Pandemiyanın ən çətin dövrü başlayır


İnsanları maska taxmağa məcbur etmək lazımdır, heç kəs öz xoşuna etməyəcək

Toylara icazənin verilməsi və məktəblərin açılması yoluxmanın sürətlə artmasına səbəb olub

"Son günlər ölkəmizdə yoluxma sayı sürətlə artır". 
Bu fikirləri "Şərq"ə açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib. Onun sözlərinə görə, əslində bu artım dinamikası payız mövsümündə  gözlənilən idi: "Amma burda mütləq şəkildə müəyyən profilaktika qaydalarına əməl etmək lazımdır

Qeyd edim ki, son vaxtlar əhali arasında arxayınlıq yaranıb. Virusun uzun müddətdir olması da  insanlar üçün adiləşib. Müşahidələrimə əsasən deyə bilərəm ki, insanlar maskalardan düzgün istifadə etmirlər, hətta qapalı yerlərdə maska düzgün taxılmır və ya ümumiyyətlə, taxılmır. Buna görə də hesab edirəm ki, dövlət tərəfindən mütləq bunlara yenidən nəzarət olunmalıdır. İnsanların maskadan istifadə etməli olduqlarını bir daha yada salınmalıdır. Hələ pandemiya bitməyib və buna görə də maskadan istifadə mütləqdir". 

İnfeksionist qeyd edib ki, toylara icazənin verilməsi də yoluxmanın sürətlə artmasına səbəb olub: 

"Çünki  toylarda nə maskadan istifadə etmək, nə də ki, sosial məsafə saxlamaq mümkündür. Bir də toylarda insanlar biri-birləri ilə çox yaxın məsafədən söhbət edirlər. Görüşmə və öpüşmələr də toylarda koronavirusun yayılması üçün çox münbit şərait yaradır. Bütün bunların hamısı bir yerdə yoluxma sayının sürətlə artmasına gətirir. Məktəblərin açılması da fikrimcə, bir qədər tələsik qərar oldu. Çünki diqqət yetirsək görərik ki, məktəblər açılandan sonra virus sürətlə artdı. Nəticədə həm koronavirus, həm də digər kəskin respirator infeksiyalar artmağa başladı. Bu da sonda məktəblərin bir çoxunun karantinə bağlanmasına gətirib çıxardı. Hesab edirəm ki, bunların qarşısını almaq üçün toylarda daha az adam iştirak etməli, insanlar ailəvi şəkildə oturmalıdır. Bundan əlavə, kimin kovid pasportu yoxdursa və xəstəlik keçirməyibsə, həmin şəxslər toylara getməsin. Əgər kimsə özünü xəstə hesab edirsə (bu ən vacibi və effektlisidir), toylara getməsin və digər şənliklərdə iştirak eləməsinlər. Hesab edirəm ki, insanlar arasında yenidən ciddi maarifləndirmə işləri aparılmalıdır, insanları maska taxmağa məcbur etmək lazımdır. Yoxsa heç kəs öz xoşuna maska taxmır. Çünki hər adamın bir cür xarakteri var. Biri inanır, biri inanmır. Ona görə də mütləq nəzarət hər zaman olmalıdır".