Xəstələnənlər də çoxdur, sağalanlar da


Dünya üzrə peyvəndləmə kampaniyası sürətləndiyindən xüsusi şprislərə tələbat artıb

Koronavirusla bağlı yeni xəbərlər heç də ümidverici deyil. COVİD-19-un mənbəyi – Çindən gələn məlumat budur ki, ölkənin şimal-şərqindəki Heykeyntzsyan əyalətində, Rusiya ilə sərhəddə yerləşən Heihe şəhərinin hökuməti koronavirus infeksiyasının kəskin yayılması fonunda, epidemioloji mənbənin axtarışında və epidemioloji istintaqda kömək edənlərə 100.000 yuan (26,6 min manat) mükafat vəd edir. 

Şəhər rəhbərliyi vətəndaşın sərhədi qanunsuz keçmə, qaçaqmalçılıq, qanunsuz ov və sərhədyanı balıq ovu halları ilə bağlı hər hansı məlumat olduqda dərhal polisə məlumat verməyə çağırır. 2021-ci il oktyabrın 1-dən internet vasitəsilə idxal mallarını, xüsusən də dondurulmuş qidaları almış şəxslər dərhal qablaşdırmanı və malları özləri dezinfeksiya etməli, sonra onları yerli xəstəliklərə qarşı mübarizə və profilaktika mərkəzinə göndərməlidirlər. Şəhərdə karantin oktyabrın 28-dən qüvvədədir: ailədən yalnız bir nəfər iki gündə bir dəfə evdən çıxa bilər, müəssisələr ciddi buraxılış rejimi ilə işləyir, ictimai nəqliyyat və taksilər işləmir, şəhərə giriş və çıxış bağlanıb, istisnalar yalnız xüsusi hallardır. Deməli, Çic qaydaları getdikcə sərtləşdirir. Bu isə koronavirusun hələ uzun müddət dünyanı təsir altında saxlayacağına işarə ola bilər. 

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıqla çıxış edib. Xəbərdarlıq 2022-ci ildə peyvənd üçün nəzərdə tutulan 1 milyarddan çox xüsusi şprisin çatışmazlığı ilə bağlıdır. ÜST-nin dərman və tibbi məhsullara çıxış bölməsinin baş məsləhətçisi Lisa Hedman Cenevrədə keçirdiyi brifinqdə “bu çatışmazlıq dünyada peyvəndləmə prosesinin ləngiməsinə səbəb ola bilər”, söyləyib. 

“Biz peyvənd üçün real şpris çatışmazlığı ilə üzləşə biləcəyimizdən narahatlığımızı bildiririk. Dünyada sənaye müəssisələri hər il peyvəndlər üçün təxminən 6 milyard şpris istehsal etmək iqtidarında olduğuna görə, bu çatışmazlıq özünü göstərə bilər",  Hedman bildirib.
ÜST rəsmisi xatırladıb ki, 2021-ci ildə COVID-19-a qarşı 6,8 milyarddan çox peyvənd edilib ki, bu da digər xəstəliklər üçün adi peyvəndlərin sayından demək olar ki, iki dəfə çoxdur. Belə ki, koronavirusa qarşı peyvənd üçün istifadə olunan xüsusi şprislər digər xəstəliklərə qarşı peyvəndlə müqayisədə iki dəfə çox lazımdır.

"Çatışmazlıq şprislərin təkrar istifadəsinə gətirib çıxara bilər ki, bu da çox təhlükəli təcrübədir", deyə baş məsləhətçi əlavə edib.

ÜST-nin xəbərdarlığını “Şərq”ə şərh edən Azərbaycan Dövlət Tibb Univeristetinin professoru Adil Qeybulla problemin gözlənilən olduğunu bildirdi:

- Yadınızdadırsa, pandemiyanın ilk vaxtlarında “Flexan” preparatı çatışmazlığı yarandı. Xəstəliklərin kəskin yayıldığı dönəmlərdə, pandemiyalar zamanı nəyinsə çatışmazlığı gözlənilən haldır. Tələbat nəyədirsə, onun da çatışmazlığı yaranır. İstehsal, istər tibbi olsun, istərsə məişət və digər məhsullar, avadanlıqlar, tələbata uyğun aparılır. Amma fövqəladə hallarda tələblə-təklif arasındakı balans pozulur. Koronavirus pandemiyası da belədir. Hazırda dünya üzrə peyvəndləmə kampaniyası sürətləndiyindən xüsusi şprislərə tələbat artıb. İstehsal isə yaranmış kəskin tələbatı ödəyə bilmir. Xəstələnənlər də çoxdur, sağalanlar da. Peyvənd prosesi də aparılır. Peyvənd olunanların sayı artmalıdır ki, xəstələnənlərin sayı getdikcə azalsın və  kollektiv immunitet formalaşsın. Pandemiyanın bitməsi kollektiv immunitetin nə qədər tez formalaşacağından asılıdır. Şprislərlə bağlı yaranan problem, hesab edirəm ki, yaxın zamanda çözüləcək. Bir yolunu mütləq tapacaqlar. İstehsalı artırmağa çalışacaqlar.

A.Qeybulla hazırda istifadə olunan vaksinlərin getdikcə təsirini itirməsi və yeni vaksinlərin yaranması ehtimalından da danışdı:

- Virusun mutasiya forması artdıqca, virus yeni xassələr qazanır. Ona görə də vaksinlərin yeni formalarının hazırlanması zərurəti yaranır. Virus şəklini, formasını dəyişirsə, əlbəttə, əvvəlki şəkli zərərsizləşdirmək üçün yaradılmış vaksinlər təsirsiz ola bilər. Vaksinlərin yeni formalarının yaranacağı, bu baxımdan gözləniləndir. Virus dəyişirsə, vaksinlərə də “əl gəzdiriləcək”.