Üçüncü dozaya niyə ehtiyac var?- Həkimdən izah

Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib ki, hazırda Azərbaycanın kifayət qədər vaksin ehtiyatı var. Onun sözlərinə görə, bununla bağlı hər hansı bir problem yoxdur: “Vaksin ehtiyatımız ilin sonuna kimi kifayət edəcək. Əgər ölkədə 3-cü doza tətbiq olunarsa, növbəti il üçün vaksinlərin alınması barədə danışıqlar aparılacaq”.

Azərbaycan Demokrat Partiyasının sədr müavini, həkim Həsrət Rüstəmov üçüncü doza ilə bağlı “Sherg.az”a danışdı:

“Bu, çox əhəmiyyətlidir. İkinci dozanın üzərindən 6 ay keçdikdən sonra immunitet hüceyrələri azalır. Beləliklə, üçüncü dozaya ehtiyac olur. Artıq Qərb ölkələrində, o cümlədən Türkiyədə sözügedən təcrübə tətbiq olunur”.

H. Rüstəmov, həmçinin peyvənd əleyhinə qara piara toxundu:

“Başa düşürəm, həmişə vaksinlə bağlı müxtəlif şübhələr, iddialar olur. Amma  insanların bu qədər həvəslə koronavirus əleyhinə niyə təbliğat apardıqlarını anlaya bilmirəm. Vaksinə qarşıı kampaniya insanlıq əleyhinə təbliğatdır. Fikrimcə, peyvəndlənmə sürətləndikcə və üçüncü doza vurulduqca vəziyyət düzələcək”.