Anormal istilər davam edir! Günvurmadan necə qorunaq? – İZAH 

Havaların birdən-birə kəskin dəyişməsi, anormal istilərin düşməsi insanları çaş-baş salıb. Qan təzyiqinin artmasından, baş ağrılarından, ürək tutmalarından, ümumi zəiflikdən şikayətlənənlərin sayı çoxalıb. Təbiət insanla sanki oyun oynayır. Dəyişkən hava şəraiti xüsusən meteohəssas insanlarda narahatlıq hissi yaradır. İnsanlar hətta küçəyə də çıxmağa ehtiyat edirlər. 

İstidən düzgün qorunma qaydalarını izah edənTibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında ilk olaraq birbaşa günəş şüaları altında uzun müddət qalmamağı tövsiyə edib. Professor bildirib ki, açıq havada çox qalmaq yayda ən çox rastlaşdığımız günvurmaya gətirib çıxara bilər:

“Anomal hava şəraiti dövründə sakinlər mümkün qədər kondisionerdən istifadə etməli, sərin yerdə istirahət etməlidirlər. Gündüz saat 12:00 və 17:00 arası günəş şüalarının altında dayanmamaq lazımdır. Mümkün qədər günvurma, istivurma hallarından qorunmaq lazımdır. Belə istilərdə orqanizm uzun müddət daxili temperaturunu bərpa edə bilmir. Qan laxtalanır, həddindən artıq buxarlanma baş verir, həyat üçün çətin situasiya yaranır.
Günvuran şəxsi dərhal həmin zonadan uzaqlaşdırmaq lazımdır. Sərin, havalı, günəş şüasının düşmədiyi bir yerə aparılmalıdır. Artıq bundan sonra temperaturun aşağı düşməsi üçün başa yaş dəsmal qoyulmalı, xəstəyə su verilməli, müəyyən tədbirlər görülməlidir. İlkin yardımı göstərdikdən sonra həkim çağırmağınız məsləhətdir”.

Həkimin sözlərinə görə, istiliyin orqanizmdə müəyyən həddən artıq olması bioloji və biokimyəvi prosesləri pozur:

“Zülalların mübadiləsi, qanın qatılaşması baş verir. Nəticədə toxumalar nəfəs ala bilmir və ölümə gətirib çıxarır. Ona görə də günvurma və istivurma hallarına ciddi yanaşmaq lazımdır. Belə narahatlıq hiss olunduqda ətrafdakı insanlar dərhal kömək etməlidir”.