Beyni cavan saxlamağın üsulları 

İsveç alimləri beynin yaşlanmasını yavaşlatmağın yollarını açıqlayıb. Mütəxəssislərin fikrincə, bu prosesə həyat tərzi təsir edir və gündəlik həyat tərzindəki kiçik dəyişikliklər beyin sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər.
Höteborq Universitetinin sağlamlıq psixologiyası professoru Maqnus Lindvall söyləyib ki, yaşlandıqca davranışlar beyinə daha çox təsir göstərir. 
"Sherg.az" "Sabah.com"a istinadən bildirir ki, ümumi olaraq beyin üçün faydalı olan üç növ stimullaşdırma var: fiziki stimullaşdırma, idrak stimullaşdırması və sosial stimullaşdırma. 
Yaşlanma prosesini yavaşlatmaq üçün ilk addım daha çox hərəkət etməkdir. Bundan əlavə, yaxşı və sağlam yuxu beynin ömrünü uzatmaq üçün vacibdir. 
Düzgün qida seçimi eyni zamanda sinir hüceyrələrinin işinə və beynin yeni hüceyrələr yaratmaq qabiliyyətinə müsbət təsir göstərir. 
Alimlər bağırsağın mikroflorasına yaxşı qulluq etməyin vacib olduğunu qeyd edir. Psixoloji sağlamlıq üçün vacib olan serotonin hormonunun 90 faizi bu orqanda istehsal edilir, onun yalnız 10%-i beyində istehsal olunur. Daha çox lifli və çeşidli qidalardan istifadə etmək məsləhətdir.
Yaxşı psixoloji əhval-ruhiyə beyin sağlamlığına müsbət təsir göstərir. Söhbət insanın yaxınları ilə münasibətdən, insanın aktiv həyat fəaliyyətindən, həyatda yaşamağın məna və məqsədindən gedir.