"Peyvənd olunduqdan sonra özümü daha da gümrah hiss edirəm" - Partiya sədri

"Əgər biz düzgün maarifləndirmə sayəsində əhalinin heç olmasa, 70-80 faizinin bu prosesə cəlb olunmasına nail ola bilsək, sağlam həyata dönüş şansımız artacaq"

“Koronavirusla mübarizə yenidən ölkələr üçün birinci dərəcəli prioritet məsələyə çevrilib. Britaniya ştammının ardınca, “Delta” ştammının da ölkəmizdə yayılmağa başlaması göstərir ki, kütləvi peyvəndlənmə həqiqətən də ən səmərəli, ən optimal yoldur”. 

Bu barədə “Sherg.az”a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, kütləvi peyvəndlənmənin hələ ki, başqa bir alternativi, daha effektiv mübarizə üsulu yoxdur: 

“Ona görə də kütləvi peyvəndlənməyə hər kəsin ciddi yanaşması zəruridir. İndi hər kəsə məsləhətimiz yalnız ondan ibarətdir ki, ilk növbədə, peyvəndlənmə prosesinə qoşulsunlar. Eyni zamanda, peyvənd olunduqdan sonra belə arxayınlığa yol vermədən, əvvəlki qaydada qorunma tədbirlərinə, qaydalarına əməl etsinlər. Qaydalara nə qədər ciddi şəkildə əməl etsək, bu ümumbəşəri təhlükədən də bir o qədər tez qurtulacağıq. Normal həyata qayıtmağımız üçün kütləvi immunitetin yaranmasına çalışmalıyıq. Bu, labüd və vacibdir. Kütləvi immunitetin qısa müddətdə formalaşması yalnız kütləvi peyvəndlənmə prosesinə qatılmağımızla mümkündür. Azərbaycan MDB məkanında peyvəndləməyə ən erkən başlayan ölkələrdən biridir. Kütləvi peyvəndlənməyə 2021-ci il yanvarın 18-dən start verilib. Peyvəndlənmə prosesi təkcə paytaxtın xəstəxana və poliklinikalarında deyil, regionlarda da uğurla həyata keçirilir. Şübhəsiz, bu iş daha sürətlə və kütləvi şəkildə davam etdirilməlidir. Çünki bu proses əhali arasında geniş vüsət aldıqca yoluxma zamanı xəstələnmə halları və əsasən də ağırlaşmalar da az müşahidə ediləcək”. 

Ə.Hüseynov şəxsi təcrübəsinə əsaslanaraq deyib ki, peyvəndin hər iki dozasını vurdurmuş bir şəxs kimi müsbət nəticələrini hiss edib: 

“Peyvənd olunarkən orqanizmimdə heç bir ağırlaşma halları, yan təsirlər baş vermədi. Əksinə, məhz peyvənd olunduqdan sonra özümü daha da gümrah hiss edirəm. Orqanizmimin gücləndiyini görürəm. Oxşar fikirləri bir sıra dostlarımdan, yaxınlarımdan da eşitmişəm. Odur ki, əminliklə tövsiyyə edirəm ki, hamı peyvənd olunsun. Bundan yayınmağa çalışan və yaxud çəkinən, tərəddüd edən, fobiyası olan insanlarımız da çoxdur. Belələri arasında mütəmadi söhbətlər aparılmalı, peyvəndlənmənin real üstünlükləri onlara səmimi şəkildə izah olunmalıdır. Əgər biz düzgün maarifləndirmə sayəsində əhalinin heç olmasa, 70-80 faizinin bu prosesə cəlb olunmasına nail ola bilsək, sağlam həyata dönüş şansımız artacaq. “Sputnik V”-yə güvənsiz yanaşan hər bir vətəndaş çox rahatlıqla “Sinovac”ı seçə bilər. Hər ikisinə şübhəsi olan şəxs “AstraZeneca” vurdura bilər”.