Şahzadə Diananın bədən dili…

Bu gün də dünyanın diqqət mərkəzindədir 

  Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu, şahzadə Çarlzın keçmiş həyat yoldaşı şahzadə Diana ölümündən 25 il keçməsinə baxmayaraq bu gün də diqqətləri üzərinə çəkə bilir.

 Şahzadə Diananın vəfatının 25-ci ildönümünə yeni sənədli film hazırlanıb. Filmin çəkilişləri zamanı şahzadə xanımla bağlı yeni detallar üzə çıxıb. Sənədli filmdə şahzadə Diananın bədən dilindən çox məharətlə istifadə edə bildiyi görünür. 

Bu barədə “Milliyet.com” məlumat verib. Bildirilir ki, sağ olsaydı, bu gün 61 yaşını qeyd edəcək şahzadə Diana hər zaman fərqliliklər yarada bilib. Ətrafdakılardan seçilməyi bacarıb. Lakin bu fərqlilik malik olduğu yüksək statusa görə deyil, Diananın daxilindəki sadəlik, təvazökarlıq, səmimiyyət, mehribanlıq və cəsarətlə ölçülür.  

Şahzadə HİV, AİDS, cüzam xəstəlikləri barədə  dünyaya səs salan qadındı. Şahzadənin kasıb, aclıqla mücadilə edən ölkələrə səfərləri, afrikalı uşaqlarla səmimi görüşləri dünya əhalisinin ona rəğbətini hər keçən gün artırırdı. Ölümündən bir neçə ay əvvəlsə şahzadə Diana Afrika ölkəsi Anqolaya səfər edib, minalanmış ərazidə qorxmadan addımlamışdı və bununla dünyaya “müharibələrə yox!” mesajını vermişdi. Bu səfər 1997-ci ildə olub. Əyninə qoruyucu jilet geyinmiş şahzadənin minalanmış ərazidə çəkinmədən addımlaması fotokameraların yaddışına yazılıb. Bədən dili mütəxəssisi Judi James şahzadənin minalanmış ərazidə addımlayarkən üz cizgilərini, hərəkətlərini incələyib bu qənaətə gəlib ki, şahzadə sərbəst addımlarıyla ətrafındakılara heç nədən çəkinmədiyini sübut edib. Şahzadənin bu davranışı böyük təsir gücü yaradıb.   

Mütəxəssis “bu, şahzadənin sözsüz açıqlaması idi. Hər hansı açıqlamaya, bəyanata ehtiyac qalmadan sadə, lakin güclü təsirə malik davranış idi. Bu həm də qarşıdakı illərdə kral ailəsində yaşanacaq köklü dəyişikliklərə işarə idi. Şahzadənin minalanmış ərazidə çəkinmədən addımlaması minalarla mübarizədə dönüş nöqtəsi oldu”, deyib.  

Bu səfərdən sonra 4 may Minalarla Mübarizə Günü kimi qeyd edilməyə başlandı. Diananın oğlu şahzadə Harri də anasının yoluyla gedib. Şahzadə 2019-cu ildə - anasından 22 il sonra eyni əraziyə səfər edib, anasının şərəfinə adlandırılmış “Diana ağacı”nın altında dayanıb, “Şahzadə Diana” küçəsiylə addımlayıb.

 Şahzadə Harri “əgər anam illər öncə bura gəlməsəydi, bura hələ də minalanmış bir ərazi olacaqdı” , söyləyib.