Enerji içkiləri zərərlidir!- “Tərkibindəki öyrəşdirici maddələr asılılıq yaradır” 

Azərbaycanda enerji içkiləri satan şirkətlərə qanunvericilik hallarını pozduğu ortaya çıxıb. Nəticədə haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə enerji içkiləri bazarında aparılan araşdırmalar zamanı 4 sahibkar barəsində iş qaldırılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Dövlət Xidməti tərəfindən “A+CO” ASC, “Berg Energy” MMC, “NPG Azərbaycan” MMC və “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlər qaldırılıb.

Qeyd edilib ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında söyləyib ki, birlik olaraq uzun illərdir enerji içkilərinin mövcudluğuna dair qəti mübarizə aparırlar:

“Enerji içkiləri barəsində dəfələrlə ciddi mübahisələrimiz yaranıb. Bəziləri sübut etməyə çalışıblar ki, bu içkilər bir sıra ölkədə istifadə olunur və zərərli deyil. Hər kəs bilir ki, silah insan öldürmək üçündür və onlar da satılır. Kapitalizm qanunlarında insan sağlamlığına doğru yönəlmiş çağırışların çoxusu saxta və yalançıdır. Azərbaycanda da enerji içkilərinə müəyyən tələblər var. Dünyadan gələn reklamlar belə içkilərin sayını artırdı. Təbii ki, bu da insan sağlamlığına təhdiddir. Hətta ölkəmizdəki yerli istehsalçılar da enerji içkisini istehsal edirlər. Bu məhsul istehsalçıları özləri etiketdə yazırlar ki, uşaqlara, hamilə qadınlara və zəif şəxslərə zərərlidir. Hər kəs bilir ki, zəiflərə ziyan vuran içki güclüyə də xeyir etməz. Təəssüf ki, dünya bazarına inteqrasiya etmiş Azərbaycan bazarında enerji içkilərinə böyük tələbat yaranıb. Belə məhsulların tərkibində olan öyrəşdirici maddələr insanlarda asılılıq yaradır”.

E.Hüseynov vurğulayıb ki, AİİB bir il yarım öncə Vergilər Nazirliyinə enerji eçkilərinin gömrük rüsumlarının qaldırılmasına dair müraciət edib:

“İstəyimizə də nail olduq. Çalışırıq ki, bu içkilərə əlçatanlıq azalsın. Çox yaxşı haldır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkilərinin tərkibindəki öyrəşdirici maddələrin azaldılması üçün standartlar hazırladı və bunun tətbiqini yerinə yetirdi.

Hazırda ölkəmizə gətirilən və yerli istehsal edilən enerji içkilərinin tərkibindəki öyrəşdirici maddələrin miqdarı Avropa və digər ölkələrdəkindən xeyli aşağıdır.

Bu, çox yaxşı haldır. Lakin enerji içkiləri hər zaman zərərlidir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məhsul adının enerji içkisi qoyulub, lakin tərkibinin heç də enerji içkisinə uyğun olmadığı üçün müəyyən cərimələr tətbiq edib.

Arzu edərdim ki, enerji içkisi adı ilə məhsul alınsın, ancaq tərkibində təhlükəli maddələr olmasın. Enerji içkisi istehsalçıları vətəndaşları aldadan jestlər edirlər.

Ona görə də müvafiq dövlət orqanları onlarla iş aparır. AİİB tərəfdarıdır ki, idman yarışlarının sponsorluğunu enerji işçiləri şirkəti etməsinlər. Düşünürəm ki, mütləq “Reklam haqqında” qanuna dəyişiklik aparmaq lazımdır. Amma beləi içkilərinin qarşısını almaq çox çətindir. Müəyyən qüvvələr “Tələb varsa təklif də var” adı ilə təhlükəli məhsulları təbliğ edilər.

Ölkəmizdə bu problemin qarşısını inzibati yolla almaq mümkün olmayacaq. Məhsulun tərkibinin dəyişdirilib zərərsizləşdirilməsi ilə bağlı işlər görülsə, bəlkə, insanları təhlükədən qorumaq mümkün oldu”.