Saatlarla saçlarını yuyurlar

Bu kənddə qarşılaşdığın hər kəslə mütləq salamlaşmalısan

Qızıl Yao qadınları saçlarını məhz düyü həlimi ilə yuyur

Dünyanın fərqli məkanlarında çox maraqlı adət-ənənələriylə seçilən müxtəlif etnik qruplar yaşayır. Onlardan biri və bəlkə də ən maraqlısı Çinin cənubunda yaşayan Qızıl Yao etnik qrupudur. “Şərq” xarici mediaya istinadən Qızıl Yao etnosu barədə məlumat verir. Qızıl Yao etnik qrupuna daxil olanlar ağır həyat tərzləri ilə diqqət çəkir. Etnosun yaşadığı kəndə səyahət etmək uzun illər, hətta bir əsr boyunca mümkünsüz olub. 

 Bu kənd düyü plantasiyalarının arasında yerləşir. Çin hökuməti nəhayət 2002-ci ildə bölgədə “turizm islahatları” proqramının icrasına başladı. Və Qızıl Yao xalqının məskunlaşdığı Huangluo kəndi də bundan sonra tanınmağa və məşhurlaşmağa başladı. Kəndə turistlər də yol aldı. Çin hökuməti kəndə turistlərin rahat səyahəti üçün hər cür imkanlar yaradıb artıq. Kəndə səyahət edənləri heyrətləndirən mənzərələrdən biri də kənd qadınlarının çay kənarında saçlarını yuması ritualıdır. Niyə ritual? Çünki kənd qadınlarının saçları çox, yəni, lap çox  uzundur. Buna görə də saçların yuyulması çətin bir işdir və saatlarla vaxt aparır.  Qadınların saçlarının uzunluğu orta ölçüylə 1,7 metr – 2 metrə yaxındır. Bu saçları yumaq əlbəttə çox çətin və üzücü bir işdir. Amma kənd qadınları bəlli günlərdə dəstə-dəstə çay kənarına toplaşır və saçların yuyulması prosesi başlayır. Huangluo kəndi düyü tarlaları və əsrarəngiz təbiəti ilə də məşhurlaşıb. Qızıl Yao etnik qrupunun insanları həm də uzunömürlüdür. Qidalanmada daha çox meyvə və tərəvəzə üstünlük verir, sağlam həyat tərzi keçirirlər. Kənd əhalisinin 100 ildən çox ömür sürdüyü məlumdur. Uzunömürlülüyün bir səbəbinin də içməli suyun təmiz olması göstərilir. Bu kənddə qarşılaşdığın hər kəslə mütləq salamlaşmalısan. Söhbət edərkən kobud söz işlətməməli, yanlarında əyləşərkən oturuş tərzinə diqqət etməlisiniz. Eyni sayğılı davranış yemək zamanı da mütləqdir. Süfrə başında kim daha yaşlıdırsa, yeməyə birinci o əl uzatmalıdır. Yeməklər də birinci yaşlı insan tərəfə qoyulur. Kəndin kişi və qadınları digər kəndlərin əhalisi ilə qohum olmur. Yalnız kənd camaatı bir-biriylə evlənir. Kişilər evləndikdən sonra qadının evində yaşayır. Valideynlər övladlarının evlilik qərarına müdaxilə etmirlər. Qadınların evli, yoxsa subay olduğu isə saç stilindən bilinir. 

Subay xanımlar bir baş örtüsündən istifadə edir, evli xanımlar isə saçlarını ön tərəfdən yumurlayıb qısqac ilə sıxır. 1980-ci ilədək əgər bir kişi subay gənc qızın saçını görərdisə, o qızın ailəsində 3 il müddətinə xidmət etməliydi. Amma bu adətə artıq  riayət edilmir. Kəndə turistlər ayaq açandan  bir sıra adətlər qüvvədən düşüb. Məsələn, qadınlar saçların  yuyulma prosesini öyrənmək istəyənlərə təlim edir. Qəsəbə sakinləri mahnı oxuyur, rəqs edirlər. 

Mahnı oxunması və rəqslər qarşılığında xarici izləyicilərdən pul alınır. Bu vəsait isə kəndin ehtiyacları üçün sərf olunur. Qadınlar da turistlərə düyü həlimi satır. Saçlarının Qızıl Yao qadınlarınınkı kimi uzun və parlaq olmasını istəyənlərə. Qızıl Yao qadınları saçlarını məhz düyü həlimi ilə yuyur. Hansı yaşda olursa-olsunlar, qara və parlaq qalan saçlarını heç vaxt kəsdirmirlər.