur qazanmasını təmin etdiyini təsdiqləyir. 

Bu səbəbdən də yapon atalar övladları analara “təslim edir”, özləri isə ayrı otaqda yatırlar. Adətən cütlüklər ayrı-ayrılıqda yatmağın ailə həyatında problemlər yaratdığını iddia edir, yaponlarsa bu fikri qətiyyən qəbul etmir. Digər səbəb yaponların yüz illərdir məişətlərində dəyişmədikləri “futon” adlı bir nəfərlik və yerdə salınan yataqlara bağlılıqlarıdır.  

Bu gün də yaponların böyük əksəriyyəti məhz bu yataqlara üstünlük verir. Hətta yaponlar olduqca kiçik evlərdə yaşamalarına rəğmən ayrı-ayrı yataqlarda yatmaq adətindən vaz keçmirlər. Araşdırmalara görə, yapon cütlüklərin yalnız 29.2 faizi eyni yatağı paylaşır. Bir başqa araşdırmaya görəsə yapon cütlüklər bir-birini çox nadir hallarda öpür. Anket sorğusuna qatılan evli yaponların 65.6 faizi həyat yoldaşını öpmədiyini bildirir. Fəqət bunun xoşbəxtliklərinə mane olmadığını da vurğulayırlar. Yeri gəlmişkən, 1800-cü ilədək Avropada da evli cütlüklər ayrı-ayrı yataqlarda yatırmış. 

Araşdırmalar göstərir ki, eyni yataqda yatan cütlüklər arasında ən xırda məsələlər üstündə dalaşırlar. Bu da onu göstərir ki, sağlam ailəyə sahib olmaq rahat yuxudan keçir.